NAXÇIVAN :

03 May 2026, Bazar

Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır

...

Avropa Parlamentinin 2026-cı il 30 aprel tarixli qərəzli qətnaməsi beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qətnamənin obyektivlikdən, beynəlxalq hüququn fundamental prinsiplərindən və regionda formalaşmaqda olan sülh gündəliyindən uzaq olduğu vurğulanaraq, Avropa Parlamentinin bu sənədlə Cənubi Qafqazdakı real vəziyyəti təhrif etdiyi, Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsiz yanaşma nümayiş etdirdiyi və artıq geridə qalmış münaqişə ritorikasını yenidən siyasi dövriyyəyə qaytarmağa cəhd göstərdiyi diqqətə çatdırılıb. Xüsusilə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin Azərbaycanın daxili hüquqi reallıqlarının təhrif edilməsi və separatçı yanaşmaların dolayı şəkildə legitimləşdirilməsi kimi dəyərləndirilib.
Eləcə də Qarabağ ermənilərinin “qayıdış hüququ” ilə bağlı müddəaların birtərəfli təqdim olunmasının Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin hüquqlarını təmin etmək səlahiyyətinə malikdir və bu kimi məsələlər yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll oluna bilər. Sənəddə Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun diqqətdən kənarda qalması sərt şəkildə tənqid olunub.
Bəyanatda Avropa Parlamentinin qətnaməsində erməni mədəni irsi ilə bağlı iddiaların birtərəfli olduğu bildirilərək, işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılara eyni yanaşmanın sərgilənmədiyi qeyd edilib, bunun sənədin hüquqi obyektivlikdən çox siyasi seçicilik əsasında hazırlandığını göstərdiyi vurğulanıb.
Habelə “erməni hərbi əsirləri, saxlanılan şəxslər və girovların ədalətsiz şəkildə həbsdə saxlanılması” barədə iddiaların da hüquqi baxımdan qəbuledilməz olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan ərazisində terrorçuluq, təxribat, qanunsuz silahlı birləşmələrdə iştirak, hərbi cinayətlər və digər ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının suveren hüququdur. Heç bir xarici siyasi qurum Azərbaycanın məhkəmə yurisdiksiyasına siyasi təzyiq göstərə bilməz. Avropa Parlamenti bilməlidir ki, cinayət məsuliyyəti siyasi bəyanatlarla aradan qaldırıla bilməz. Ağır cinayətlərdə ittiham olunan şəxslərin siyasi qətnamə vasitəsilə məsuliyyətdən yayındırılmasına çağırış etmək hüquqi baxımdan yolverilməz, siyasi baxımdan isə məsuliyyətsiz yanaşmadır.
Bundan başqa, Avropa İttifaqının Ermənistandakı missiyasının yalnız “sabitləşdirici faktor” kimi təqdim edilməsi də birtərəfli yanaşmanın göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, regionda sabitlik yalnız bir tərəfin maraqları əsasında deyil, bütün dövlətlərin suverenliyi, təhlükəsizliyi və qarşılıqlı hörmət prinsipləri əsasında təmin oluna bilər. Azərbaycanın haqlı təhlükəsizlik narahatlıqlarının nəzərə alınmaması Avropa İttifaqının neytrallıq və balanslı yanaşma iddiasını ciddi şəkildə şübhə altına alır.
Eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı məsələsinin qətnamədə birtərəfli şəkildə təqdim edilməsinin də qəbuledilməz olduğu bildirilib. Kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası və regional iqtisadi əməkdaşlıq bütün Cənubi Qafqazın inkişafına xidmət edən mühüm amil olduğu vurğulanıb. Avropa Parlamentinin qətnaməsinin sülh prosesinə dəstək vermək əvəzinə, onu zəiflədən sənəd olduğu qeyd edilib. Sənəddə istifadə olunan ifadələrin və irəli sürülən tələblərin revanşist dairələri ruhlandırdığı, separatçı düşüncəni qidalandırdığı və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə zərbə vurduğu bildirilib.
Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentindən tələb edib ki, Azərbaycan Respublikasına qarşı qərəzli və hüquqi əsası olmayan müddəalardan imtina etsin, “Dağlıq Qarabağ” kimi Azərbaycan Respublikasının hüquqi və inzibati sistemində mövcud olmayan ifadələri rəsmi sənədlərindən çıxarsın, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət göstərsin. “Azərbaycan xalqının suveren hüquqları, Azərbaycan dövlətinin ərazi bütövlüyü və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə predmeti deyil. Bu reallığı heç bir qətnamə, siyasi bəyanat və ya xarici təzyiq dəyişdirə bilməz”, - deyə bəyanatda bildirilib.

Nəşr edilib : 03.05.2026 16:40