NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qəbələ Zirvəsi: dostluq, həmrəylik və tərəfdaşlıq görüşü

...

TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacib amildir

2009-cu ilin oktyabrın 3-də qədim türk diyarı Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı 16 illik şərəfli inkişaf yolu keçərək regional və beynəlxalq əhəmiyyətli nüfuzlu təşkilata, eyni zamanda da siyasi, iqtisadi münasibətləri tənzimləyən əvəzolunmaz platformaya çevrilib. İdeyası türkdilli xalqlar arasında əsrlərboyu formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənən TDT Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən qurulub. Özbəkistan (2019) əsas, Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) isə müşahidəçi üzv qəbul olunublar. İki il bundan öncə 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib. Yarandığı ilk dövrlərdən fərqli olaraq bu gün artıq qurumun gündəliyində təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi olduqca vacib məsələlər də yer alır. Prezident İlham Əliyevin ötən il fevralın 14-də, andiçmə mərasimində səsləndirdiyi “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən ali ifadəsidir. Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü də Azərbaycan liderinin bu ifadəsinin növbəti təntənəsi, eləcə də TDT-yə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi və ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi, eləcə də təşkilatın gələcək fəaliyyətinə dair mühüm bəyanatların verilməsi, məsələlərin müzakirəsi ilə siyasi əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı.

Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi baxımından təşkilatın Qəbələ Zirvəsi mühüm yol xəritəsi formalaşdırdı. TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları Azərbaycanın tarixiliklə müasirliyi bir arada cəmləşdirən bu şəhərində bir araya gələrək sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirdi, əldə olunmuş nailiyyətləri müzakirə edərək gələcək əməkdaşlıq istiqamətlərini ortaya çıxardılar. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan Zirvə görüşündə yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkanlar yaradıldı. Sülhün və təhlükəsizliyin müzakirə predmetinə çevrilməsi onu görtərir ki, TDT artıq təkcə iqtisadi münasibətləri tənzimləmir, mədəni dialoqu dərinləşdirmir, həm də regionda siyasi, hərbi güc balansını özündə cəmləşdirməyi, vahid konsepsiya əsasında respublikaların təhlükəsizliyinin əsas təminatçısına çevrilməyi hədəfləyib. Qəbələ kimi, dövlətçilik tarixinə malik bir şəhərdə bu məsələ ətrafında fikir mübadiləsinin aparılması isə Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar, sülh mühiti fonunda həm də türk həmrəyliyini ortaya qoyaraq yeni diplomatiya modeli formalaşdırdığını sübut etdi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı təşkilatın maraq dairəsində olan bütün incə məqamlara xüsusi toxundu, sülh və təhlükəsizliyi hər bir ölkənin inkişafı üçün əsas amil kimi dəyərləndirdi, bu xüsusda TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsinin vacib olduğunu vurğuladı. Sitat: “Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Azərbaycan türk dövlətləri arasında sülh, təhlükəsizlik və əməkdaşlıq körpüsü salır

Qədim şəhərimiz Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün əsas mövzusu sayılan regional sülh və təhlükəsizlik məsələsi Azərbaycan dövləti üçün hər zaman bir nömrəli məqsəd və hədəflərdən hesab olunub. Respublikamızın bu baxımdan həm Vətən müharibəsindən öncə, həm də sonrakı dönəmdə mühüm təşəbbüs və layihələrinə diqqəti çəkmək yetərlidir ki, həmin məqsəd və hədəflər tam aydınlaşsın. Bəli, bu gün Azərbaycanın müəllifi olduğu və bilavasitə razılığı, iştirakı əsasında reallaşan nəhəng nəqliyyat-logistika layihələri təkcə iki qitəni – Avropa və Asiyanı birləşdirmir, həm də Türk dünyasını bir araya gətirir, regionda davamlı sülh, təhlükəsizlik və faydalı əməkdaşlığa geniş qapılar açır. Bu xüsusda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, digər bir adla desək Orta Dəhlizin imkanları böyük rol oynayır. Respublikamız bu dəhlizin önəmli hissələrindən biri, o cümlədən də müasir nəqliyyat infrastrukturuna malik tranzit ölkə kimi türk dövlətləri arasında iqtisadi münasibətləri ilbəil daha da dərinləşdirir, ticarət əlaqələrinə mühüm töhfələr verir.

Orta dəhlizin əsas hissələrindən biri də Azərbaycanı, Türkiyə və türk dünyası ilə birləşdirən strateji nəqliyyat layihəsi–2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yoludur. O həmin yoldur ki, vaxtilə bəzi dövlətlər iqtisadi səmərəsinin aşağı olacağını irəli sürür, hər vəchlə çəkilişinə maneə olmağa çalışırdılar. Lakin ötən qısa zaman kəsiyində beynəlxalq və regional əhəmiyyətli ictimai-siyasi proseslər, layihə üzrə maraqların gün ötdükcə daha böyük mənada kəsişməsi Prezident İlham Əliyevin “Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb” ideyasında haqlı olduğunu bariz şəkildə ortaya qoydu. Nəticə etibarilə, bu gün bir sıra inkişaf etmiş ölkələr, o cümlədən TDT-yə üzv respublikalar Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks-istiqamətə BTQ ilə daşınmasına böyük maraq göstərirlər. Artan ticarət imkanları nəzər alınaraq 2024-cü ildə aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilib.

Xəzərin ən böyük ticarət donanması sayılan Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər infrastrukturlar Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirməklə həm də Orta Dəhlizin yükaşırma qabiliyyətini xeyli artırıb. Təsadüfi deyildir ki, son illərdə bu dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Müqayisə üçün bildirək ki, əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon tondur, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir. Dünya Bankının proqnozuna əsasən 2030-cu ilə qədər Orta Dəhlizlə yükdaşımaların həcmi 3 dəfə artacaq. Bu mühüm layihədə birləşdirici funksiya daşıyan, başqa sözlə, Asiya-Avropa ticarət əlaqələrinə körpü salan Azərbaycan həm özü üçün, həm də Türk dünyasının birliyi naminə Orta Dəhlizin iqtisadi, ticari əhəmiyyətini xeyli artırmaq üçün qətiyyətli addımlar artmaqdadır. Bu dəhliz ölkələrə yalnız ticarət daşınmalarından yaxşı gəlirlər qazandırmır, eyni zamanda sahibkarlığın, özəl sektorun, turizmin inkişafı üçün əlverişli biznes mühiti yaradır, geniş imkanlar açır.

Azərbaycan Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda bu il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla bölgəyə yalnız sülh deyil, həm də yeni faydalı əməkdaşlıq mühiti qazandırmaqdadır. Bu baxımdan, gələcəkdə Orta dəhlizin mühüm seqmentlərindən biri kimi çıxış edəcək Zəngəzur dəhlizinin açılması Türk dünyasını daha sıx birləşdirməklə həm də TDT-nin siyasi, iqtisadi nüfuzunu xeyli gücləndirəcək. Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə Azərbaycanın nəqliyyat-logistika imkanlarının region ölkələri, xüsusilə də TDT üzvləri üçün önəmli rol oynadığını vurğuladı, Zəngəzur dəhlizinin mühüm nəqliyyat dəhlizləri çərçivəsində ikinci marşrut xətti kimi mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı: “Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”.

Türk dünyasının, region əhalisinin təhlükəsiz yaşayışının və dövlətlərarası uzunmüddətli əməkdaşlığın təmini baxımından digər bir istiqamət kimi, respublikamızın müəllifi olduğu enerji layihələri önəmli rola malikdir. Bəli, Azərbaycan bu gün 14 ölkənin mavi yanacağa olan tələbatını ödəməklə coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında liderdir. Ötən il COP29 kimi ümumbəşəri missiya daşıyan nəhəng konfransa layiqli ev sahibliyi etməklə respublikamız müasir çağırışlara cavabını ən inamlı və qəti şəkildə verib. “Yaşıl enerji” gündəliyi kifayət qədər geniş və əhatəli olan Azərbaycan günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Nəticə etibarilə, 2030-cu ilə qədər enerji istehsalının, təxminən, 40 faizinin bərpa olunan mənbələr hesabına təmin ediləcəyi nəzərdə tutulub. Hazırda ölkəmiz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyir ki, bu da, təbii ki, Türk dünyasını sağlam gələcəyə dair vahid məqsəd ətrafında birləşdirməklə TDT-yə inamın artmasına xidmət edəcək. Ümumiyyətlə, respublikamız təşkilata üzv ölkələrlə birgə hərbi, mədəni, sosial, iqtisadi sahələrdə birgə uğurlu layihələrə imza atmaqdadır. Bu xüsusda Türkiyə iqtisadiyyatına qoyulmuş nəhəng sərmayeni, eyni zamanda Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan birgə sərmayə fondları əsasında reallaşdırılan layihələri diqqətə çəkmək olar.  Bütün bunlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın güclənməsinə, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionun dayanıqlı inkişafına misilsiz töhfələr verir.

Dünyada artan müharibə, münaqişə və təhdidlərin fonunda TDT-yə üzv ölkələrin müstəqil siyasət yürütməsi, ərazi bütövlüyü və təhlükəsizliyi məsələsi də ön plana çıxır. Hərtərəfli müstəqilliyin, ərazi bütövlüyünün qorunması baxımından, təbii ki, hərbi əməkdaşlıq məsələləri ölkələrin qarşısında duran vacib məqsədlərdən biridir. Birgə hərbi əməkdaşlığa dair kontraktların imzalanması, təlimlərin keçirilməsi həm orduların peşəkarlığının artırılması, həm də təhdidlər fonunda güc nümayişi kimi mütərəqqi addımdır. Məhz bu nöqteyi-nəzərdən də Qəbələ Zirvəsinin əhəmiyyəti, rolu yaxın gələcəkdə özünü bariz şəkildə göstərəcək.

Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın çox önəmli amillərdən biri olduğunu dedi və bu xüsusda 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi: “Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü Türk dünyasının birliyinin, həmrəyliyinin mühüm göstəricisi olmaqla paralel regional sülhün və təhlükəsizliyin təmini baxımından gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində böyük rol oynadı. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin davamı kimi, builki Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması Azərbaycanın təşkilatın nüfuzunun artırılmasında, təsir dairəsinin böyüməsində olduqca güclü, qəti mövqe ortaya qoyduğunu göstərir. Başqa sözlə, Qəbələ Zirvəsi dostluq, həmrəylik və tərəfdaşlıq görüşü, vahid iqtisadi güc və siyasi nailiyyət zirvəsi oldu. Zirvə görüşü ilə bağlı imzalanan Bəyannamə isə gələcək birgə fəaliyyətin vahid yol xəritəsi rolunu icra etməklə ölkələrarası dostluğu və qardaşlığı həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə xeyli gücləndirəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.10.2025 17:50