NAXÇIVAN :

13 May 2026, Çərşənbə

Şuşanın təhsil mərkəzi şöhrəti özünə qayıdır

...

Şuşaya təkcə sakinləri yox, elm və təhsil də qayıtdı

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin qarşısında dayanmışam. Tənəffüsdür. Uşaqlar gülüb oynayır həyətdə. Biri həyəcanla buraxılış imtahanında neçə bal topladığından bəhs edir, digəri əlifba bayramında hansı şeiri söyləyəcəyindən. Məktəbə daxil oluram. Gülərüz bir xanım qarşılayır məni. Tanış gəlir siması. Bəli, bu odur. Azərbaycanın qəhrəman oğullarından biri olan mərhum Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova. Söhbətə başlayırıq, gözləri yol çəkir onun, sanki həmin günə-beş yaşında soyuq qış günü yaşadığı o çətin ana qayıdır: 

“1991-ci ilin soyuq 11 dekabr günü atam – Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlov öz iş otağında bir gün sonra həyata keçiriləcək Daşaltı əməliyyatı üçün son hazırlıqlar barədə öz könüllü döyüşçü yoldaşları ilə müzakirə aparan zaman otağa daxil olan şəxs tərəfindən güllələnib. Bu qətl planlı olub, çünki onun ətrafına toplanan könüllü döyüşçülər Şuşanın içimizdəki xainlər tərəfindən satılmasına imkan vermirdi. Atam özü də Şuşanın müdafiəsində əlində silah iştirak edir, mərkəzdən kömək istəyirdi. Lakin heç kimdən kömək gəlmir, əksinə, Şuşanı müdafiə edənlər tələyə çəkilib, öldürülürdü. Beş yaşım var idi həmin il, atam xain gülləsinə tuş gələndən sonra biz anamla birlikdə Şuşanı tərk etməyə məcbur qaldıq. Həmin gün Şuşadan atamın nəşini və xatirələrimizi götürüb Ağdama getdik. Atamı orada torpağa tapşırıb Bakıya yollandıq. Zaman bizi digər uşaqlardan tez böyütdü. Qəlbimizdə həm atamızın, həm də Şuşamızın həsrətini daşıyaraq keçdi illər. Böyüdük, təhsil aldım, Bakı şəhərində müəllim kimi fəaliyyətə başladım, sonra imtahan verib Qəbələ şəhərində yerləşən Şuşa məktəbinə direktor olaraq təyinat aldım. Şuşaya köçdüyümüz gün öncə Cıdır düzünə getdim, çünki atam oranı çox sevirdi. Öz ürəyimdə ruhun şad olsun, ata. Bu gün artıq Şuşa azaddır. Qeyrətli Vətən oğullarının Müzəffər Sərkərdənin sayəsində biz öz evimizə dönmüşük. Sənin canından çox sevdiyin Şuşa özümüzə qayıtdı, – dedim”. 
Səbinə müəllimə əlavə edir ki, bu təhsil ocağı 7 noyabr 2023-cü ildə dövlət başçısının iştirakı ilə açılıb. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb. Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 nömrəli tam orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə qayıdan şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edir. Üç ildir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olmağın şərəfini yaşadığını deyən müsahibim bildirir ki, bu məktəbdə işləmək, hər gün azad Şuşada dərsə tələsən uşaqların sevincinə şahid olmaqdan gözəl heç nə ola bilməz.
Səbinə müəllim ilə məktəbin uğurlarından söhbət edə-edə sinif otaqlarını gəzirik. Məktəbin müəllimi İlham Salmanovla tanış oluruq. Şuşanın müdafiəçilərindən biri, 31 ildir, pedaqoji fəaliyyətlə məşğul olan İlham müəllim həmin günləri yada salır: “Universiteti bitirəndən sonra azad təyinat alıb Şuşaya qayıdanda artıq torpağımıza qarşı təcavüzlər başlamışdı. İllərdir, təknəmizdən çörək yeyib, özünə ev-eşik quran ermənilər bizə silahlı hücumlar edirdi. 25 min nəfərin yaşadığı Şuşa rayonu 1992-ci ilin may ayına kimi özünümüdafiə batalyonunun könüllüləri, polislər tərəfindən qorundu, lakin içimizdəki xainlər Vətən üçün can verməyə hazır olan onlarla oğulu arxadan vurdu. Şuşa 28 il həsrətdə qaldı. Vətən savaşında ordumuz zəfər qazanıb torpaqları azad etdi. Bu gün Şuşa azaddır, uşaqlarımız öz yurdunda təhsil alır. Bütün bunlara dahi rəhbərin davamçısı Müzəffər Sərkərdənin uzaqgörən siyasəti nəticəsində nail olmuşuq. Arzu edirəm ki, bu nailiyyət davam etsin, biz dövlət başçısı ilə birlikdə sülhə nail olub, Zəngəzurdan keçib Naxçıvana – qədim Oğuz yurduna gələk. Artıq 3 ildir, evdən işə, işdən evə tələsir, Şuşasız keçən illərin əvəzini çıxarırıq. Məktəbin hər bir müəllimi və şagirdi dövlətimizə minnətdarlıq hissi ilə yaşayır”.
Sinif otağında olan şagirdlərə dəyir gözüm. Şuşasız doğulan şuşalılar. Bəli, onlar Şuşanı görmədən sevən şuşalı balalardır. Emil Əliyevin atasının polis zabiti olduğunu öyrənirəm. O, on birinci sinfi bitirir. Artıq buraxılış imtahanını da verib və nəticəsi ilə ailəsini və müəllimlərini sevindirib: “Şuşa haqqında nağıllar, əfsanələr dinləməklə keçib uşaqlığım. Tarix dərsini oxuyanda, işğal günlərini əzbərləyəndə tələsirdim ki, tez böyüyüm Şuşanı azad edim, bu cənnət uğrunda döyüşüm. Mənim qəlbim bu istəklə döyünən günlərdən birində Vətən savaşının başladığını eşitdim. Həmin gün – Şuşanın azad olduğu gün bizim evdəki sevinc səsləri hələ qulağımdadır. Şuşa azad oldu və biz evimizə qayıtdıq. Buraxılış imtahanında 200-dən artıq bal toplamışam, hədəfim maliyyəçi olmaq və təhsilimi bitirib yenidən Şuşaya qayıdaraq burada dövlətimə xidmət etməkdir. Məktəbimizdə bizim öz hədəflərimizə çatmağımız üçün hər bir şərait var. Və biz gənclər valideynlərimizin gəncliyindəki çətinlikləri yaşamadan azad Şuşada təhsil alır, yaşayırıq”.
Bu təhsil ocağında işlə təmin olunub öz yurduna qayıdan Elşən Əliyev vaxtilə burada yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Lakin tale ona təhsilini burada davam etdirməyi qismət etməyib. Mənfur düşmənin hücumları bütün şuşalı gənclər kimi onun da həyatını alt-üst edib: “1992-ci il mayın 8-də atam Əliyev Allahverdi Əsgər oğlu Böyük Kirs dağı uğrunda gedən döyüşlərdə şəhid oldu. Şuşa şəhəri işğal edildikdən sonra biz artıq bütün məcburi köçkünlər kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmağa çalışdıq. Bir neçə ay ailə üzvlərimizlə Füzuli rayonunda, sonra isə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Qağayı” düşərgəsində məskunlaşdıq. 1995-ci ildə universiteti bitirib, Şuşa rayon 11 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 2007-ci ildən 2023-cü ilin noyabr ayının 1-nə dək kimi həmin məktəbdə təşkilatçı müavin kimi fəaliyyətimi davam etdirmişəm. 2020-ci il 44 günlük müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəyə imza atdıqdan sonra artıq mən birmənalı olaraq gələcək fəaliyyətimi doğma Şuşa şəhərimizdə davam etdirməyi qarşıma məqsəd qoydum. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün rayonlarda, xüsusilə Şuşa şəhərində böyük quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksləri və məktəblər tikilir. Doğma yurda qayıdış sevinci mənə də nəsib oldu. 2024-cü il may ayının 10-dan Şuşa şəhərində yaşayıram. Ölkə başçısı cənab İlham Əliyev bütün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə şəxsən xüsusi diqqət ayırır. Bu da insanların rahat və firavan yaşamasına səbəb olur”.
Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri olublar. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbə ilk qədəmlərini atan, buranı bitirən hər bir məktəbli də həmin şanlı keçmişin bu günümüzdəki davamçılarıdır. 

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 12.05.2026 09:58