Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin – vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və sair ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında kompleks qiymətləndirmə aparmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağ iqtisadi rayonunda apardığı monitorinqin nəticələri sərvətlərimizin talandığı faktını bir daha önə çıxardı. Məlum oldu ki, torpaqlarımızın işğalda olduğu 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini vəhşicəsinə talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib.
Bu şirkətlər həm Ermənistana, həm də digər ölkələrə məxsus olub. Azərbaycanın Baş Prokurorluğunun 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna Metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlər, o cümlədən Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak edib. “Vallex Group” adlı şirkət işğal dövründə Kəlbəcərin “Heyvalı” yatağını istismar edərək qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki bu müddətdə emal həddi 150 min olmalıdır. “Heyvalı”nı qurudandan sonra şirkət 2011-ci ildə Ağdərə rayonundakı “Kaşen” – “Dəmirli” yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz, əsasən, Avropa ölkələrinə ixrac edilirdi. Danimarkanın “FLSmidt” şirkəti də 2006-cı ildən “Vallex Group” ilə əməkdaşlıq çərçivəsində işğal altındakı ərazilərdə yataqların istismarına cəlb edilib. Burada diqqətçəkən məqamlardan biri Qarabağda yataqların istismarında iştirak edən xarici mütəxəssislərin bölgəyə birbaşa yox, Ermənistan üzərindən gətirilməsi olub. Mütəxəssislər Ermənistandakı yataqlarda işləməyə dəvət olunur, daha sonra Qarabağa gətirilirdi. Düşmən gözə batmamaq üçün xarici dövlətlərin şirkətləri ilə Ermənistan ərazisindəki hansısa təbii yataq olan yerlərin istismarı üçün müqavilə bağlayır, lakin həmin şirkətləri müxtəlif yollarla işğal altında saxladıqları ərazilərə gətirib oradakı yataqları vəhşicəsinə istismar etmələrinə şərait yaradıblar.
“Vejnəli” yatağı ilə yanaşı, Kəlbəcər rayonunun “Söyüdlü” (zod-qızıl-sulfid), “Qızılbulaq” (qızıl-mis-kolçedan), “Heydərə” (qızıl), “Qərbi Qızılitən” və “Ağzıbir” (qızıl) yataqları da işğal dövründə talanıb. Araşdırmalardan məlum olur ki, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalları talamaqla məşğul olub. Belə şirkətlərdən biri olan FDM Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərinin talanması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra istintaq işləri birbaşa yerlərdə aparılıb və yeni faktlar aşkarlanıb.
Baş Prokurorluq 2020-ci ildə aparılan istintaqla bağlı müəyyən məlumatları açıqlamışdı. Məlumata görə, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” Şirkətlər Qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin – vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və sair ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında kompleks qiymətləndirilmə aparılır.
Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki “Söyüdlü (Zod)”, “Qızılbulaq”, “Vejnəli” qızıl, “Mehmana” polimetal və “Dəmirli” mis-porfir yataqlarından hasil olunub. Zəngilan rayonunun ərazisində yerləşən “Vejnəli” qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmişdir.
Artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunub, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən “Vejnəli” qızıl yatağı onun özünə qaytarılıb. İşğaldan azad olunan torpaqlarında – Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdə 160 müxtəlif qiymətli metal: qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur.
Biz xalq olaraq sübut etdik ki, bu torpağın hər ovucu bizim üçün qızıl mədənindən də dəyərlidir. Biz bu Vətənin hər qarışı üçün can verməyə hazır olan ordumuz sayəsində torpaqlarımızı azad etdiyimiz kimi onu gülüstana da çevirdik. Bəlkə, yüz illər sonra qızılımız, gümüşümüz bitəcək, amma Vətən torpağı üçün can verib torpaq olan sərvətimiz – oğullarımız, məğrur xalqımız daim var olacaq. Çünki biz bu torpağı yeraltı, yerüstü sərvətlərinə görə yox, hər qarışı şəhid qanı ilə yoğrulub Vətən olduğu üçün sevirik.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər