NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Allahverdi Bağırovun ruhu Ağdamın yenidən qurulan küçələrində yaşayır

...

Bu gün Azərbaycanın hərb və idman tarixinə adını qızıl hərflərlə yazdırmış, xalqımızın qürur mənbəyi olan Milli Qəhrəman Allahverdi Bağırovun anadan olmasının 80-ci ildönümüdür.

Ağdamın tozlu küçələrində futbol topunun ardınca qaçan o gənc oğlanın içində bir gün bütöv bir xalqın taleyini çiyinlərində daşıyacaq bir nəhəngin gizləndiyini, bəlkə də, çoxları bilmirdi. O, yaşıl meydanların mahir oyunçusu, “Qarabağ”ın kapitanı və baş məşqçisi olarkən hər kəsə komanda ruhunu, sona qədər mübarizə aparmağı öyrədirdi. Lakin tale elə gətirdi ki, o, taktiki gedişlərini stadion əvəzinə, doğma yurdun səngərlərində, düşmənin qarşısında qurmalı oldu.

Xocalı fəryadı göyləri bürüyəndə Allahverdi Bağırov ölümü gözə alaraq düşmənlə üz-üzə gəlməkdən çəkinmədən insanlıq naminə böyük bir missiyanı öz üzərinə götürdü. Üç gün ərzində minlərlə canın əsarət zəncirini qıran o əllər, əslində, tarixin gedişatını dəyişirdi. O təkcə insanları yox, millətin sınmış qürurunu, itmiş ümidlərini də xilas edirdi. Meyitlərin neytral zonadan toplanması, şəhidlərimizin son mənzilə ləyaqətlə uğurlanması üçün göstərdiyi o fövqəlbəşər iradə onu bu gün əfsanəyə çevirib.

Müharibənin ən ağır anlarında, Ağdamın müdafiəsi üçün ilk özünümüdafiə dəstələrini quranda onun ətrafına toplanan gənclər üçün Allahverdi, sadəcə, komandir deyil, həm də bir ata, bir arxa idi. Onun rəhbərlik etdiyi tabor Naxçıvanik kəndində düşmənə elə bir dərs verdi ki, bu zəfər illərlə dildən-dilə gəzdi. Lakin o məşum iyun günü, Naxçıvanikdən geri dönərkən Vətən torpağına qarışan qanı ilə o, əbədiyyətə möhürünü vurdu. Minaya düşən maşın dayansa da, onun başlatdığı mübarizə yolu heç vaxt dayanmadı.

Bu gün 80 illik yubileyində Allahverdi Bağırovun ruhu Ağdamın yenidən qurulan küçələrində, “Qarabağ”ın beynəlxalq arenalardakı hər qolunda yaşayır. O, ölümündən sonra layiq görüldüyü “Milli Qəhrəman” adını və “Qızıl Ulduz”u hələ sağlığında xalqın sevgisi ilə qazanmışdı.

Onun ömür yolu bir dərsliyə sığmayacaq qədər dərin, bir yazıya sığmayacaq qədər uzundur. O, Ağdamın qeyrəti, “Qarabağ”ın sönməyən məşəli, Azərbaycanın heç vaxt əyilməyən dik başıdır. İndi onun ruhu sakitdir, çünki canını qurban verdiyi o torpaqlar indi azaddır, nəfəs alır və öz qəhrəmanını böyük bir ehtiramla yad edir.

Ruhun şad olsun, böyük komandir! Sənin 80 illik ömrün, əslində, əbədiyyətin özüdür.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 22.04.2026 11:55