Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Od çərşənbəsinin o müqəddəs alovu hər bir azərbaycanlının ruhunda nəsillərdən-nəsillərə ötürülən tarixin dərin qatlarının əks-sədasıdır.
Od təbiətin dörd əsas ünsüründən biri olmaqla ən qədim dövrlərdən etibarən türk dünyagörüşündə müqəddəs sayılan anlayışlardan biridir. Od çərşənbəsi Günəşə, oda və odu qoruyub saxlamaq inancına söykənərək formalaşıb. Qədim türk mifoloji təsəvvürlərinə görə, od insanlara Göy Tanrı tərəfindən bəxş edilib.
Bu gün təbiətin dörd ünsüründən ikincisi olan od öz hökmünü sürür, qışın son nəfəsini kəsərək torpağı və insan qəlbini isidir. Od çərşənbəsi ruhun qaranlıqdan çıxıb işığa, soyuqdan qopub istiyə can atdığı o andır ki, hər il qəlbimizdə yenidən alovlanır. Bu əsrlər öncədən bizə gələn, babalarımızın ocağından qalanan həyat eşqidir. Od çərşənbəsi gələndə yerin altındakı donmuş damarlar isinməyə başlayır elə bil. Torpaq nəfəs alır, günəş isə yer üzünə daha mərhəmətlə baxır. Bu gün qalanan hər bir tonqal qaranlığın məğlubiyyəti, işığın zəfəridir.
Göy üzü alaqaranlığa bürünəndə kəndlərimizin, şəhərlərimizin hər küçəsində bir həyəcan başlayır, elə göy üzü də hazırlıq görür. Uşaqların qaçışması, qonşu-əqrəbanın bir araya gəlməsi ocağın istisinə bərabər bir doğmalıq yaradır. Tonqalın alovu göyə ucaldıqca insanın içindəki kədərlər, ötən ilin uğursuzluqları, bədbin düşüncələri də o alovun içində yanıb kül olur. Biz o tonqalın üzərindən tullananda “Ağırlığım, uğurluğum düşsün odun üstünə” deyərkən, əslində, ruhumuzu təmizləyirik, sabaha daha saf, daha ümidli addımlamaq üçün güc yığırıq. Od bizi paklayır, od bizi birləşdirir. Qırmızı alov dilləri göyə ucaldıqca göylə yer arasında bir işıq körpüsü qurulur və biz bu körpüdən keçərək baharın astanasına qədəm qoymuş oluruq.
Bu çərşənbənin hər qığılcımında bir xatirə var bizim üçün. Analarımızın bişirdiyi şəkərburaların ətri qalanan odun qoxusuna qarışanda zaman bizi lap əvvəlki vaxtlarımıza aparır. Süfrələrin bəzəyi olan səməni ümidi, qırmızı lent isə odun hərarətini ifadə edir. Od çərşənbəsi həm də bir oyanışdır. Təbiətin oyanışından əvvəl də insanın daxili aləminin oyanışıdır. Donmuş duyğularımız əriyir, küsülülər barışır, qəlblər bir-birinə yenidən isinir. Çünki odun qarşısında hamı eyni istiyə möhtacdır və eyni işığa baxır.
O uzaqdan görünən alovlar yer üzünün ulduzlarıdır, əslində. Hər evdən yüksələn tüstü bir ocağın yanar olduğunu, bir ailənin birliyini müjdələyir. Qədim inanclara görə od müqəddəsdir, o şəri qovur, xeyiri gətirir. Bizim milli ruhumuzda od həm də bir mübarizə rəmzidir. Heç vaxt sönməyən, həmişə yanan və ətrafına işıqsaçan bir iradədir. Bu gün qəlblərimizdə yanan ocaq heç vaxt sönməməlidir. Çünki o ocaq bizim keçmişimizlə gələcəyimiz arasında qurulan ən möhkəm körpüdür.
Od çərşənbəmiz mübarək olsun! Bu müqəddəs alov evlərimizə ruzi-bərəkət, qəlblərimizə isə sönməyən bir sevgi istisi gətirsin. Hər yanan tonqal bir arzumuzun çin olmasına vəsilə olsun. Ruhumuz həmişə bugünkü kimi aydın, ömrümüz də bahar kimi təravətli olsun.
Bu çərşənbə bizi inandırmağa çalışır ki, nə qədər çətinlik olsa da, işıq həmişə qaranlığa qalib gəlir. Heç vaxt ocaqlarımız sönməsin, evlərimizdən istilik, qəlblərimizdən sevgi əskik olmasın. Bahar bu alovun işığından daha da gözəl, daha da ümidli gəlsin.
Elnurə CƏFƏROVA
Digər xəbərlər