NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvanda əsgərin qətli ilə bağlı komandirinə 5 il həbs tələb olundu

...

Müdafiə Nazirliyinin N  hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Qibləlin Yusifov çıxış edib.

Prokuror çıxışında məhkəmədən Samir Həziyevin 5, Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin vəkilləri Kəramət Əliyev və Orxan Zeynalov isə məhkəmənin təxirə salınması barədə vəsatət qaldırıblar. Məhkəmə onların vəsarətini təmin edib.

Məhkəmə aprelin 17-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Nəşr edilib : 11.04.2025 13:34