Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın enerji strategiyasının əsas inkişaf prioritetlərindən biri də bölgələrdə müasir elektrik infrastrukturunun formalaşdırılması, paylayıcı şəbəkələrin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Beynəlxalq aləmə inteqrasiya, çağdaş dövrün çağırışları, o cümlədən əhali artımı, yeni müəssisələrin, turizm, sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sözügedən məsələnin həllinin daim nəzarətdə saxlanılmasını şərtləndirir. Bu baxımdan sözsüz ki, elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Respublikamızın sosial-iqtisadi mənzərəsinin formalaşdırılmasında müstəsna yerə və rola malik Naxçıvan Muxtar Respublikasında da əhalinin, müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Cari il avqustun 5-də “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu istiqamətdə yeni mərhələnin əsasını qoyur, təməl prinsiplərini müəyyənləşdirir. Sərəncamda deyilir: “Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir”.
Prezidentin müvafiq Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq olunub. Dövlət sənədində növbəti illərdə, demək olar ki, muxtar respublikadakı bütün yarımstansiyaların yenidən qurulması nəzərdə tutulub. Həmçinin Naxçıvan şəhəri ərazisində, Babək, Şahbuz, Sədərək, Culfa, Kəngərli, Ordubad və Şərur rayonlarında istismar müddəti bitmiş transformator məntəqələrinin yenidən qurulması, yarımstansiyaların uzaqdan idarə edilməsi üçün SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin yaradılması, istismar müddəti keçmiş elektrik sayğaclarının dəyişdirilməsi məqsədilə nəzarət və ölçü cihazlarının alınması da planlaşdırılır. Bütün bunlar, illərdir, istismar olunan elektrik şəbəkələrinin, təsərrüfatların tam müasir texnologiyalar əsasında təkmilləşdirilməsini hədəfləyir. Eyni zamanda dövlətimizin “yaşıl enerji”yə keçid, bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məqsədlərinə uyğundur. Nəzərə alsaq ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasını da “yaşıl enerji zonası” elan edib o zaman imzalanan yeni Sərəncam və qəbul edilən Tədbirlər Planının əhəmiyyəti daha da ön plana çıxır. Həmçinin onu da xüsusi vurğulamaq yerinə düşər ki, hələ iki il bundan öncə, daha dəqiq desək, 2023-cü il 5 iyun tarixdə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da sözügedən məsələ xüsusi diqqətdə saxlanılıb. Proqramın “Elektrik enerjisi istehsalının və ixracının artırılması” 6-cı prioritetində mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılacağı qeyd olunur.
Əminliklə demək olar ki, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın icrası ilə paylayıcı elektrik şəbəkələrinin dayanıqlılığı təmin ediləcək, bu sahədə infrastruktur daha da yaxşılaşdırılacaq, istehlakçıların enerji təchizatının səmərəliliyi və keyfiyyəti artırılacaq. Elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcək ki, bu da güclü bərpa olunan enerji potensialına malik Naxçıvanın gələcəkdə daxili tələbatını keyfiyyətli formada təmin etməklə yanaşı, ixrac imkanlarının genişlənməsinə təkan verəcək, regionun enerji sisteminə, inteqrasiyasına əlverişli şərait yaradacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər