NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanda Uşaq İncəsənət Festivalının 1-ci seçim turu başladı

...

"Şərq qapısı" xəbər verir ki, 23 aprel tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turuna Naxçıvanda start verilib. 
Əvvəlcə münsiflər heyəti və festival iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edərək muzeyin ekspozisiyası ilə tanış olublar.
Daha sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano nominasiyası üzrə seçim turuna başlanılıb. 
Qeyd edək ki, festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə təşkil olunub.
Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək.
Nəzərinizə çatdıraq ki, festivalda iştirak üçün Naxçıvan Muxtar Respublikası üzrə 1000 nəfərdən çox namizəd qeydə alınıb. Onlardan 663 nəfəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin şagirdidir.

Nəşr edilib : 23.04.2025 15:25