İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
“Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra abituriyentlərin qarşısında duran ən vacib mərhələlərdən biri ixtisas seçimi prosesidir. Bu mərhələ abituriyent olan hər bir gəncin gələcək həyat yolunu, peşə istiqamətini və karyera inkişafını müəyyən etdiyi üçün hər zaman böyük diqqət və dəqiqlik tələb edir. Düzgün ixtisas seçimi təkcə bu gün üçün deyil, gələcəkdə ölkənin intellektual potensialının formalaşmasında da mühüm rol oynayır”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili sektorunun müdiri Hüseyn İmanov söyləyib.
Müsahibimiz bildirib ki, məhz bu baxımdan universitetdə abituriyentlərə dəstək olmaq, onların doğru seçim etmələrinə köməklik göstərmək məqsədilə artıq ənənə halını almış bir təşəbbüs – Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz 4-cü ildir ki, mütəşəkkil formada fəaliyyət göstərir və hər il daha da təkmilləşdirilərək gənclərin xidmətində olur. 2025-ci il üçün Abituriyent Məsləhət Mərkəzi 10-19 avqust tarixlərdə, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcəkdir. Bu müddət ərzində universitetin təcrübəli kollektivi və fəal könüllü tələbələr tərəfindən abituriyentlərə və onların valideynlərinə ixtisas seçimi, sənəd qəbulu prosesi, universitetin fakültələri, tədris istiqamətləri, beynəlxalq proqramlar, ikili diplom imkanları və tələbə həyatı barədə dolğun və əhatəli məlumatlar veriləcəkdir.
Onun sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzinin məqsədi yalnız məlumat vermək deyil, eyni zamanda abituriyentin öz potensialına və maraqlarına uyğun istiqamətə yönləndirilməsidir. Çünki bu mərhələdə verilən düzgün qərar gəncin həm akademik, həm də peşəkar həyatında uğurlarının bünövrəsini təşkil edir. “Universitet olaraq biz bu məsuliyyətli dövrdə gənclərə həm də mənəvi dəstək göstərmək niyyətindəyik. Abituriyentlər çox zaman təkcə seçim çətinliyi ilə deyil, informasiya çatışmazlığı ilə də üz-üzə qalırlar. Məhz bu səbəbdən mərkəz vasitəsilə hər bir müraciət edən abituriyentə fərdi yanaşma tətbiq olunur, onların suallarına peşəkar səviyyədə cavab verilir, seçimlərində tərəfsiz və dəqiq istiqamət göstərilir. Abituriyent Məsləhət Mərkəzinin fəaliyyət dairəsi təkcə üzbəüz görüşlərlə məhdudlaşmır. Qaynar xətt vasitəsilə, eləcə də sosial media kanallarımızda aktiv şəkildə suallar cavablandırılır, universitetin təqdim etdiyi imkanlarla bağlı broşürlər və məlumat vərəqələri paylaşılır. Bu il əlavə olaraq interaktiv təqdimatlar, videoçarxlar və ixtisas tanıtım günləri də təşkil ediləcək” , – deyə müsahibimiz bildirdi.
Hüseyn müəllimin sözlərinə görə, Naxçıvan Dövlət Universiteti abituriyentlər üçün, sadəcə, bir təhsil ocağı deyil, eyni zamanda təcrübə, inkişaf və fürsət məkanıdır. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, bir çox beynəlxalq tərəfdaşlı proqramlar, ikili diplom layihələri, təqaüd sistemləri, müasir yataqxana şəraiti və rəqəmsal tədris platformaları gənclərin burada təhsil almasını daha da cəlbedici edir. Bu imkanlar abituriyentlərə təqdim olunaraq onların seçim zamanı geniş perspektivlə baxmasına yardım edir.
Hüseyn müəllim bildirdi: “Tələbə təşkilatları haqqında çıxışım da xüsusi vurğulamaq istədiyim məqamlar var. Çünki universitet daxilində fəaliyyət göstərən tələbə təşkilatları abituriyentlərin seçimində nəzərə almalı olduqları vacib üstünlüklərdən biridir. Hazırda universitetdə bir neçə istiqamət üzrə fəaliyyət göstərən tələbə təşkilatları gənclərə liderlik bacarıqları, sosial fəallıq, komanda işi və praktiki təcrübə qazandırır. İcazənizlə hər bir tələbə təşkilatı haqqında qısa bir məlumat xarakterli danışmaq istəyirəm. Tələbə Elmi Cəmiyyəti (TEC) tələbələrin elmi potensialını üzə çıxaran, tədqiqat vərdişlərini formalaşdıran və elmi fəaliyyətə cəlb edən platformadır. TEC tərəfindən elmi konfranslar, seminarlar və məqalə müsabiqələri təşkil olunur. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin hüquqlarının qorunması, sosial məsələlərinin həlli və rifahının yüksəldilməsi ilə məşğul olur. Sosial dəstək proqramları, tədbirlər THİK vasitəsilə həyata keçirilir. Tələbə Gənclər Təşkilatı (TGT) universitetin dinamik və əhatəli təşkilatlarından biridir. Sosial layihələr, vətənpərvərlik aksiyaları, liderlik təlimləri, gənclər siyasəti çərçivəsində çoxsaylı tədbirlər təşkil olunur. Tələbə Turizm Assosiasiyası turizm sahəsinə maraq göstərən tələbələr üçün nəzərdə tutulub. Assosiasiya yerli səfərlər, mədəniyyət turları və turizm layihələri təşkil etməklə tələbələrə təcrübə qazandırır. Və xüsusi faəliyyəti ilə seçilən EMSA – European Medical Students’ Association tibb tələbələrinin elmi və sosial inkişafına yönəlmiş beynəlxalq təşkilatdır. Sağlamlıq kampaniyaları, seminarlar və beynəlxalq əməkdaşlıqlar həyata keçirilir. ELSA – European Law Students’ Association hüquq sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Hüquqi simulyasiyalar, seminarlar, debatlar və hüquq forumları təşkil etməklə tələbələrə peşəkar mühit yaradır.
Müsahibimiz onu da qeyd etdi ki, adıçəkilən təşkilatlarda fəaliyyət göstərən yüzlərlə tələbə bu gün ali təhsilin yalnız kitab və dərs auditoriyası ilə məhdudlaşmadığını, real həyatda tətbiq olunan bacarıqların da universitet həyatının bir parçası olduğunu sübut edir. Tələbə təşkilatlarında fəal iştirak edən gənclər universiteti bitirdikdən sonra həm savadlı mütəxəssis, həm də özünəinamlı lider kimi yetişirlər.
Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən bu təşkilatlar, gənclərin özlərini kəşf etməsi, fikir və təşəbbüslərini reallaşdırması, həmçinin sosial məsuliyyət hissi daşıyan vətəndaş kimi formalaşması üçün geniş imkanlar yaradır.
Bu baxımdan, biz abituriyentlərin ixtisas seçimi ilə yanaşı, seçdikləri universitetin tələbə yönümlü fəaliyyətlərini, gənclərə yaradılan inkişaf şəraitini və tədrisdənkənar imkanlarını da dəyərləndirmələrini tövsiyə edirik. Çünki universitet həyatı sadəcə diplom qazanmaq deyil, şəxsiyyətin formalaşma dövrüdür.
Gələcəyin uğurlu mütəxəssislərinin yetişməsində ixtisas seçimi mərhələsinin rolu danılmazdır. Bu baxımdan universitetimizin Abituriyent Məsləhət Mərkəzi gələcək tələbələrimizin ilk yol yoldaşı olmaqla onların uğurlu təhsil həyatına peşəkar şəkildə hazırlıq görməsini təmin edir”.
Hüseyn İmanov son olarq üzünü abituriyent gənclərə tutaraq bildirdi: “Əziz abituriyentlər! Sizi universitetimizin Abituriyent Məsləhət Mərkəzinə dəvət edirik. Gəlin bu həlledici mərhələdə birgə addım ataq, arzularınızı reallığa çevirəcək ixtisası seçək. Naxçıvan Dövlət Universiteti hər zaman sizin yanınızdadır və gələcəyinizə dəyər vermək üçün buradadır. Uğurla verilmiş bir qərar, uğurlu gələcəyin başlanğıcıdır”.
Biz də Hüseyn müəllimin sözlərinə qoşuluruq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər