TDT-nin Baş katibi Azərbaycanda səfərdədir
22:35 22.05.2025
0
0
0
NAXÇIVAN :
23 May 2025, Cümə
“Şərq memarlığının incilərindən olan Möminə xatun türbəsi ilə bağlı Sərəncam milli irsin qorunmasına yönəlik mühüm addımdır”. Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix elmləri doktoru Zeynəb Quliyeva söyləyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 may 2025-ci il tarixdə imzalanan “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam zəngin tarixi-mədəni irsimizin mühafizəsi, beynəlxalq miqyasda təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən tarixi-arxeoloji və mədəni irsimizin dünya mədəniyyətinə qiymətli töhfələrindən olan bu möhtəşəm abidənin orijinallığının, ənənəvi memarlıq xüsusiyyətinin mühafizə olunmaqla bərpa edilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılması abidələrimizə olan dövlət qayğısının daha bir parlaq təzahürüdür. Bu, tarixinə və milli-mənəvi dəyərlərinə bağlı olan hər kəsi, geniş ictimaiyyəti sevindirən addımdır.
Zeynəb xanım əlavə edib ki, XII əsr Azərbaycan memarlıq sənətinin, bütövlükdə isə türk-İslam mədəniyyətinin şah əsəri olan Möminə xatun türbəsi Əcəmi memarlıq məktəbinin Şərq memarlığının çiçəklənməsində xüsusi təsir göstərmiş qiymətli sənət əsəri, eyni zamanda dünya memarlıq tarixinin nadir nümunələrindəndir. Tikilməsinə 1186-cı ildə Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə həyat yoldaşının xatirəsinə ehtiram nümunəsi olaraq başlanılan, onun vəfatından sonra isə oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən tikintisi tamamlanmış bu abidə ailə dəyərlərinin və ana məhəbbətinin müqəddəsliyini təcəssüm etdirir. Türbənin dünya əhəmiyyətli abidələr sırasında xüsusi yerinin olması, Azərbaycanın dövlətçilik tarixinin və milli-mənəvi dəyərlərinin təbliği baxımından da olduqca mühüm dəyərə malikdir.
Qeyd etmək lazımdır ki, Möminə xatun türbəsi Ümummilli Lider Heydər Əliyevin qayğısı sayəsində 1998-ci ildə UNESCO-nun Mədəni irs siyahısına daxil edilmişdir. Onun tarixi-mədəni dəyərlərimizə münasibətdə yeritdiyi siyasətin uğurlu davamı olaraq bu gün Möminə xatın türbəsinin bərpası, qorunması ilə bağlı verilmiş Prezident Sərəncamı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın tarixi dövlətçilik ənənələrinin, tarixi-mədəni irsinin qorunması və əbədiləşdirilməsinə qiymətli töhfədir.
Bülbül QULİYEVA
Digər xəbərlər