Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərg...
00:05 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
Tanınmış alim, pedaqoq, bacarıqlı elm və təhsil təşkilatçısı, Naxçıvan Müəllimlər İnstitutunun rektoru olmuş, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, mərhum Oruc Qafar oğlu Həsənli 1950-ci il avqustun 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olmuşdu. Orta təhsilini qonşu İbadulla kənd məktəbində başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1972-ci ildə həmin rayonun Xanlıqlar kənd tam orta məktəbində alitəhsilli coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlamışdı.
Bir neçə il orta məktəb müəllimi kimi çalışan Oruc Həsənli 1975-ci il okyabrın 11-dən ozamankı akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universitetində) elmi-pedaqoji fəaliyyətə başlayır və bütün qalan ömrünü bu müqəddəs fəaliyyət sahəsinə həsr edir. Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim, dosent, professor vəzifələrində 43 il çalışan, Naxçıvanda ilk özəl ali təhsil müəssisəsinin yaradıcılarından biri olan professor Oruc Həsənli 1993-2008-ci illərdə həm də Naxçıvan Özəl Universitetində tədris və elmi işlər üzrə prorektor vəzifəsində fəaliyyət göstərməyə başlayır. O, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvan Müəllimlər İnstitutuna 2010-cu ildə rektor təyin edilir və ömrünün sonuna kimi bu məsul vəzifəni icra edir. Bu ali məktəbin bütövlükdə formalaşdırılması, onun elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, institutun ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində böyük əmək sərf edən bacarıqlı elm və təhsil təşkilatçısı, professor Oruc Həsənlinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan digər bir sahə muxtar respublikanın ümumtəhsil məktəbləri olmuşdur.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasına – Milli Kurikuluma keçidlə bağlı müəllimlərin zəruri ixtisasartırma və yenidənhazırlanma kurslarından keçirilməsi, bu konseptual sənədin dərindən mənimsənilməsi və ilkin nəticələrin dəyərləndirilməsi məqsədilə onun nəzəri və praktik problemlərinə həsr olunmuş regional elmi-əməli konfranslar və seminarlar, diskussiyalar və debatların müntəzəm təşkili məsələləri rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur. Yeni yarandığına və regionda fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Müəllimlər İnstitutu ali təhsil sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələr arasında qeyri-hökumət təşkilatları tərəfindən aparılan reytinq təyinetmə tədbirlərində iki dəfə ard-arda birinci onluğa daxil olmuşdur.
Oruc Həsənlinin elmi-tədqiqat fəaliyyəti də uğurlu olmuşdur. 1992-ci ildə “Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi” mövzusunda namizədlik, 2005-ci ildə isə “Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, uyğun alimlik dərəcələrini almışdır. 1996-cı ildə dosent, 2012-ci ildə isə professor elmi adlarına layiq görülmüşdür.
Oruc Həsənli 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Respublika pedaqoq və psixoloqlarının AMEA-da ilk təmsilçisi olmuşdur. Alim-tədqiqatçı ölkə daxilində və xaricdə nəşr olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq kitabın müəllifidir. O, iştirakçısı olduğu mötəbər beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil edib.
Oruc Həsənli ölkəmizdə yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Onun rəhbərliyi ilə 1 elmlər və 10 fəlsəfə doktoru hazırlanıb. Alimin rəsmi opponentliyi ilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə edib.
Təhsilin müasir pedaqoji-psixoloji problemləri, o cümlədən təhsil prosesində şagird şəxsiyyətinin formalaşdırılması, sosial psixopedaqogikada istedadlı uşaqlar, hazırkı hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid, məktəbə psixoloji xidmət və sair kimi aktual məsələləri tədqiq edən müəllif belə bir əsas elmi nəticəyə gəlmişdi ki, müasir Azərbaycan təhsilinin gələcək inkişafinın beynəlxalq qiymətləndirmə tələblərinə cavab verməsini təmin etmək üçün bu gün həyata keçirilən kompleks tədbirlər sistemində, bütövlükdə, psixologiyanın, o cümlədən pedaqoji psixologiyanın rolu əvəzsizdir və onun tətbiqi aspektlərinə diqqət daim artırılmalıdır.
Oruc Həsənli yeni təhsil ideyalarının ümumiləşdirilib yayılması baxımından ardıcıl və sistemli iş aparırdı. Həmişə elmi-pedaqoji və psixoloji araşdırmalarının kütlələrə, eləcə də pedaqoji ictimaiyyətə çatdırılması üçün televiziyanın, radionun, mətbuatın imkanlarından geniş istifadə edirdi.
Əməkdar elm xadimi Oruc Həsənli həm də yorulmaz ictimai xadim və təmənnasız insan idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üçüncü, dördüncü və beşinci çağırış deputatı olmuşdur. Muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında həmişə yaxından iştirak etmiş, öz fəallığı və obyektivliyi ilə böyük nüfuz qazanmışdı.
O, elmi və pedaqoji sahədəki xidmətlərinə görə ölkə Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub, 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə isə Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.
Tanınmış alim və pedaqoq, bacarıqlı elm və təhsil təşkilatçısı, səmimi insan və sədaqətli dost olan Oruc Həsənlini yaxından tanıyanlar onu “insanlığın zirvəsi” adlandırırdılar. Ömrünün 68-ci ilində dünyasını dəyişən alimin xatirəsinə dostlarının, ailə üzvlərinin birgə hazırladıqları kitab da belə adlanır: “Oruc Həsənli: insanlığın zirvəsi”.
Kitaba ön söz yazan ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov yaxın dostuna yüksək qiymət verərək deyir: “O, Allahın sevimli bəndələrindən idi. Allah-taala ona, hər şeydən əvvəl, gözəl xasiyyət bəxş etmişdi. Səbirli, təmkinli, ədəbli, səxavətli, xeyirxah, təvazökar, insansevər və təmənnasız adam idi”.
Naxçıvanla yanaşı, həm də ölkəmizin, eləcə də qardaş Türkiyənin müxtəlif elmi müəssisələri və ali məktəblərinin tanınmış alimləri Oruc Həsənlinin elmi fəaliyyətini, şəxsi keyfiyyətlərini elə səmimi və dəqiq ifadələrlə təsvir edirlər ki, oxucu onu yaxından tanıyan bir insan kimi təsəvvürünə gətirir.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov isə Oruc Həsənlini belə xarakterizə edir: “Öz zəngin daxili aləmi, saf mənəviyyatı ilə həmişə yüksəkdə dayanırdı. Xırdalanmaq, cılız hisslərlə yaşamaq bu insana tam yad hisslər idi... Oruc müəllim işıqlı, nurlu bir ziyalı idi. Oruc müəllim rəssamlıq sənətini sevən və hər hansı bir tablonu izah və təhlil etməkdə mahir idi”.
Oruc müəllim hamıya örnək olan ziyalı və vətənpərvər alim ömrü yaşayıb. O, elmi fəaliyyətinin ilk günlərindən ömrünün sonuna kimi pedaqogika və psixologiya elminə sədaqətlə xidmət göstərib. Tükənməz enerjisini, istedad və qabiliyyətini yorulmadan təhsil sistemimizə sərf edib. Oruc Həsənli bu gün cismən həyatda olmasa da, onu sevənlərin, dostlarının, həmkarlarının, tələbələrinin, yetirmələrinin və ailəsinin qəlbində yaşayır.
“Şərq qapısı”
Digər xəbərlər