Beynəlxalq arenalarda qazanılan bu uğurlu nəticələ...
19:58 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Bayraq hər bir xalqın mənəviyyatı, müstəqilliyinin təcəssümü, azadlıq arzusudur. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün bayrağımız Azərbaycanın hər yerində Qarabağda, Xankəndində, Şuşada və digər işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Çünki bayrağımız xalqımızın əzəmətinin göstəricisidir.
Xalqımız milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluğunu daim qoruyub. Tariximizin əsas eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyəti dövründə – 1918-ci il iyunun 24-də üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edildi.
Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Ozamankı Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəng XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın “Türkçülük, islamçılıq və müasirlik” kimi üçtəməl prinsipini təşkil edir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Qədim və orta əsrlərdə türkdilli xalqlar yaşadıqları ərazilərdə yaratdıqları saysız-hesabsız abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan, göy rəng simvolik məna daşıyır.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşmək, inkişaf istəyi ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransada baş verən inqilabdan sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilmişdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşək deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşf və ixtiralarına müraciət etmək istəriz, özlərinə deyil! Biz istəriz ki, İslam ölkəsinə onların beyinləri, elmləri girsin!”
Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.
Bayrağımızın üzərindəki ay-ulduzun da simvolik mənaları vardır. Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.
Bayrağın üzərindəki ağrəngli ay nişanı türkçülüyün, səkkizguşəli ulduz isə Azərbaycan sözünün əski əlifbada səkkiz hərflə yazılışının göstəricisidir. Bəzi mənbələrə görə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, Azərbaycançılıq və mədəniyyətlilikdir. Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin bir rəmzidir.
Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin birinci toplantısının açılışında dalğalanıb. 1919-cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Fransada dalğalanıb. Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zamanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad, Mikayıl Müşfiq və başqaları şeirlərində üçrəngli bayrağımızı böyük sevgi ilə öymüş, onu ulduzlardan da yüksəkdə dayanan hilala bənzətmiş xalqın öz tarixinə sahib çıxmasından söz açmışlar.
Üçrəngli bayrağımız 1920-ci ilin aprel işğalına qədər dövlətimizin başı üzərində dalğalanmış, lakin müstəqilliyin süqutundan sonra yasaq edilərək yığışdırılmışdır. Azərbaycanın üçrəngli bayrağı ikinci dəfə Ümummilli Liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı. Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Qərarı ilə bərpa olundu və muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Soveti Azərbaycan Respublikası Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Sovetinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmış, onun Əsasnaməsini təsdiq etmişdir.
Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində isə qeyd olunur ki, “Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir”. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi və dünya birliyində tutduğu layiqli yeri möhkəmləndirmək üçün ötən illərdə böyük işlər həyata keçirmişdir. Həmçinin Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və 17 noyabr 2009-cu ildə Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncamlar imzalamışdır. 17 ildir ki, 9 noyabr Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
162 metr yüksəklikdə dalğalanan Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi mədəni yığıncaqlarda, idman yarışlarında dalğalandırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycanın Dövlət Bayrağının dalğalanması ölkəmizin hər bir vətəndaşında milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini görmək, inkişaf etdirərək yaşatmaq əzmini möhkəmləndirir.
Şair Xanəli Kərimlinin “Bayraq” şeirində deyildiyi kimi:
O qalxıb ucaldıqca,
Bayraqların içində.
Ucalır millətim də,
Millətlərin içində.
Səlbinaz MƏMMƏDOVA
Dövlət Bayrağı Muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər