NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qarabağın açarı – Cəbrayıl

...

Zəfərin ilk şəhəri

22 ildən sonra ilk günəş 2016-cı ilin bir yaz səhəri doğulmuşdu Cəbrayılın səmasında, ilk qələbə xəbəri almışdıq həmin gün. Cocuq Mərcanlı, Lələtəpə azadlığın ilk addımı olmuşdu. Elə həmin yerdən başlayan şanlı Vətən savaşında isə Cəbrayıl şəhəri işğaldan azad edilən ilk şəhər oldu. Zəfər şəhəri adını aldı. Həmin gün Azərbaycan əsgəri üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırdı ən yüksək zirvədə. Qarabağın açarı sayılan Cəbrayıl igid əsgərlərimizin şücaəti ilə rahat nəfəs almağa başladı. Onun sakinlərinin adının yanına yazılan “Məcburi köçkün” sözləri tarixə qovuşdu. 27 ildir, mücrüdə saxlanılan, artıq paslanmış açarlar bağlı qapıları açmağa tələsdi. İllərdir, Vətən həsrəti çəkən insanların ürəyindəki sevinc göz yaşlarına dönüb yanağına süzüldü. Tarixi ədalət   bərpa olundu. 

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən savaşının 8-ci günündə xalqa müraciəti xalqımızın və ordumuzun qətiyyətini, dəyişməz tutumunu bir daha dünyaya göstərdi: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir”.

Gülüstana çevrilən Cəbrayıl

44 gün davam edən əks-hücumun hər günü ordumuzun zəfər xəbərləri ilə bəzəndi.  İllərdir, arzuladığımız “O gün gələcək”, – dediyimiz gün gəldi. Biz torpaqlarımızı azad etdiyimiz kimi, onu bərpa etməyi də bacarırıq. Bunu təkcə region dövlətləri yox, bütün dünya gördü. Müzəffər Sərkərdənin Zəfər yolunu necə saldığına şahid oldu. Ali Baş Komandanın işğaldan azad olunmuş əraziyə ilk səfəri 10 noyabr Bəyanatını imzalamasından 6 gün sonra oldu. Həmin gün Müzəffər Komandan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan  Bayrağını qaldırdı.

İşğaldan azad olunan ilk ərazilərə – Füzuli və Cəbrayıla səfər edən ölkə rəhbəri Şuşa şəhərinə gedən yolun “Zəfər yolu”nun salınması üçün göstəriş verdi. Və həmin gündən ölkə başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edərək görülən işlərlə yerində tanış olur, təməlqoyma mərasimlərində iştirak edir. Düşmənin qanlı caynağında xarabaya çevrilən Cəbrayıl da 27 ildə vəhşiliyə düçar olmuşdu. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəymişdir. 52000 nəfər əhalisi olmuş rayonun bütün yaşayış məntəqələri yerləyeksan olunmuşdu. 
Şəhərin azadlığa qovuşmasının ilk ilində 2021-ci ilin 4 oktyabrında Prezident Cəbrayıla səfər edərək orada bir sıra təməlqoyma tədbirlərində iştirak etdi. Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu. Prezident, həmçinin “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Həmin səfər zamanı Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı dedi: “Müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi”. 
2022-ci ilin 19 oktyabrında İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılışında, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu.   
Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Cəbrayıla səfər edən Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində iştirak etdilər. 2023-cü ilin sentyabrın     28-də Cəbrayıla növbəti dəfə səfər edən Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak etdi. İlham Əliyev, həmçinin Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə də tanış oldu, şəhərdə “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışına qatıldı. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş elektrik enerjisi stansiyasının inşası da nəzərdə tutulub. Rayona gediş-gəlişin rahatlığının təmin olunması üçün 4-6 zolaqlı yol da çəkilib. Bütün kəndlərin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. 

Cəbrayılın  yenidən dünyaya gəldiyi  gün

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfərə aparan, Azərbaycan tarixinin qızıl hərflərlə yazıldığı günlərdən biridir bu gün. Həsrətində olduğumuz Böyük Qayıdışın başladığının xəbər verildiyi gün. İşğaldan azad olunmuş hər bir qarış minalarla döşənsə də, ordumuz bu tapşırığın da öhdəsindən gəlib  təmizlik işlərini davam etdirdi. Bu da Böyük Qayıdışın sürətlənməsinə imkan yaratdı. Yenidən doğulan, abadlaşan kəndlərin, şəhərlərin yiyələri öz yurduna qayıtdıqca bu torpaq üçün can verənlərin də ruhu şad oldu. Bu gün Cəbrayılda öz ocağımız qalandıqca öz çırağımız işıq saçdıqca sinədaşında, sinəsində “Cəbrayılın azad olunmasına görə” medalı daşıyan 22797 hərbi qulluqçu Vətən torpağını azad etmək yolunda can, qan fəda etdiyi üçün fəxr duyur.

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 04.10.2025 00:10