NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvanda elektrikli avtobuslardan istifadə edilir

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji problemlərin həllinə və “yaşıl enerji” mənbələrinin genişləndirilməsi ilə bağlı siyasi iradəsi çərçivəsində karbon emissiyalarını azaltmaq və ekoloji çirkliliyin qarşısını almaq üçün  nəzərdə tutulan elektromobil və hibrid mühərrikli avtomobillərin istifadəsi olduqca önəmli layihə, ölkəmizin davamlı inkişaf strategiyasına uyğun mühüm təşəbbüslərdən biridir. Prezidentin ölkədaxili nəqliyyat sektorunda yeniliklərin tətbiqi, ətraf mühitin qorunması və enerji səmərəliliyinin artırılması ilə bağlı çıxışları və qərarları çərçivəsində elektrik mühərrikli avtomobil və avtobusların istifadəsinə başlanılması həmin tədbirlərin davamıdır. 2024-cü ilin mart ayında “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalanması da bu məqsədə söykənir. Elektromobillərin istifadəsinin yayılması üçün dövlət tərəfindən istehlakçılara lazımi güzəştlər edilir. Həmin elektromobillərin və şarj cihazlarının ölkəyə idxalı zamanı ƏDV-dən azad edilməsi bu addımın təcəssümüdür. Elektromobil nəqliyyatının inkişafı Azərbaycanın “yaşıl inkişaf” strategiyasının tərkib hissəsi kimi də qiymətləndirilir.

Ölkə üzrə ilk dəfə 2022-ci ilin may ayından Naxçıvanda şəhərdaxili nəqliyyatda elektrobusların istismara verilməsi müasir nəqliyyat sisteminin inkişafı və ekoloji tarazlığın qorunması istiqamətində göstərilən qayğının təzahürünə çevrilib. Bu addım nəqliyyat sistemində mühüm yenilik olmaqla yanaşı, daxili yanacaq mühərrikli avtomobillərlə müqayisədə hava çirkliliyinin qarşısının alınması, yanacaq sərfiyyatının azaldılması və səs-küyün minimuma endirilməsinə öz faydasını verir. Elektrikli nəqliyyat vasitələri ekoloji təmiz və enerji baxımından səmərəli olduğu üçün şəhərimizdə karbon qazı emissiyasının azalmasına səbəb olur. Azərbaycanda yaşıl enerji konsepsiyasının tətbiqi ölkənin strateji inkişaf prioritetlərindən biridir və bu istiqamətdə konkret addımlar atılır.

Elektrikli avtobusların istifadəsi, həmçinin iqtisadi baxımdan da səmərəlidir. Adi dizel və benzinlə işləyən avtobuslarla müqayisədə elektriklə işləyən avtobusların istismar xərcləri daha aşağıdır. Yanacaq sərfiyyatına ehtiyac olmaması və enerji xərclərinin azalması, həmçinin elektrik mühərriklərinin mexaniki baxımdan daha az aşınmaya məruz qalması onların uzunmüddətli istifadəsini təmin edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ekoloji və nəqliyyat islahatları çərçivəsində Naxçıvanın “yaşıl texnologiya”lara keçidi və elektrikli avtobusların istifadəsi həm regionun sosial-iqtisadi inkişafına, həm də ətraf mühitin mühafizəsinə böyük töhfələr verir. Bu layihə gələcəkdə Azərbaycanın digər şəhərlərində də tətbiq edilərək ölkəmizin ekoloji dayanıqlılığını artırmaq və müasir nəqliyyat sisteminin inkişafını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 10.02.2025 14:58