“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi Qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Xocalı soyqırımının dünyada tanıdılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində həm dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən istər respublika daxilində, istərsə də respublikamızdan kənarda çoxlu iş görülüb. Bundan əlavə, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, kitablar buraxılıb, sərgilər təşkil olunub.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 illə yaxın əsarətdən xilas etdi. Bu savaş ilk gündən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin rəşadətinin, xalqımızın mübarizliyinin, milli həmrəyliyinin təcəssümünə çevrildi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. 44 gün davam edən müharibə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi və bu savaşda öz təsdiqini tapdı. Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 yanvar tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamında qeyd olunduğu kimi: “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı... 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir... Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
Erməni faşizminə tarixdə ən böyük zərbə olan 44 günlük Vətən müharibəsi və qazandığımız tarixi qələbə ilə Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı. Bu gün qalib, müzəffər xalqın nümayəndələri olaraq işğaldan azad olunan bütün torpaqlarımızda müstəqilliyimizin rəmzi sayılan üçrəngli Dövlət Bayrağımız dalğalanır, soydaşlarımız öz doğma evlərinə qayıdır, tariximiz, mədəniyyətimiz, milli- mənəvi dəyərlərimiz bərpa olunur.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər