NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

“Qlobal Pul Həftəsi” çərçivəsində növbəti təlim Kəngərli rayonunda keçirilib

...

17 mart 2026-cı il tarixdə Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qlobal Pul Həftəsi” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Həsənov açılış nitqi ilə açaraq “Qlobal Pul Həftəsi”nin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov çıxış edərək bildirib ki, bu təşəbbüsün əsas məqsədi maliyyə savadlılığının artırılması, düzgün pul idarəetmə bacarıqlarının formalaşdırılması və qənaət vərdişlərinin inkişaf etdirilməsidir.
Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə inklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova “Puldan danışaq” (“Smart Money Talks”) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı pulun müasir cəmiyyətdə rolu, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirici məlumat verilib.
Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və görüş diskussiya şəklində davam etdirilib.
Qeyd edək ki, “Qlobal Pul Həftəsi” hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) koordinasiyası ilə keçirilir.

Nəşr edilib : 17.03.2026 16:45