Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının b...
12:23 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Məktəblərdə aqressiyanın artması və gənclər arasında şiddətə meyilliliyin yayılması müasir dövrün ən ağrılı və düşündürücü məsələlərindən birinə çevrilib artıq. Təhsil müəssisələri tarixən biliyin, mədəniyyətin və mənəviyyatın aşılandığı müqəddəs bir ocaq hesab olunsa da, bu gün biz bu məkanların bəzən idarəolunmaz qəzəbin, nifrətin və amansız davranışların poliqonuna çevrildiyinin şahidi oluruq. Şagirdlərin daxili dünyasında fırtınalar qoparan, onları cinayət həddinə çatdıran bu aqressiya bir gündə yaranmır, əlbəttə ki. Bu ailədəki soyuqluqdan, rəqəmsal dünyanın təqdim etdiyi virtual qəddarlıqdan və ən əsası, cəmiyyətin insani dəyərlərə qarşı laqeydliyindən bəhrələnən uzunmüddətli bir prosesin partlayışıdır. Müəlliminə qarşı silah qaldıran və ya sinif yoldaşına fiziki işgəncə verməkdən çəkinməyən yeniyetmə, əslində, bizə cəmiyyətdəki böyük bir boşluğun siqnalını verir. Bu boşluq ki sevgi, anlayış və düzgün tərbiyə modelinin itməsidir. Şiddət bu uşaqlar üçün bir ünsiyyət vasitəsinə, özünü təsdiq formasına çevrilibsə, deməli, biz onların ruhuna toxuna biləcək mənəvi körpüləri çoxdan dağıtmışıq. Məktəblərdəki divarlar arasında gizlənən qəzəb artıq gizli qalmır, o, birbaşa həyata və insana qəsd edən real təhlükəyə çevrilir.
Bu ilin fevral ayında Bakının mərkəzində yerləşən, nüfuzlu təhsil ocaqlarından sayılan liseylərin birində baş verən hadisə şagird aqressiyasının hansı dəhşətli həddə çatdığını bütün çılpaqlığı ilə ortaya qoydu. Təhsil sisteminin və ailə institutunun birgə məğlubiyyəti sayılır bu. Məhz həmin hadisə sübut edir ki, şagirdin qəlbindəki qisas hissi və ya idarəolunmaz emosiyalar onu ən yaxınındakı insana, ona elm öyrədən şəxsə qarşı qatilə çevirə bilər. Yeniyetmənin silahla bu dərəcədə asanlıqla təmasda olması və ondan bir problemi həll etmək üçün vasitə kimi istifadə etməsi düşüncə tərzinin necə zədələndiyindən xəbər verir.
Eyni zamanda məktəb mühitində şahid olduğumuz digər bir qəddarlıq nümunəsi də yaxın zamanlarda şagirdin öz sinif yoldaşının üzünə spirt tökərək onu kibritlə yandırmasıdır. Həmyaşıd zorakılığının ən qorxunc formasıdır bu. Məncə, bu cür hallar münaqişə çərçivəsindən çıxaraq qarşı tərəfin ağrısından həzz almağa yönəlmiş qəddar bir yanaşmaya çevrilir.
Bu cür hadisələr göstərir ki, bəzi məktəblilər üçün insan həyatı və sağlamlığı artıq heç bir müqəddəslik daşımır. Onlar internet oyunlarında və ya filmlərdə gördükləri şiddət səhnələrini real həyatda tətbiq edərək həmyaşıdlarını qurban seçirlər. Empatiya hissinin, yəni başqasının ağrısını hiss etmək bacarığının bu dərəcədə yox olması, gələcək nəslin psixoloji sağlamlığı üçün ciddi xəbərdarlıqdır.
Bütün bu baş verənlərin kökündə bir çox faktorlar dayanır. İlk növbədə, ailədaxili münasibətlərin korlanması və valideynlərin övladlarının emosional ehtiyaclarına kor qalması şagirdi yalnızlığa və aqressiyaya itələyir. İnternet məkanında nəzarətsiz qalan uşaqlar orada şiddəti güc, qəddarlığı isə qəhrəmanlıq kimi qəbul edirlər. Məktəblərdəki psixoloji xidmətin zəifliyi, müəllimlərlə şagirdlər arasında mənəvi bağın qırılması da bu qəzəb ocağını alovlandırır. Biz artıq təhsili yalnız rəqəmlər və imtahan nəticələri üzərində yox, şagirdin daxili hüzuru və insani dəyərləri üzərində qurmağa məcburuq. Əks halda, sinif otaqları bilik öyrənilən yer əvəzinə hər an partlamağa hazır olan gərginlik mərkəzinə çevriləcək. Bu hadisələr kollektiv məsuliyyətsizliyin acı meyvələridir və hər birimiz bu gəncləri şiddətin pəncəsindən qurtarmaq üçün nəsə etməli olduğumuzu anlamalıyıq.
Elnurə CƏFƏROVA
Digər xəbərlər