Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam Naxçıvanda su ehtiyatlarından daha səmərəli istifadə olunmasını, su təsərrüfatı infrastrukturunun yenilənməsini, içməli su və suvarma suyu ilə təminatın mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.
Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və şəhərlərində nasos stansiyalarının, hidrotexniki qurğuların yenidən qurulması, suvarma kanallarının əsaslı təmiri və yenilənməsi həyata keçiriləcək. Eyni zamanda içməli su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və şoranlaşmaya qarşı tədbirlərin görülməsi planlaşdırılır.
Sərəncamda layihələrin icrasına məsul qurumlar müəyyən edilib, icra prosesinin əlaqələndirilməsi və maliyyələşdirilməsi üzrə tapşırıqlar verilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi görülən işlər barədə hər il Prezidentə hesabat təqdim edəcək.
İcra ediləcək tədbirlər nəticəsində Naxçıvanda kənd təsərrüfatının su təminatı yaxşılaşacaq, məhsuldarlıq artacaq, əhalinin içməli suya çıxışı daha etibarlı olacaq, su itkiləri azalacaq və bölgənin sosial-iqtisadi inkişafı üçün dayanıqlı infrastruktur formalaşacaq.
Digər xəbərlər