NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvan Şəhər Sukanal İdarəsində yeni Müştəri İnformasiya Sistemləri proqramı tətbiq olunacaq

...

1 sentyabr 2025-ci ildən etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid Naxçıvan Şəhər Sukanal İdarəsində Müştəri İnformasiya Sistemləri (MİS) proqramı istifadəyə veriləcək.
"Şərq qapısı" xəbər verir ki, yeni sistemə keçidlə bağlı olaraq mövcud abonent kodları tamamilə yenisi ilə əvəzlənəcək. Bildirişlərdə yeni abonent kodları göstəriləcək və ödənişlər yalnız bu kodlar üzərindən qəbul ediləcək. Qeyd edək ki, köhnə abonent kodları ilə ödənişlərin qəbulu 29 avqust 2025-ci il saat 20:00-dan etibarən dayandırılacaq.
Yeniliyin tətbiqi abonentlərlə işin şəffaflığını artıracaq, ödənişlərin daha rahat və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı, vahid müştəri bazasının yaradılması, elektron nəzarət imkanlarının genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi də təmin olunacaq.
Məsələ ilə bağlı sualları olan vətəndaşlar Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545-01-93 telefon nömrəsi və ya “955” Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, hazırda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid digər Sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir. Prezident İlham Əliyevin  2024-cü il 23 noyabr tarixli Fərmanına əsasən Naxçıvan şəhərində istehlakçıların içməli, məişət və istehsalat suyu ilə təminatı, həmçinin yağış və tullantı sularının emalı və axıdılması xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə olunub.

Nəşr edilib : 28.08.2025 12:54