NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində magistraturada yeni ixtisaslar üzrə kadr hazırlığı aparılacaq

...

Artıq təhsilin ikinci səviyyəsi üzrə keçirilən magistratura imtahanları başa çatıb və ballar açıqlanıb. Naxçıvan Dövlət Universitetində magistraturada təhsil almaq istəyənlər bir çox suallarla maraqlanırlar. Yeni ixtisaslar olacaqmı? MBA (Master of Bisness of Adminstration) üzrə magistr təhsili nədir? İdarə və müəssisələrdə işləyənlər necə təhsil ala biləcəklər? Suallarımıza cavab almaq üçün universitetin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyevə söhbətləşdik:

Çapay müəllim, bildiyimiz kimi, Naxçıvan Dövlət Universiteti çoxprofilli bir ali təhsil müəssisəsi olduğu üçün, demək olar ki, təhsilin magistratura səviyyəsində bütün istiqamətləri əhatə edən ixtisaslaşmalar üzrə kadr hazırlığı aparılır. Dəqiq olaraq buraya hansı ixtisaslar daxildir?

 İncəsənət, tibb, iqtisadiyyat, pedaqoji, memarlıq-mühəndislik, tarix-filologiya və sair qeyd edə bilərik. Kitabxanaşünaslıq, inkişaf psixologiyası, klassik musiqi alətləri ifaçılığı, xalq çalğı alətləri, yeni ad və məzmunda olacaq. Sənətşünaslıqda Teatr tarixi və nəzəriyyəsi, Milli vokal, Vokal sənəti ixtisasında, maliyyə ixtisasında Biznesin idarə edilməsi, həm dissertasiyalı, həm də dissertasiyasız ixtisası, Beynəlxalq idarəetmə, Strateji menecment, Biotexnologiya, Yarımkeçiricilər, Nanotexnologiya, ixtisasları üzrə kadr hazırlığı olacaq. İnformatika ixtisası təsnifatdan çıxarılıb, yeni formatda Komputer modelləşdirilməsi ixtisası kimi kadr hazırlığı aparılacaqdır. Şəhərsalma ixtisası daxilində Dayanıqlı şəhərsalma rejimi planlaşdırılması ixtisaslaşması üzrə kadr hazırlığı, İdman məşqinin nəzəriyyəsi ixtisasında güləş nəzərdə tutulub. Bu ixtisaslaşmalar üzərində həm onların təhsil proqramlarının, həm də tədris proqramlarının yenilənməsi, ümumiyyətlə, yeni fənlərin əlavə edilməsi istiqamətində davamlı olaraq əmək bazarının tələblərinə uyğun işlər görülür. Bu tədris ilindən başlayaraq magistratura səviyyəsində, ümumiyyətlə dövlət səviyyəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təhsil proqramlarının yenilənməsi prosesi həyata keçirilir.

  Əvvəl umumi kod adı altında verilən ixtisaslarda hansı dəyişikliklər edilib?

Xalq çalğı alətləri birgə verilirdisə, indi ayrı-ayrılıqda təsnifləşdirilib. İl yarımlıq proqramları, hansı ki 90 kreditlik proqramlarda, dissertasiyasız proqramları bitirən şəxslər il yarım oxumaqla magistr dərəcəsinə sahib ola biləcəklər. Bu baxımdan magistraturada ciddi dəyişikliklər və yeniliklər gedir. Yeni məzmunda yeni təhsil və tədris proqramları ilə yeni fənlərlə, yeni məzmunda kadr hazırlamağa başlayacağıq. Bu ixtisalarda təhsil alacaq magistrantların gələcəkdə həm iş tapmalarına və müxtəlif mübadilə proqramlarında iştirak etməklə onlara təhsilinin bir hissəsini xarici ölkədə davam etdirmək imkanı yaradır.

Naxçıvan Dövlət Universitetində plan yerlərinə qəbul barədə necə proqnoz verə bilərsiniz?

Yeni təhsil ilində gözləntimiz çoxdur. Apardığımız statistik təhlilləri də nəzərə alsaq, sənəd verən bakalavrları əsas götürsək, qəbulun daha yüksək olacağını gözləyirik. İkinci bir məsələ də ondadır ki, dərslərin axşam növbəsində keçirilməsi bir növ həm təhsil alıb, həm də işləmək imkanı yaradır. Gənclərimiz öz kariyeralarının ardınca gedə bilirlər. Bu da onların həm praktika, həm də nəzəriyyə baxımından müştərək fəaliyyətini təmin etmiş olur.

Müşahidələrimə görə Azərbaycanın bölgələrindən və digər ölkələrdən, məsələn, Türkiyədən Naxçıvan Dövlət Universitetini seçən magistrantlar da az deyil. Bu barədə nə deyə bilərsiniz?

Yaxşı təhsilin harada olub-olmasından asılı olmayaraq, biz onun arxasınca gedirik. Bu, ölkəmizə də, dünyaya da aiddir. Naxçıvan Dövlət Universiteti təhsil və strateji gələcək planlaması baxımından, eyni zamanda tələbələrə əlavə imkanlar təqdim edir. Universitetin hərtərəfli maddi-texniki bazası var, kadr potensialı güclüdür. Beynəlxalq əlaqələri də eləcə. Sadaladığımız bu parametrlər magistrantları bizim universitetə cəlb edir.

Magistratura üzrə təhsil almaq istəyən oğlanların (kişi cinsinə mənsub şəxslərin) hərbi xidmət müddəti necə tənzimlənir?

Azərbaycan Respublikasında təsdiq olumuş qaydalara görə, əyani təhsil alan gənclərə 26 yaşa qədər möhlət verilir və bu imkan yaradır ki, magistrın təhsil müddətində akademik borcu yaranarsa, o bizim təqdim etdiyimiz arayış əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən magistrantlara əlavə vaxt verilir, onlar kredit borcları bağlayaraq təhsillərini hesablanmış vaxtda bitirə bilirlər.

MBA (Master of Bisness of Adminstration) proqramı üzrə magistratura təhsili hansı qaydada aparılır?

Bura bakalavr ixtisasından asılı olmayaraq, bütün ixtisaslar üzrə qəbul həyata keçirilir. Bayaq dediyim kimi, dissertasiyalı və dissertasiyasız proqramlarımız da mövcuddur. Dissertasiyasız proqramlarımız 1 il 6 ay davam edəcək. Bu proqramın sonunda pedaqoji təcrübə olur, elmi-tədqiqat təcrübəsi olmur, dissertasiya işi işlənmir. Bu da imkan yaradır ki, kimsə öz ixtisasın dəyişsin. Şəxsi biznesini inkişaf etdirmək istəyənlər də var. Onlar həm dövlət, həm də özəl müəssisələrdə konkret ixtisaslaşmış mütəxəssis kimi işləyə bilərlər.

                                                     Sacidə HÜSEYNOVA

                            Naxçıvan Televiziyası, redaktor

 

Nəşr edilib : 11.06.2025 16:08