Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imt...
14:16 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycanla Çex Respublikası arasında münasibətlər müstəqillik dövründən sonra formalaşaraq zamanla sabit və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə çevrilib. 1993-cü il yanvar ayının 27-də diplomatik əlaqələrin qurulmasından sonra iki ölkə arasında siyasi dialoq inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaranıb. Bu münasibətlər, əsasən, qarşılıqlı hörmət, suverenliyə ehtiram, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə davam və inkişaf etdirilir. Əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması və müxtəlif sahələr üzrə birgə fəaliyyətə dair yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri, səfər çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşlər, eləcə də Azərbaycan-Çexiya biznes-forumu mühüm yol xəritəsi müəyyənləşdirir. Bu görüşlər və forum iki ölkə arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə əlavə impuls verəcək.
Etibarlı tərəfdaşlıq və artan ticarət əlaqələri
Ölkələr arasında siyasi və diplomatik münasibətlər konstruktiv xarakter daşıyır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir sıra qlobal məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Rəsmi səfərlər, parlamentlərarası əlaqələr və diplomatik görüşlər bu münasibətlərin davamlılığını təmin edən əsas amillərdən hesab olunur. 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir. 2011-ci ildə imzalanmış “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” isə birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza formalaşdırır.
Çexiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında müəyyən rol oynayır. Azərbaycan isə Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq baxımından Çexiya üçün etibarlı tərəfdaş kimi çıxış edir. İkitərəfli əməkdaşlıqda iqtisadi münasibətlər əsas yer tutur. Bu münasibətlər yalnız tərəflərin maraqlarına deyil, həm də ümumilikdə, regionda rifahın artmasına və davamlı inkişafın təmininə töhfə verir. Ticarət dövriyyəsi, əsasən, enerji məhsulları üzərində qurulsa da, son illərdə qeyri-neft sektorunda da əməkdaşlığın genişlənməsi müşahidə olunur. Hazırda Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarını keçərək əhəmiyyətli artım nümayiş etdirir. Lakin bu dövriyyənin strukturuna nəzər saldıqda əsas payın Azərbaycanın neft ixracının təşkil etdiyi aydın görünür. Bu səbəbdən tərəflər ticarət əlaqələrinin daha balanslı şəkildə inkişaf etdirilməsini və iqtisadi əməkdaşlığın strukturunun şaxələndirilməsini vacib hesab edirlər. Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri çərçivəsində Qəbələdə liderlərin həm təkbətək, həm də geniş tərkibli görüşləri zamanı bir sıra konkret iqtisadi və investisiya yönümlü layihələr müzakirə olunub ki, bu da gələcəkdə qarşılıqlı sərmayə qoyuluşunun artacağına və ticarət dövriyyəsinin daha da genişlənəcəyinə əsaslı ümidlər yaradır.
Azərbaycan Çexiya üçün enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biridir. Xüsusilə neft təchizatı sahəsində əməkdaşlıq diqqət çəkir. Bununla yanaşı, respublikamız Çexiya ilə qonşu ölkələrə də təbii qaz ixrac edir. Ümumilikdə, Azərbaycan hazırda 16 ölkəyə mavi yanacaq nəqli həyata keçirir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda Çexiya şirkətləri Azərbaycanda sənaye, nəqliyyat, maşınqayırma və infrastruktur sahələrində fəal iştirak edir. SOCAR-ın Avropa ölkələrində fəaliyyəti isə çoxtərəfli iqtisadi əlaqələrin praktiki əsasını daha da gücləndirir. Bu əməkdaşlıq həm enerji bazarının şaxələndirilməsi, həm də iqtisadi münasibətlərin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Aprelin 27-də Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında da iki ölkə arasında enerji sahəsi üzrə əməkdaşlığa xüsusi toxundu, Çexiya və Azərbaycanın çox etibarlı tərəfdaşlar olduğunu vurğuladı. Sitat: “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”.
Ölkələrimiz arasında mühüm əməkdaşlıq istiqamətlərindən birini müdafiə sənayesi təşkil edir. Bu sahədə artıq uzun illərdir, uğurlu və davamlı tərəfdaşlıq formalaşıb. Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar idxal edir, eyni zamanda hazırda birgə istehsal layihələri üzrə konkret danışıqlar aparılır. Qarşıdakı dövrdə bu əməkdaşlığın daha geniş miqyas alacağı nəzərdə tutulur. Çünki Azərbaycan öz müdafiə potensialını, xüsusilə yerli istehsal imkanlarının genişləndirilməsi hesabına, ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, müdafiə sənayesi sahəsində zəngin təcrübəyə malik Çexiya ilə birgə layihələrin həyata keçirilməsi xüsusi strateji əhəmiyyət daşıyır. Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri də müdafiə sahəsində əməkdaşlığın yeni perspektivlərinin müzakirəsi baxımından mühüm və yaddaqalan hadisə oldu.
Azərbaycan-Çexiya biznes-forumu: strateji iqtisadi əməkdaşlığın yeni mərhələsi
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumu ikitərəfli iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Tədbir çərçivəsində səsləndirilən fikirlər siyasi dialoqun artıq konkret iqtisadi layihələr və investisiya təşəbbüsləri ilə tamamlandığını göstərdi. Prezident İlham Əliyev Azərbaycanın sabit makroiqtisadi göstəricilərini, əlverişli investisiya mühitini və aşağı xarici borc səviyyəsini ölkənin əsas üstünlükləri kimi təqdim edərək iqtisadi dayanıqlılığın uzunmüddətli inkişaf üçün baza rolunu vurğuladı. Dövlət başçımızın dərinməzmunlu nitqi deməyə əsas verir ki, son illərdə ölkəyə yönəlmiş böyükhəcmli sərmayələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq Azərbaycanın etibarlı investisiya məkanı kimi mövqeyini gücləndirib.
Forumda diqqətçəkən əsas məqamlardan biri əməkdaşlığın enerji sektorundan kənara çıxaraq sənaye, nəqliyyat, rəqəmsal texnologiyalar, süni zəka və bərpa olunan enerji kimi strateji sahələrə genişlənməsidir. Bu isə ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi və daha dayanıqlı struktur qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulamaq yerinə düşər ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası çərçivəsində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri xarici investorlar üçün yeni imkanlar yaradır. Bu prosesdə beynəlxalq maliyyə institutlarının iştirakı regionun iqtisadi reinteqrasiyasını sürətləndirən əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı ölkəmizin qazandığı bütün siyasi, iqtisadi nailiyyətləri diqqətə çatdırdı, ölkəmizdə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara, ilk növbədə, lazım olan hər meyarın olduğunu vurğuladı: “Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə, biz həmçinin qeyd edə bilərik ki, “Moody's” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara, ilk növbədə, lazım olan hər meyar var”.
Nəqliyyat-logistika sahəsi də Azərbaycan-Çexiya əməkdaşlığının prioritet istiqamətləri sırasında yer alır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində tutduğu strateji mövqe ölkəni regionun əsas tranzit mərkəzlərindən birinə çevirir və Çexiya ilə əməkdaşlıq üçün əlavə imkanlar formalaşdırır. Ümumilikdə, biznes-forum Azərbaycan-Çexiya münasibətlərinin artıq klassik ticarət əlaqələrindən çıxaraq çoxşaxəli iqtisadi tərəfdaşlıq modelinə transformasiya olunduğunu təsdiqlədi. Siyasi sabitlik, qarşılıqlı etimad və geniş iqtisadi gündəm bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.
Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər və təşkil olunan biznes-forum Azərbaycan-Çexiya münasibətlərinin sabit, praqmatik və ardıcıl inkişaf edən xarakter daşıdığını bir daha təsdiqləyir. Əsasən, enerji və iqtisadi əməkdaşlıq üzərində formalaşan bu münasibətlər, eyni zamanda siyasi dialoq və humanitar əlaqələrin də genişlənməsi ilə daha da dərinləşməkdədir. Gələcək perspektivdə bu əməkdaşlığın şaxələndirilərək yeni sahələri əhatə edəcəyi əsas prioritetlərdən biri kimi çıxış edir. Bu isə ikitərəfli münasibətlərin yalnız mövcud istiqamətlərlə məhdudlaşmadığını, əksinə, strateji xarakter alaraq genişlənməkdə olduğunu göstərir. Prezidenti İlham Əliyevin “X” sosial media hesabındakı paylaşımında dediyi kimi: “Ticarət dövriyyəmiz yüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Səfər çərçivəsində keçirilən və işgüzar icmalarımızın nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə mühüm addımdır. Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da xüsusilə enerji, sənaye və digər əsas sektorlarda daha effektiv koordinasiyaya töhfə verəcəkdir. Həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk və onun daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər görürük”.
Nail ƏSGƏROV
Digər xəbərlər