NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Prezident İlham Əliyev: Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik

...

Prezident İlham Əliyevin apardığı daxili siyasətin əsas prioritetləri sırasında Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinə malik olması öndə gəlir. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi və başlıcası onun xoşbəxtliyi dayanır”, – deyən sözü imzası qədər dəyərli olan dövlətimizin başçısı ötən illər ərzində dayanıqlı sosial-iqtisadi inkişafa malik müasir Azərbaycanın timsalında bu fikirlərin real nəticəsini yaradıb. Son 7 ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 milyon vətəndaşı əhatə edən, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan 5 sosial islahat paketinin icrası ilə bu ideya əməli fəaliyyətdə özünü ən yüksək səviyyədə təsdiqləyib. 2003-cü ildən indiyə kimi imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb.

Aztəminatlı ailələrin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində reallaşdırılan layihələr ölkəmizdə öz bəhrələrini verir, insanların həyat səviyyəsi yaxşılaşır, yoxsulluq minimuma endirilir. Bütün bu məsələləri özündə ehtiva edən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəfləri sırasında ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və  layiqli əməyin təminatı yer alır. Digər bir mühüm dövlət sənədi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə isə qeyd edilir ki, 2025-ci ildən sonra Azərbaycanda yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. 
İnsanların sosial rifahının yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılmasında Prezident İlham Əliyevin fərman və sərəncamları ilə son bir neçə ildə əməkhaqqı və sosial ödənişlərin ardıcıl surətdə artırılmasını nəzərdə tutan sosial islahat paketlərinin həyata keçirilməsi də xüsusi paya sahibdir. 2018-2023-cü illərdə 4 belə sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən həmin islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5, minimum əməkhaqqı 2,7, ortaaylıq pensiya 2,1, yaşa görə ortaaylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqısı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin ortaaylıq məbləği 52 faiz artıb. Azərbaycan Prezidentinin imzaladığı sənədlərlə 10 yeni sosial ödəniş növü – müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və sair təsis olunub.

Başa vurmaqda olduğumuz 2025-ci ildə cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar edilməsi, vətəndaşların layiqli həyat şəraitinə malik olması, işlə təminatı, o cümlədən əmək münasibətləri, əməyin mühafizəsi, övladlığagötürmə, əlilliyi olan şəxslərin reabilitasiyası, şəhid və qazi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərində tədbirlər uğurla reallaşdırılmaqdadır. Dövlət başçısının tapşırıqları əsasında 2025-ci ildə növbəti – 5-ci sosial islahat paketi icra olunub və 4 milyon vətəndaşı əhatə edən bu paket üzrə sosial ödənişlərdə yeni artımlar üçün illik əlavə 1,4 milyard manat ayrılıb. Minimum əməkhaqqı 2025-ci ilin əvvəlindən 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Bir çox qurumlarda çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların, dövlət qulluqçusu olmayan işçilərin maaşları, tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və sair artırılıb. Ümumilikdə, 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1 faizlik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil edib.
Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarının həyat səviyyəsinin yüksəldilməsi əsas məqsədlərdən hesab olunur. Reallaşdırılan bütün sosial layihələr çərçivəsində bu kateqoriyadan olan insanlar xüsusi diqqətdə saxlanılır, onlar Prezidentin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təmin edilirlər. Həmçinin bu həssas təbəqədən olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da öncüllük təşkil edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, şəhid ailələrinə, əlilliyi olan şəxslərə, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə, Azərbaycanın Milli qəhrəmanlarına, beşdən çox uşağı olan qadınların və müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına və digər bir sıra kateqoriyadan olanlara ödənilən müavinət və təqaüdlər cari il iyulun 1-dən orta hesabla 15 faiz artırılıb. Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata çatdırılıb, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü  artırılıb. Bu ilin oktyabr ayında daha 100 mənzil şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 16 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800 avtomobil verilib.
Ölkəmizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi əmək qabiliyyəti olmayan və pensiya yaşına çatan vətəndaşların yaşayış təminatını yaxşılaşdırmaq vacib amil kimi diqqətdə saxlanılır. 2025-ci ilin mənzərəsi də bu barədə kifayət qədər yüksək fikirlər formalaşdırır. Belə ki, bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla, 5 mlrd. 920 mln. manat vəsait yönəldilib. 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib. Aparılan islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10 faiz, pensiyaların orta məbləği isə 9 faiz artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9 faiz artaraq 576 manat təşkil edib. Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 964 milyon manat, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib. Bu ilin on ayında 133 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 854 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Sosial müavinət 513 min, Prezidentin aylıq təqaüdü isə 403 min nəfəri əhatə edir. Göründüyü kimi, həm say, həm də məbləğ belə deməyə əsas verir ki, sosial təminata yönələn xərclərin həcmi 2025-ci ildə də artmaqdadır.
İnsanların rifah halının və firavanlığının təminatı istiqamətində atılan mütərəqqi addımlardan biri də, heç şübhəsiz, işsizliyin aradan qaldırılmasına xidmət edən məşğulluq proqramlarının hazırlanaraq reallaşdırılmasıdır. Məşğulluq proqramları regional və yerli səviyyədə məşğulluq vəziyyətini yaxşılaşdırmaq üçün məşğulluq siyasətini digər siyasətlərlə daha yaxşı əlaqələndirmək üçün tətbiq olunan yerli tərəfdaşlıq proqramlarıdır ki, burada bir sıra vacib istiqamətlər əsas götürülür. Bu istiqamətlərə resursların effektivliyini və səmərəliliyini, eləcə də müəyyən olunmuş hədəf qruplarına dəstəyi artırmaq, mövcud iş yerlərini qorumaqla yeni iş yerlərini yaratmaq, həyat standartlarının davamlılığını qorumaq daxildir. Məqsəd yeni iş yerlərinin yaradılması, yerli sakinlərin məşğulluğunun artırılması, insanlara iş tapmaq üçün köməyin göstərilməsi və ələlxüsus da əhali qrupları arasında bərabərsizliyin azaldılması, yəni sosial ədalətin təminidir.  İşsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi, onlara peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə hazırlığının təşkili, sahibkarlığın təşviq olunması və kiçik ailə təsərrüfatlarının yaradılması ötən bir neçə ildə öz bəhrələrini verməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin xətti ilə ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması, həmçinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən çoxşaxəli fəaliyyətlərin nəticəsində bu ilin 10 ayında 491,8 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 158 min şəxs münasib işlərlə təmin olunub, 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Bu ilin yanvar-oktyabr aylarında 15,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
DOST konsepsiyası beynəlxalq səviyyədə Azərbaycanda son illər aparılan sosial islahatların mühüm uğurlarındən biri kimi dəyərləndirilir. Bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 160 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. 2025-ci ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib ki, özlüyündə bu rəqəm həm mərkəzlərin fəaliyyətindəki operativliyi, həm də inam, etibar amilləri ilə əlaqədardır. Vurğulamaq yerinə düşər ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı, Kəlbəcər DOST məntəqəsi açılıb və proses yaxın gələcəkdə digər bölgələri də əhatə edəcək.
Bəli, 2025-ci ilin mənzərəsi belə deməyə əsas verir ki, ölkəmizin hərtərəfli güclənməsi, iqtisadiyyatın qüdrətlənməsi, son nəticədə, bir məqsədə – Azərbaycan vətəndaşının rifahına, sağlam yaşayışına, etibarlı gələcəyinə xidmət edir. Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.12.2025 11:05