NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Ordubaddan yüksələn səs – Gəmiqaya və Göygöl dünya irsinə doğru

...

Tarix bir daha yaddaşımıza həkk olundu: 2025-ci il 11 iyul – Azərbaycanın təqdim etdiyi “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Dünya İrsinin İlkin Siyahısına daxil edildi. Bu, sadəcə, bir siyahı deyil, bu, əsrlərin yaddaşına çevrilmiş Ordubad irsinin dünya miqyasında tanınması deməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova bu tarixi qərarı yüksək dəyərləndirərək bildirib:
"Ordubad hər zaman öz zəngin mədəni irsi ilə fərqlənib. Gəmiqaya qayaüstü təsvirləri  təkcə Azərbaycanın deyil, bütövlükdə, Qafqazın ən qədim sivilizasiya izlərini daşıyır. Bu təsvirlər sanki min illərin susqunluğunda səslənən bir tarixdir – insan, heyvan fiqurları, ov səhnələri, simvollar... Hər biri özündə bir çağın nəfəsini yaşadır”.
Deputat qeyd edib ki, bu tanınma yalnız qayaüstü rəsmlərə verilən dəyər deyil, həm də Ordubadın ruhuna, onun tarixi nəfəsinə, təbiətinə və insanına verilən qiymətdir:
"Göygöl ərazisi isə əsrarəngiz dağ gölləri, nadir təbiət mənzərələri ilə əsl mədəni-təbii incidir. Bu yerlər minilliklərin sakitliyini, dərinliyini qoruyur. UNESCO-nun bu addımı həm təbiət, həm də tarix qarşısında məsuliyyətli yanaşmanın ifadəsidir".
Sevinc Həsənova əminliklə bildirib ki, bu uğur təkcə bu günə deyil, gələcəyə ünvanlanmış mesajdır: "Gəmiqaya və Göygölün Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün bundan sonra da elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar davam etdiriləcək. Çünki bu torpaqlar bizim kimliyimizin aynasıdır və bu aynada artıq dünya da öz əksini görür".

Nəşr edilib : 12.07.2025 10:30