NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şəhidlər zirvəsinə növbəti yürüş təşkil edilib

...

8 Noyabr – Zəfər Günü münasibətilə “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Culfa rayonunda yerləşən və xalqımızın əyilməzlik simvolu olan Əlincə qalasında 3 il öncə yaradılan “Şəhidlər zirvəsi”nə növbəti yürüş təşkil edilib.  “Şərq qapısı” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, torpaq uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra ziyarətçilər  Əlincə qalasına doğru hərəkət ediblər. “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində baş tutan tədbirdə Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən “Şəhidlər zirvəsi” layihəsinin ideya müəllifi Birinci Qarabağ müharibəsi qazisi Vaqif Şahsuvarov qeyd edib ki, “Şəhidlər zirvəsi”nin yaradılmasının 3-cü il dönümüdür. Bura Azərbaycan xalqının qəhrəman övladlarına olan ehtiramının simvoluna çevrilibdir. Hər bir azərbaycanlı üçün bu zirvə müqəddəs bir and yeridir. Qeyd edilib ki, “Şəhidlər zirvəsi” ölkəmizin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün simvolik olaraq yaradılıb. Tədbirdə çıxış edən “Naxçıvan  Şəhid Ailələri” İctimai Birliyinin sədri şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov şəhidlərimizin Vətən naminə göstərdiyi qəhrəmanlığından, Vətən sevgisindən geniş söz açıb.   Qeyd olunub  ki, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müzəffər Ordumuz Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin komandanlığı ilə dövlət-xalq-ordu birliyi nəticəsində 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu.  Bu gün Vətən üçün canlarından keçən qəhrəmanların ruhu şaddır.
Şəhid atası Məhəmməd Nəcəfov bildirib ki, Azərbaycan xalqı hər zaman öz qəhrəman övladları ilə fəxr edib və edəcək. Bu gün ölkəmizin hər bir bölgəsində qazanılmış qələbənin qüruru, şəhidlərin müqəddəs xatirəsinə olan ehtiramla yaşayır.
Tədbirin sonunda “Şəhidlər zirvəsi” layihəsinin ideya müəllifi Vaqif Şahsuvarov tərəfindən antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan oğulların ailə üzvlərinə plaketlər təqdim  olunub.
Tədbirin bədii hissəsindən sonra iştirakçılar Əlincə qalasında 1800 metr yüksəklikdə yerləşən “Şəhidlər zirvəsi”nə qalxıb. Zirvədə   bütün Azərbaycan şəhidlərinin ruhuna dualar oxunub.
Qeyd edək ki, Naxçıvan Hərbi Kollecinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantları şəhid ailələri ilə birlikdə Əlincə qalasına yürüş edib, şəhidlərimizin unudulmaz xatirəsini anıblar.

 

Nəşr edilib : 07.11.2025 21:07