NAXÇIVAN :

03 May 2026, Bazar

Ordubad: Tarixin və mədəniyyətin əbədiyyət şəhəri

...

Səhərin ilk işıqları dağların ətəyini qızıl rəngə boyayarkən qədim diyar Ordubad yavaş-yavaş oyanır. Uzaq qayaların sükutu, dərələrdən axıb gələn sərin meh və səhərin yüngül dumanı şəhərə mistik bir hava verir. Burada hər daş, hər taxta qapı və hər dar küçə öz hekayəsini danışır. Qırmızı bişmiş kərpiclərlə hörülmüş divar naxışları, taxta qapılardakı incə oyma detalları və adət-ənənələrdən xəbər verən “taqqılbab” və “zəncirbab”lar əzəli yurdun zəngin mədəniyyətini göz önünə gətirir. Günəşin işığı rəngli, şəbəkəli pəncərələrdən içəri süzülərkən otaqlar sehrli bir işıqla dolur və hər addım insanı əsrlər əvvəlki həyatın ritminə aparır. Dar küçələrdə gəzərkən qədim məscidlərin və hündür evlərin əzəməti hiss olunur, daş divarların səssiz nəğmələri isə əcdadların gündəlik həyatını ruhumuza çatdırır.

Ordubad yalnız bir şəhər deyil, o, tarix, sənət və həyatın bir-birinə qarışdığı bir mədəniyyət məkanıdır. Hər küçə, hər meydan və hər tarixi abidə insanı sanki keçmişin sehrinə çəkir və ona öz köklərini, estetik gözəlliyini göstərir.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad, tarixin və mədəniyyətin əbədiyyətini özündə əks etdirir. Onun hər guşəsi, hər meydanı və hər dar küçəsi əsrlərin izlərini saxlayır. Bu qədim diyar yalnız Naxçıvanın deyil, bütün Azərbaycanın mədəniyyət xəzinələrindən biridir. Hər daşda bir hekayə, hər ağacda bir xatirə vardır; hər addımda isə insanı zamanın sehrli ritmi qarşılayır.

Şəhərin küçələri və meydanları əsrlərboyu olduğu kimi qorunub saxlanmışdır. Burada yerüstü və yeraltı memarlıq mirasları, buzxanalar, kəhrizlər və qədim hamamlar həm tarixi, həm də mədəni zənginliyi əks etdirir. Hər daş-divar və hər ulu çinar ağacı öz hekayəsini danışır. Qocaman çinarların kölgəsi altında tarixin nəfəsi hiss olunur, kəhrizlərdən gələn su isə əsrlərin saflığını və təmizliyini xatırladır. Bu diyar insanı sanki keçmişin sehrinə çəkir və ona köklərini, mədəni zənginliyini göstərir. Hər məhəllə, hər dar küçə və hər meydan tarixlə doludur. Buradakı hava isə keçmişin səssiz danışığı ilə doyur.

Qədim diyar Ordubadın memarlıq abidələri özünəməxsus üslubu ilə seçilir. Evlərin fasadları, incə oyma detallar və rəngarəng pəncərələr şəhərin zəngin estetik ənənəsini özündə yaşadır, hər daş, hər detal tarixin nəfəsini hiss etdirir. Orta əsr şəhərlərinin su təchizatı sistemi də diqqət çəkir. Yüzdən çox kəhriz və çeşmə şəhərin həm yaşayışını, həm də kənd təsərrüfatını təmin edirdi. Bu sistem düşmən mühasirəsi zamanı strateji əhəmiyyət kəsb edirdi və indiyə qədər bir neçə qədim kəhriz işlək vəziyyətdədir. Su kanalları şəhərin hər guşəsinə həyat verir, kəhrizlərdən axan təmiz su isə insan ruhunu təzələyir.

Ordubadın tarixi yalnız memarlıqla ölçülmür. Şəhər Səfəvi dönəmində diqqətdə olmuş və I Şah Abbas əhalini xüsusi fərmanla vergi azadlığı ilə mükafatlandırmışdır. XVII və XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri, Qeysəriyyə, mədrəsə və karvansaralar bu dövrün şəhərsalma və mədəni ənənələrini gözəl şəkildə əks etdirir. Mərkəzi meydandan yayılan məhəllələr sistemi şəhərin planlaşdırılmasının zərifliyini və ictimai həyatın nizamını ortaya qoyur. Hər məhəllənin öz tarixi adı və hekayəsi qorunub saxlanılıb, hər küçə insanı sanki bir başqa dövrün nəfəsi ilə qarşı-qarşıya qoyur.

Bu tarixi məskən həm də sənətkarlar şəhəridir. Misgərlik, dulusçuluq, dəmirçilik və nəqqaşlıq kimi qədim sənət ənənələri burada illərdir, yaşadılır. Qədim evlərin divarlarında nənələrin laylası, babaların öyüd-nəsihəti hələ də eşidilir. Məişət əşyaları, gündəlik istifadə olunan qab-qacaq və digər əl işləri şəhərin zəngin mədəniyyətini bu günə daşıyır.

Qədim diyar Ordubad həm də beynəlxalq səviyyədə mədəni irs kimi tanınması ilə diqqət çəkir. 2024-cü il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncam imzalanıb. Bu da qoruq şəhərin qədim memarlıq abidələrini, arxeoloji və etnoqrafik materiallarını qorumağa töhfə verir. Burada Cümə məscidi, Sərşəhər və digər tarixi məscidlər, Qeysəriyyə kompleksi, buzxana, mədrəsə, kəhrizlər və yaşayış evləri qorunur və bərpa olunur.

2026-cı il fevralın 11-də Özbəkistanın Daşkənd şəhərində keçirilən ICESCO İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyasında bu qədim diyar İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Bu hadisə şəhərin mədəni və tarixi əhəmiyyətinin beynəlxalq səviyyədə tanınmasının növbəti mərhələsidir. Qərar yalnız şəhərin qorunması və təbliği baxımından deyil, həm də gələcək nəsillərə zəngin mədəni irsin ötürülməsi üçün böyük əhəmiyyət daşıyır. Növbəti mərhələdə nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi üçün müvafiq işlər aparılacaq.

Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi, həmçinin 2026-cı ildə ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə mühüm töhfədir. Bu hadisələr şəhərin həm milli, həm də beynəlxalq mədəni irs baxımından əhəmiyyətini daha da yüksəldir və onun qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi prosesinə xüsusi dəyər qatır.

Aidə İBRAHİMOVA

NDU-nun nəzdindəki Beynəlxalq

Kembric Məktəbinin

 İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Nəşr edilib : 13.02.2026 17:04