NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sənət sevgisinin siyasət təcəssümü: Heydər Əliyev və Azərbaycan təsviri incəsənəti

...

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. Bu sözləri Azərbaycan xalqının xilaskarı, uzaqgörən müdrik ideyaları ilə Azərbaycanın hərtərəfli və gələcəyə perspektivlənmiş inkişafı üçün zəmin yaradan Ulu Öndər Heydər Əliyev demişdir. O, mədəniyyəti, incəsənəti xalqın milli sərvəti hesab edirdi.

Dahi şəxsiyyət Heydər Əliyev özü sənətsevər, incəsənət meyilli şəxsiyyət idi. Hələ orta məktəb dövründə teatr səhnəsində də rol almışdır. Eyni zamanda güclü rəssamlıq qabiliyyəti də var idi. O, 1999-cu ildə Naxçıvana səfəri zamanı çıxışında qeyd etmişdi: “Haçadağı, Naxçıvanın başqa yerlərini çəkirdim. Möminə xatun türbəsini bir neçə variantda çəkmişəm. Çox təəssüf edirəm, mən Bakıya, oradan Leninqrada, Moskvaya gedəndən sonra buradakı kitablarım, çəkdiyim şəkillər hamısı dağıldı. Təəssüf edirəm. Akvarellə çəkdiyim çox gözəl şəkillərim vardı”. Bu qabiliyyətin əyani nümunəsi hazırda Naxçıvan şəhərində Heydər Əliyev Muzeyində sərgilənən kiçik bir qız portretidir  – “Zərifənin portreti”.  27 aprel 1942-ci ildə Heydər Əliyev tərəfindən naturadan təsvir edilmiş bu rəsm Naxçıvanda ilk Maarif kommisarı Mirzə Əbdülvahabın qızının portretidir.

Məhz onda olan qabiliyyətə, sənət sevgisinə görə Heydər Əliyev ixtisas olaraq incəsənət sahəsinə gəlmək, hətta memar olmaq istiyirdi. Lakin tale elə gətirdi ki, O, müstəqil, suveren Azərbaycanın memarına çevirildi. Belə bir incəsənət vurğunu, rəssamlıq qabiliyyəti olan insan ölkəyə rəhbərliyinin hər iki dövründə bütün sahələrlə yanaşı, incəsənət sahəsinə də xüsusi qayğı göstərmiş, o cümlədən Azərbaycan təsviri sənətinin inkişafında yeni dövrün əsasını qoymuşdur.

Bütün dövrlərdə xalqın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini bədii ifadə ilə öz əsərlərində yaşadan, onu təbliğ edən, eyni zamanda tədqiq edən və özündən sonrakı nəsillər üçün bir irs kimi saxlayan təsviri incəsənət nümayəndələrinə qayğı ilə yanaşmış, yaradıcılıqları ilə maraqlanmış, hər zaman yüksək qiymətləndirmiş, onların beynəlxalq mühitdə tanınmasına diqqət göstərmişdir.

Ulu Öndərin respublikamızın bütün bölgələrində təşkil olunan rəsm sərgilərində, heykəllərin açılışında, tanınmış rəssamların və heykəltaraşların yubileylərində iştirak etmiş,  Azərbaycan rəssamlarının, incəsənət xadimlərinin yaradıcılığı ilə bağlı peşəkar sənətşünas səviyyəsində çıxış etmiş, sənətə və sənətkar əməyinə böyük qiymət vermişdir. 1960-cı illərin sonu-1980-ci illərin əvvəllərində ölkə ərazisində çoxsaylı abidə və büstlərin ucaldılması milli plastika sənətimiz olan heykəltaraşlığın inkişafına səbəb olmuşdur. Azərbaycan təsviri incəsənətinə iz salmış rəssamlardan Sultan Məhəmməd, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Salam Salamzadə, Tələt Şıxəliyev, Kazım Kazımzadə, Bəhruz Kəngərli, Vəcihə Səmədova və başqa rəssamların adına sərgi salonları, küçələr, parklar, xatirə lövhələri, məzarüstü abidələrinin yaradılması üçün göstəriş vermişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndələri Qəzənfər Xalıqov, Elbəy Rzaquliyev, Elmira Şahtaxtinskaya, Yusif Hüseynov, Baba Əliyev, Hüseyn Əliyev, Vidadi Nərimanbəyov, Salam Salamzadə, Tağı Tağıyev, teatr rəssamı Bədurə Əfqanlı, xalça rəssamı Kamil Əliyev, heykəltaraşlar Tokay Məmmədov, Mirələsgər Mirqasımov və Ömər Eldarov Xalq rəssamı fəxri adına layiq görülmüşlər.

Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin ikinci dövründə milli əsviri sənətin rəngkarı, qrafik və heykəltaraşlarından Məmmədağa Hüseynov, Altay Hacıyev, Fərhad Xəlilov, Ağa Mehdiyev, Cəmil Müfidzadə, Cahangir Rüstəmov, kino, geyim və dekor rəssamları Mais Ağabəyov və Rafiz İsmayılov, plakatçı rəssam Cabbar Qasımov, rəssam və heykəltaraşlar Kamal Ələkbərov, Hüseynqulu Əliyev və Fazil Nəcəfov, heykəltaraş Fuad Salayevin yaradıcılığı yüksək qiymətləndirilmiş, “Xalq rəssamı” fəxri adı verilmişdir.

Bəhruz bəy Kəngərlinin yaradıcılıq irsi Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2002-ci ildə onun ölkə səviyyəsində 110 illiyinin qeyd olunması, Bəhruz Kəngərli Muzeyinin yaradılması və onun 18 iyun tarixdə açılışında rəssam haqqında dəyərli sözlər söyləməsi bunun bariz nümunəsidir. Bu gün Muxtar Respublikada parkın, sərgi salonunun rəssamın adını daşıması onun bədii irsinə olan dövlət qayğısından xəbər verir.  

Naxçıvanlı rəssamlardan Xalq rəssamı Hüseynqulu Əliyevin, Əməkdar rəssam Telman Abdinovun yaradıcılığında da Ulu Öndərin qayğısı olmuş, onlarla görüşmüş, yaradıcılıqlarını yüksək qiymətləndirərək fəxri adlara layıq görmüşdür.

O eyni zamanda təsviri incəsənətin inkişafı üçün əsas olan maddi-texniki bazasının möhkəmlənməsinə diqqət yetirirdi. İncəsənət məktəbləri, ali məktəblər, rəssamlar birliyi yaradılmışdır. Ümummilli Liderimiz Heydər Əliyev 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə tapşırıqlar vermiş, 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı yaradılmışdır. 2000-ci ildən isə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi kimi fəaliyyət göstərir. Neçə illərdir ki, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda müxtəlif qarışıq sərgilər, naxçıvanlı rəssamların, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də dünya rəssamlarının fərdi sərgiləri, müsabiqələr, beynəlxalq festivallar keçirilir.

Ümummilli Lider Heydər Əliyev təsviri sənət ixtisası sahəsində milli kadr potensialının yaranmasına da böyük diqqət göstərmişdir. Milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı sürətlə artmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Sankt-Peterburqun, Moskvanın rəssamlıq, qrafika və heykəltaraşlıq üzrə ali təhsil ocaqlarını bitirdikdən sonra vətənə dönmüş həmin gənclərin çoxu bu gün tanınmış sənətkarlardır və təsviri incəsənət profilli ali təhsil müəssisələrində fəaliyyət göstərirlər. Bütün bunlar respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb olmuşdur.

Təsviri incəsənətimizin inkişafı istiqamətində atılan ən böyük addımlardan biri də Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Rəssamlıq Akademiyasının yaradılması olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə təhsillə elmin inteqrasiyası istiqamətində çox önəmli işlər görülmüşdür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.  Ulu Öndər təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla fərman və sərəncamlar, Dövlət proqramları imzalanmışdır ki, bu da təhsilin inkişafına təsirsiz ötüşməmişdir.

Ulu Öndər Heydər Əliyevin apardığı elm, təhsil və incəsənət siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz elə bu il – 14 fevral 2025-ci il tarixdə ölkə Prezidenti tərəfindən Azərbaycan dəzgah boyakarlığının banisi “Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd edilməsi haqqında” və 22 may 2025- ci il tarixində “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında”, eləcə də bu tarixi mədəniyyət abidəsinin müəllifi orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması” haqqında imzaladığı sərəncamlar sənətə və sənətkara böyük qayğı və diqqətin təcəssümüdür.

                                                                       Həbibə Allahverdiyeva

                  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

                                                        sənətşünaslıq üzrə fəlsəfə doktoru

Nəşr edilib : 02.10.2025 16:46