Azərbaycandan Çinə quş əti məhsullarının ixracı im...
19:14 18.06.2025
0
0
0
NAXÇIVAN :
18 Iyun 2025, Çərşənbə
Necə gözəl sabahlar var idi... yolun üstündə sıra ilə arda-arda düzülən xoşbəxtliklər. O yollardan yıxılaraq, ağlayaraq, gülərək bəzən də səbəbsizcə küsərək böyüyən uşaqlar...
O bənzərsiz gözəlliklər, cənnət qoxulu çiçəklər, ağacların üzərində olan yuvalardan boylanan bala quşlar, neçə təbəssümlər, neçə alqışlar böyütdü bizi...
Günəş yenicə doğardı, biz o çətin: amma xoşbəxtlik saçan yollardan gələcəyə çatmaq üçün adımlayardıq. Niyə isə tez böyümək istəyirdim, yaşımın artmasını, məktəbi bitirməyi, universitetə qəbul olmağı, iş adamı olmağı...
Çox təəssüf ki, heç bilməmişəm belə bir dünyanın olduğunu... uşaqlıq dünyamın üzərində qurdum arzularımı, axı onda biz saf idik. Hər şeyin tam mərkəzində olub öz dünyamızda yaşayan balaca uşaqlar...
Kənd yolları çox keşməkeşli, həyat yolu isə bir o qədər düz və hamar görünürdü. Kəndin dolayı, qarışıq, kol-koslu cığırlarından keçdikcə hər evi arxada qoyardıq, amma o evlər, o qonum-qonşular necə də mehriban və doğma idilər. Heç elə bil yad deyildilər, heç elə bil başqa insanlar da deyildilər, elə özümüzünkülər, öz içimizdən olanlar idi.
Səhər məktəbə tələsərdik, bəzən qaçardıq, bəzən də yorulub daş üstündə oturardıq. Yol boyunca ağaclarda nə meyvə varsa, yığar, yeyər və yoldaşlarımızla paylaşardıq. Bəzən savaşardıq, amma bizim o ağappaq olan ürəyimiz buna dözməz və barışardıq. İndi o ağdan yalnız qalan çox az adamlar var...
Səhərlər gördüyümüz bütün baba-nənələrə, əmi və dayılara salam verərdik. İndi salam vermək üçün min dəfə düşünürük. Min dəfə...
İndiki kimi yadımdadır, yolun üstündə babamgilin evi vardı, mən birinci qaçardım nənəmlə babamı görməyə, nə yalan deyim, ən çox da babamı, elə bil onu görmədən gedəndə narahat olurdum. Axı mən babalarımı çox istəyirdim, elə indi də...
Axşamlar babam çöldən gələndə qabağına qaçardıq, bizi öpərdi, ən çox da bacımı, illərlə yanında yaşadığımız babam daha çox bacımı istəyirdi, amma bundan mən incimirdim, çünki aramızda heç fərq qoymazdı, yanaqlarından öpərdik, o da bizi, amma saqqalı həmişə üzümüzə batardı. Lakin biz bununla çox xoşbəxt olurduq.
Hər axşam eyni masada oturub bir yeməyi paylaşardıq. Fərqi yoxdur, yemək ya bahalıdır, ya ucuz, bəzən quru çörək belə yeyərdik. Çox dadlı olurdu. Həmin evlərdə nə bişsə, sanki duz əvəzinə içinə xoşbəxtlik qatırdılar. Bir süfrə arxasında şirin söhbətlər, dadlı və məzəli zarafatlar, həyatımıza mayak kimi doğan öyüd və nəsihətlər... neçə-neçə xoşbəxtlik tabloları...
Keçmişlə bu günün arasında körpü quran baba və nənələr...
Bizlərin yolunda saçlarını qar edən rəngarəng insanlar...
Neçə illəri qırışlarında gizlədən əvvəlki bizlər, mənlər, sənlər... eh daha neçə yaşanmışlar...
Qar yağardı dizdən, soyuqda çölə çıxa bilməzdik, yollar bağlı olardı, məktəbə getməzdik. Ən böyük xoşbəxtliyimiz həmin gün evdə oturub cizgi filimləri izləmək və baba-nənələrimizlə vaxt keçirmək olardı.
Onlara qulaq asmağı çox sevirdim. Uşaqlıqları, məktəb vaxtları, necə tanış olmaqları, necə belə bu yaşa qədər bir-birinin yanında olmaqları.
Çox şey qazandım mən... həm də lap çox...
Qarlı – boranlı havada oturardıq sobanın kənarında, günəş şüaları qədər xoşbəxtliklər saçardı odun kömürləri...
Eh dünya, biz səndə neçə belə qışlar və yazlar keçirdik...
Amma hər şeyi apardın... ən əsas da xoşbəxtliyimizi...
Bax beləcə qal, gözəl və məsum qal, nənəmlə, babamla qal. Öldürmə onların xatirələrini, öldürmə o ruhani üzlərini baxışlarında...
Neçə səhərlər, neçə gündüzlər və neçə gecələr. Neçə bayramlar... neçə yeni illər. Eh qaldı artıq arxada ...
Sarmaşıq kimi dolanardıq anamızın başına...
Dizində yatardıq, necə də şirin idi o yuxular, pilləkənin üstündə saçımızı darayardı əlləri ilə. Əlləri qabar olardı, amma o codlarda biz vardıq... neçə yuxusuz gecələr, neçə boranlı günlər, ağaran saçlar, geridə bizim üçün fəda olmuş yaşlar...
Hə, o vaxt biz məsum, biz onda hələ uşaq, böyüklər isə cavan, nənə və babalarımız isə ölümsüz idilər...
Hər anımız xoşbəxt, hər saatımız təbəssüm, hər günümüz şükür içində olardı.
İndi baxıram, bir film kimi geridə qalan o baharlı günlərə, elə hey baxıram…
Şəfa Yazar (Səfərova)
Naxçıvan Dövlət Universitetinin Jurnalistika
ixtisasının IV kurs tələbəsi
Digər xəbərlər