NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Şuşa əsrlərin mədəniyyət xəzinəsi

...

İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şuşa əsrlərin mədəniyyət xəzinəsi” adlı tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan xalqının müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda öz canından, qanından keçən igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad  edilmişdir.

 Tədbiri giriş sözü ilə açan İmran Qasımov adına Naxçıvan Şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy bildirmişdir ki, Şuşa şəhəri  Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.  1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilmişdir. Azərbaycana qarşı başlanan hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirilmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Bədii ədəbiyyatımızda Şuşa zəfəri” mövzusunda çıxış edərək Azərbaycanın incisi sayılan Şuşanı poetik dillə vəsf etmiş, ədəbiyyat tariximizdə  Şuşanın gözəlliyinin, tarixiliyinin poeziyamızda poetik tərənnümündən bəhs etmişdir. Sonra tədbirdə kitabxananın əməkdaşı Fərasət Əsədullasoy Xalq şairi Rəsul Rzanın "Şuşam mənim" adlı şeirini qiraət etmişdir. Uşaq şöbəsinin kitabxanaçısı Səkinə Bayraməliyeva "Şuşa əsrlərin mədəniyyət xəzinəsi" mövzusunda çıxış edib.

Tədbirin sonunda kitabxananın əməkdaşı Azər Hüseynovun ifasında “Şuşanın dağları”, “Mənim Azərbaycanım” mahnıları səsləndirilmişdir.

Nəşr edilib : 06.05.2025 15:59