NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Orucu nə pozar?

...

Ramazan ayı müsəlmanların həyatında yalnız aclıq və susuzluqla səciyyələnən  bir zaman kəsiyi kimi dəyərləndirilmir. Bu müqəddəs ay zamanın axarında gizlənmiş mənəvi bir xəzinə, insanın öz nəfsi ilə sükut içində üz-üzə gəldiyi, daxili dünyasına boylandığı hicrətdir. Ramazan bizə sözlərimizin çəkisini, niyyətlərimizin saflığını və davranışlarımızın mahiyyətini yenidən tərəziyə qoymağı öyrədən ali bir mənəviyyat məktəbidir.
Lakin hər il bu mübarək ay qapımızı döyəndə, qəlbimizdəki hüzurla yanaşı, zehnimizdə müəyyən suallar da baş qaldırır. Gündəlik həyatın sürətlə axdığı, tibbi prosedurların və müasir vərdişlərin həyatımıza dərindən nüfuz etdiyi bir dövrdə orucun həm zahiri bütövlüyünü, həm də mənəvi nurunu necə qorumalıyıq? Orucu nəyin pozduğu, hansı əməllərin onu batil etdiyi və ya hansı davranışların orucu pozmasa da, onun savabını azaltdığı kimi məsələlər hər zaman aktuallığını qoruyur. Məhz bu incə məqamlara işıq salmaq, müasir dövrün suallarına mənəvi cavablar tapmaq üçün ilahiyyatçı Hacı Şahin İsmayılov ilə bu müqəddəs ayın hikmətləri ətrafında həmsöhbət olduq.
Hacı Şahin söhbətə orucun mahiyyətindən başlayaraq bildirir ki, insanların ən çox yanıldığı məqam orucu yalnız fiziki aclıq kimi dəyərləndirmələridir: “Oruc, sadəcə, sübh azanından axşam azanına qədər yemək-içməkdən çəkinmək sayılmır. Oruc insanın bütün varlığı ilə Allaha yönəlməsidir. Dilin orucu var, gözün orucu var, qulağın orucu var. Əgər insan ac qalır, amma dili ilə başqasını incidirsə, qeybət edirsə, yalan danışırsa, bu artıq orucun ruhuna ziddir”.
İlahiyyatçı qeyd edir ki, fiqh baxımından orucu pozan hallar açıq şəkildə müəyyənləşdirilib və burada əsas meyar qəsd məsələsidir. “Əgər insan bilərəkdən yeyərsə, bilərəkdən su içərsə, bu, orucu pozur. Burada niyyət əsasdır. Amma insan oruclu olduğunu unudaraq yeyib-içərsə, bu halda orucu pozulmur. Belə bir şəxs xatırlayan kimi dərhal dayandırmalı və orucuna davam etməlidir. Bu, Allahın insanlara olan mərhəmətinin təzahürüdür”, – deyə o vurğulayır.
Zərərli vərdişlər mövzusuna toxunan Şahin İsmayılov bu məsələdə birmənalı mövqe ortaya qoyur: “Siqaret, qəlyan və digər bu qəbildən olan zərərli vərdişlər orucu pozur. Çünki bu vasitələrlə bədənə xarici maddə daxil olur və bu da yemək-içmək hökmündə qiymətləndirilir. İnsan “Mən ac qalmışam”, - deyərək zərərli vərdişlərə davam edirsə, bu artıq orucun pozulması deməkdir. Hətta müasir dövrdə geniş yayılan elektron siqaretlər də istisna təşkil etmir və eyni dini hökmə tabedir”.
Söhbət zamanı tibbi müdaxilələrlə bağlı məsələlərə də toxunan Hacı Şahin bildirir ki, bu sahədə insanların çoxlu sualları və bəzən də qorxuları var: “Qəbul edilən dərmanlar orucu pozur. Qida və enerji verən serumlar da orucu pozur. Amma sırf müalicə məqsədli, qida tərkibli olmayan iynələr əksər hallarda orucu pozmur. Qan vermək də orucu pozmur, sadəcə, insanı zəiflədə bilər. Əgər insan özünü çox halsız hiss edirsə, bu halda orucu davam etdirməkdə çətinlik yarana bilər”.
İlahiyyatçı xəstə insanların vəziyyətinə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, İslam dini insanın sağlamlığını təhlükə altına atmağı tələb etmir. “Əgər oruc tutmaq insanın sağlamlığına ciddi zərər vurursa, bu halda oruc tutulmaya bilər. Belə insanlar sonradan qəza orucu tuturlar. Allah heç kəsə gücündən artıq yük yükləmir”, – deyə Hacı Şahin bildirir.
Mənəvi davranışlarla bağlı məsələlərə toxunan din xadimi qeyd edir ki, yalan danışmaq, qeybət etmək, söyüş söymək, başqalarını incitmək orucu fiqhi baxımdan pozmasa da, onun savabını ciddi şəkildə azaldır: “İnsan bütün gün ac qalır, amma axşam iftar edəndə həmin orucdan heç nə qazanmaya bilər. Çünki gün ərzində başqalarının haqqına girib. Oruc insanı tərbiyə etməlidir. Əgər tərbiyə etmirsə, deməli, məqsəd tam yerinə yetməyib”.
Hacının sözlərinə görə, əgər insan bilərəkdən orucunu pozursa, bu artıq ciddi məsuliyyətdir. Belə hallarda təkcə qəza kifayət etmir, kəffarə də vacib olur. Bu hökmlər insanı qorxutmaq üçün yox, onu məsuliyyətə çağırmaq üçündür.
Söhbətin sonunda din xadimi Ramazan ayının əsas məqsədini bir daha xatırladır. “Oruc bizi daha səbirli, daha anlayışlı, daha mərhəmətli etməlidir. Əgər Ramazan bitəndən sonra da insan davranışlarını düzəldirsə, deməli, oruc öz təsirini göstərib. Oruc təkcə mədə ilə yox, həm də qəlblə tutulmalıdır”, – deyə  Şahin İsmayılov fikirlərini yekunlaşdırır.
Ramazan ayı ruhun öz sükutuna qayıdışı və qəlbin aynasını saflaşdırmaq üçün bizə bəxş edilən bənzərsiz bir fürsətdir.
Əslində, orucun fiziki sərhədlərini, onu nəyin pozub-pozmadığını bilmək bu böyük səfərin yalnız zahiri xəritəsidir. Bu müqəddəs yolçuluğun əsl mahiyyəti isə o aclığın hansı niyyətlə olunduğunda və o susuzluğun hansı ruhla daşındığında gizlidir. Orucun hər anını dərk etmək onu bir eşq və fədakarlıq imtahanı kimi yaşamaq Ramazanın əsl mənasına qovuşmaq deməkdir.

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 27.02.2026 09:23