NAXÇIVAN :

13 May 2026, Çərşənbə

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib

...

SOCAR-ın prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.

Qurumdan verilən məlumata görə, tədbir çərçivəsində Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.

Rövşən Nəcəf Prezident Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birgə Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən uzaqgörən siyasətə uyğun olaraq, “Üstyurt” layihəsinin uğurla həyata keçirildiyi qeyd olunub. Müzakirələr zamanı “Üstyurt” investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərinin icrasına, tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Üçtərəfli görüşlərdən sonra bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.

SOCAR prezidentinin “MOL Group” şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Rövşən Nəcəf tədbir çərçivəsində OGU-2026 sərgisi ilə də tanış olub.

SOCAR sərgidə öz pavilyonu ilə təmsil olunur. Stenddə SOCAR-ın müxtəlif fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən əməliyyatlar, neft və qaz boru kəmərləri sistemi, yaşıl enerji təşəbbüsləri, rəqəmsal həllər və digər strateji layihələri haqqında məlumatlar ziyarətçilərə təqdim edilir.

Qeyd edək ki, SOCAR-ın pavilyonu OGU2026 beynəlxalq sərgisində “Ən Yaxşı Milli Stend Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.

Nəşr edilib : 13.05.2026 19:19