NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda biznes üçün yeni güzəştlər müzakirə olunub

...

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvanda vergi, gömrük və sosial sığorta güzəştləri: biznes üçün yeni imkanlar” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə tətbiq olunan və yeni nəzərdə tutulan vergi, gömrük və sosial sığorta güzəştləri barədə dövlət qurumlarının nümayəndələrini və iş adamlarını məlumatlandırmaq, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri və mövcud imkanları müzakirə etmək olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikada biznes və investisiya mühiti yaxşılaşdırılır, sahibkar-dövlət münasibətləri inkişaf etdirilir. 
Nazir sözügedən güzəştlərin, dövlət başçısının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsi olduğunu, iş adamlarına bizneslərini genişləndirmək, yeni uğurlara imza atmaq və muxtar respublikanın iqtisadi inkişafına töhfə vermək üçün geniş imkanlar açdığını qeyd edib.
Kazım Hüseynəliyev diqqətə çatdırıb ki, 2025-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı, sənaye məhsulu istehsalı, əsas kapitala yönəldilən investisiyalar, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlər və nəqliyyat sektorunda yükdaşımaların həcmində 2024-cü illə müqayisədə artım qeydə alınıb. Həmçinin ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb və ixracın həcmi də 28,4 faiz artaraq 13,6 milyon ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Tural Abdulzadə isə muxtar respublikada vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın artırılması və sahibkarlarla qarşılıqlı əməkdaşlıq barədə danışıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Sahibkarlıq subyektləri ilə iş və beynəlxalq təcrübələrin öyrənilməsi idarəsinin rəisi Əhməd Əhmədov vergi sahəsində aparılan islahatlar, beynəlxalq təcrübələr və sahibkarlar üçün yaradılan təşviq mexanizmlərinə dair çıxış edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov isə biznes ictimaiyyətinin mövqeyini ifadə edərək güzəştlərin real sektora təsiri və sahibkarlar üçün açılan yeni perspektivlər barədə fikirlərini bölüşüb.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov tərəfindən 2026-cı ilin 1 yanvar tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri ilə bağlı təqdimat nümayiş etdirilib.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel sessiyasında müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların sualları cavablandırılıb, güzəştlərin praktik tətbiqi ilə bağlı onlara ətraflı izahlar verilib.

Nəşr edilib : 16.01.2026 17:45