Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
"Bu gün Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nı təsdiq edən Sərəncam imzalayıb. Sərəncamda su resurslarının daha səmərəli idarə olunmasının təmin edilməsi, içməli su təminatının yaxşılaşdırılması və bu istiqamətdə icra olunacaq tədbirlərin koordinasiyasının gücləndirilməsi nəzərdə tutulur. Su resurslarından səmərəli istifadə əsas prioritet olaraq kənd təsərrüfatı üçün suvarma sistemlərinin, içməli su infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi baxımından vacibdir. Kənd təsərrüfatının inkişafı Naxçıvanda iqtisadi məsələ ilə yanaşı, həm də sosial və strateji prioritetdir. Naxçıvan hazırda blokada vəziyyətində olduğu üçün yerli istehsalın təmin olunması xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, muxtar respublikada əhalinin əsas hissəsi kənd yerlərində yaşayır və aqrar sahədə çalışır. Suvarma sistemlərinin inkişafı taxılçılıq, üzümçülük, meyvəçilik, bağçılıq, istixana təsərrüfatları və heyvandarlıq üçün əlverişli şərait yaradacaq. Kənd təsərrüfatının gücləndirilməsi daxili tələbatın yerli məhsullar hesabına ödənilməsini təmin edəcək, yeni iş yerlərinin yaradılmasına təkan verəcək. Kənd təsərrüfatının xammal bazası emal sənayesinin inkişafını təmin etməklə süd, ət, meyvə-tərəvəz məhsullarının emalı əlavə dəyər yaradacaq və ixrac potensialını artıracaq. Ailə təsərrüfatlarının gəlirinin artması sosial rifahın yüksəlməsinə və regional balansın qorunmasına xidmət edəcək.
Naxçıvanın davamlı su təminatı sahəsində qarşıda duran problemlərin həlli istiqamətində uzunmüddətli və konkret addımlar atmağa yönəldilən bu Sərəncam regionun sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət daşıyır".
Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova deyib.
O qeyd edib ki, qlobal istiləşmə, temperaturun yüksəlməsi və su ehtiyatlarının azalması kənd təsərrüfatı və əhalinin içməli su təminatı baxımından ciddi çağırışlar yaradır. Bu baxımdan, hidrotexniki qurğuların yenidən qurulması, suvarma və içməli su təchizatı infrastrukturunun təkmilləşdirilməsi, itkilərin azaldılması regionun sosial-iqtisadi sabitliyinə birbaşa təsir göstərən amillərdəndir. Tədbirlər Planında nəzərdə tutulan layihələr Naxçıvanda kənd təsərrüfatının dayanıqlığının gücləndirilməsinə, aqrar sahədə məhsuldarlığın artmasına və fermer təsərrüfatlarının iqtisadi imkanlarının genişlənməsinə real zəmin yaradır.
Mehriban İmanova vurğulayıb ki, su ehtiyatlarının səmərəli idarə olunması təkcə texniki məsələ deyil, insanın həyat keyfiyyətinə birbaşa təsir edən amildir. Tədbirlər Planı məhz bu balansı qurmağa xidmət edir.
Bölgələrdə yaşayan təsərrüfat sahiblərinin əsas gözləntiləri bunlardır:
suvarma suyunun vaxtında və kifayət qədər verilməsi;
su itkilərinin azaldılması, köhnə kanalların yenilənməsi;
müasir suvarma texnologiyalarının (damcı, yağmurlama) tətbiqi;
quraqlıq dövrlərində kənd təsərrüfatının qorunması;
su təminatında ədalətli bölgü və fasiləsiz xidmət.
Ekspertin sözlərinə görə, Sərəncamın mühüm cəhətlərindən biri su ehtiyatlarının idarə olunmasında müasir və innovativ yanaşmaların tətbiqinin prioritet kimi müəyyənləşdirilməsidir. Damcı suvarma, yağışyağdırma və digər mütərəqqi suvarma metodlarının təşviqi resurslardan səmərəli istifadəyə, torpaqların deqradasiyasının qarşısının alınmasına və su itkilərinin minimuma endirilməsinə imkan verəcək. Bu həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də aqrar istehsalda xərclərin optimallaşdırılmasına xidmət edir.
Təsdiq edilmiş Tədbirlər Planı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə məntiqi uyğunluq təşkil edir. Bu, dövlət siyasətində ardıcıllığın və sistemli yanaşmanın göstəricisidir. Su ehtiyatlarının səmərəli idarə olunması regionun uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
"Hesab edirəm ki, bu Sərəncamın icrası Naxçıvanda su təhlükəsizliyinin möhkəmləndirilməsinə, əhalinin içməli su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatında məhsuldarlığın artmasına və ümumilikdə, regionun sosial rifahının yüksəlməsinə mühüm töhfə verəcək. Qlobal çağırışlar fonunda atılan bu addım Naxçıvanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edən strateji qərar kimi dəyərləndirilməlidir", – deyə Mehriban İmanova əlavə edib.
Digər xəbərlər