NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanlı tələbələr: “Rumıniyada keçdiyimiz təcrübə bizim üçün mədəni bir kəşf idi”

...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə təhsil alan tələbələri beynəlxalq mübadilə proqramı çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində ümumi cərrahi əməliyyatlarda iştirak ediblər. Onlar  müşahidələr aparıb, laparoskopiya üzrə simulyasiyada iştirak edərək təlimlər alıblar. Həmçinin tələbələr Buxarest şəhərində mədəni, sosial proqramlarda olub və gəzintilərdə iştirak ediblər.  Həmin tələbələrdən Saime Buse Güveni, Püstəxanım Quliyevanı, Şövkət Ağayevanı və Fuad Hüseynovu redaksiyamıza dəvət edib həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.

Püstəxanım Quliyeva: “EMSA-nın missiyası Avropada səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltmək, güclü bir Avropa kimliyi yaratmaq və mədəniyyətlərarası anlaşmanı təşviq etməklə tibb tələbələrinin səhiyyə sahəsində fəal iştirakına nail olmaqdır. İlk xarici Twinning proqramımızı həyata keçirmək üçün müxtəlif müsahibələrdən keçən 11 tələbə yoldaşımızla  birlikdə Rumıniyada unudulmaz bir təcrübə yaşadıq. Xüsusilə xarici proqramlar ixtisasından asılı olmayaraq, hər tələbə üçün sosial həyatda çoxlu bacarıqlar qazandırır. Ölkəmizdə hər yerə rahat hərəkət edə bilərkən, xarici bir ölkədə marşrut planlaşdırma, xəritə oxuma, ictimai nəqliyyat sistemlərindən istifadə və texnologiyanı effektiv şəkildə idarəetmə bacarıqlarımızı inkişaf etdirdik. Nəticədə, qənaətə gəldik ki, ya dünya, həqiqətən, kiçikdir, ya da biz qeyri-adi dərəcədə uyğunlaşma qabiliyyətinə malik fərdlərik! Peşəkar baxımdan qazandıqlarımıza gəldikdə isə, ən başlıcası, biz oraya Tibb fakültəsi tələbələri kimi getmişdik.  Ünsiyyətin vacib olduğu bu sahədə nə qədər çox insanla tanış olub müşahidə aparsaq, gələcəkdə problemləri həll etməkdə və həll yolları təklif etməkdə bir o qədər uğurlu olacağımızın fərqindəyik. Bu proqram hadisələrə və insanlara qarşı dözümlülüyümüzü, çətinliklər qarşısında müqavimətimizi artıraraq şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə töhfə verdi”.

Saime Buse Güven Püstəxanımın söhbətinə qoşularaq deyir: “Tibbi sahədə peşəkar səviyyədə dil təcrübəsi qazanmaqla özümüzə olan inamımız artdı və tibbi biliklərimiz daha da genişləndi.

Buxarest Onkologiya Xəstəxanasında professorlarla birgə onkoloji xəstələrdən anamnez toplamaq təcrübəsi qazandıq. Öz universitetimizdə ilk illərdən bu təlimi alsaq da, fərqli mədəniyyətlərdə bu prosesi müqayisə etmək və çatışmazlıqlarımızı görmək imkanı qazandıq. Xəstələrə yanaşma üsulları, xəstəliyə dair verilən suallar bizim üçün səmərəli təcrübə oldu. Həmin sahənin aparıcı professorlarının iştirak etdiyi açıq onkologiya əməliyyatında iştirak, ortopediya əməliyyatlarını müşahidə etmək gələcək karyeramıza istiqamət verən imkanlar idi. Nəticə etibarilə, bu təcrübə gələcəkdə cərrahiyyə sahəsində, xüsusilə minimal invaziv texnikalar üzrə ixtisaslaşma düşüncəmizi daha da gücləndirdi”.

 Müsahibimiz deyir: “Buxarest keçirdiyimiz saatlar adi turist gəzintisindən daha çox mədəni bir kəşf idi. Tibb təhsili almaq insana təbiətə, cəmiyyətə və mədəniyyətə daha həssas bir gözlə baxmağı öyrədir. Buna görə də hər bir bina, hər bir heykəl, hər bir meydan mənə təkcə estetik deyil, həm də tarixi və sosial kontekstdə çox şey danışdı. Xüsusilə şəhərin memarlıq quruluşu. Buxarest və ətrafını gəzmək üçün ayırdığımız vaxt fərqli bir mədəniyyəti yaxından tanımaq baxımından böyük fürsət idi. Şəhərin memarlığı, tarixi abidələri, muzeyləri Rumıniya mədəniyyətinin nə qədər köklü və zəngin olduğunu göstərdi. İncəsənət deyəndə ilk ağla gələn ölkələrdən biri kimi doğma Azərbaycanla müqayisə etmək fürsəti də tapdım. Buxarestin “Atheneum” konsert zalı heyran qaldığım bir yer idi və mənə  Naxçıvandakı Heydər Əliyev Sarayını xatırlatdı.  Bu cür səyahətlər təkcə sosial fəaliyyət deyil, həm də gələcək həkim kimi mədəni fərqlilikləri anlamaqda əvəzsiz təcrübələrdir. Gələcək peşə karyeramda fərqli insanlarla ünsiyyət qurarkən bu təcrübələrin mənə müsbət təsir edəcəyinə inanıram”.

Şövkət Ağayeva: “Gələcəkdə xarici ölkələrdə tibb konfranslarında, mübadilə proqramlarında və ya birgə tədqiqat layihələrində iştirak etməyi çox arzulayıram və inanıram ki, bu təcrübə hədəflərimə çatmaqda əhəmiyyətli olacaq. Əsas məqsədim gələcəkdə savadlı, peşəkar həkim olmaqdır. Bunun üçün öz üzərimizdə daim çalışmalı, əlavə vebinar, təlim, konfrans və bu cür beynəlxalq mübadilə proqramlarında  fəal iştirak etməliyik”.

Fuad Hüseynov isə deyir: “Twinning proqramının ən xoş tərəflərindən biri də gələcəkdə Rumıniyadan gələcək tələbə yoldaşlarımızı Naxçıvanda qonaq edib, onlara həm mədəniyyətimizi, həm də təhsil sistemimizi tanıtmaq üçün xüsusi proqram təşkil etməkdir.  Bu cür proqramlara daha çox tələbənin qoşula biləcəyinə inanıram. İştirakçı tələbələr üçün proqramdan əvvəl oriyentasiya təlimləri, əsas dil dəstəyi və mədəni hazırlıq sessiyalarının təşkil edilməsi tələbələrin uyğunlaşma prosesini asanlaşdıracaqdır. Proqramdan sonra isə təcrübələrin yazılı və ya vizual şəkildə paylaşıla biləcəyi, kollektiv yaddaş yaradacaq rəqəmsal platformanın qurulması faydalı olardı”.

Biz də Rumıniyada mübadilə proqramında iştirak edən, müəyyən təcrübə qazanan tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bülbül QULİYEVA

Nəşr edilib : 14.04.2025 09:53