NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan şəhərində dekorativ gül kollarının əkilməsi işləri genişləndirilir

...

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Naxçıvan şəhərində abadlıq və yaşıllaşdırma tədbirləri ardıcıl şəkildə davam etdirilir. “Şərq qapısı” xəbər verir ki, bu istiqamətdə şəhərin müxtəlif küçə və prospektlərində, park və ictimai istirahət zonalarında dekorativ gül kollarının əkilməsi işləri geniş vüsət alıb.
Tabeli qurumlar tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ərazilər əvvəlcədən təmizlənir, torpaq örtüyü yenilənir, aqrotexniki qaydalara uyğun olaraq müxtəlif növ dekorativ gül kolları əkilir və onların suvarılması, qulluq olunması təmin edilir. Əkilən bitkilərin iqlim şəraitinə uyğun seçilməsi onların uzunömürlü və davamlı inkişafına zəmin yaradır.
Görülən işlər şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və atmosfer havasının keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, dekorativ gül kollarının əkilməsi şəhərin estetik görünüşünü daha da zənginləşdirir, küçə və parkların vizual cəlbediciliyini artırır, sakinlərin istirahəti üçün daha əlverişli və xoş mühit formalaşdırır.
Qeyd edək ki, həyata keçirilən yaşıllaşdırma tədbirləri iqlim balansının qorunmasına, biomüxtəlifliyin artırılmasına və gələcək nəsillər üçün daha sağlam və yaşıl şəhər mühitinin yaradılmasına xidmət edir. Bu cür layihələr Naxçıvan şəhərinin müasir urbanizasiya tələblərinə uyğun inkişafını təmin etməklə yanaşı, onun ekoloji dayanıqlığını da gücləndirir.
Hazırda dekorativ gül kollarının əkilməsi və mövcud yaşıllıq sahələrinə qulluq işləri planlı şəkildə davam etdirilir və yaxın müddətdə şəhərin digər ərazilərini də əhatə etməsi nəzərdə tutulur.

Nəşr edilib : 03.04.2026 11:30