NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında ipoteka sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti “Naxçıvan İpoteka Fondu” qeyri-kommersiya hüquqi şəxsinə çevrilmə yolu ilə yenidən təşkil edilsin. 
2. Müəyyən edilsin ki:
2.1. Naxçıvan İpoteka Fondu (bundan sonra – Fond) “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir;
2.2. Fond Naxçıvan Muxtar Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirən qeyri-kommersiya hüquqi şəxsidir.
3. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.1.2. Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.1.3. Fondun yenidən təşkili və ləğvi barədə qərarın qəbul edilməsi;
3.2. Fonda:
3.2.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi;
3.2.2. bu Fərmanın 3.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində  hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;
4.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;
4.4. Fondun nizamnaməsinin təsdiqini və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının məbləği həcmində nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin etsin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini

BƏXTİYAR MƏMMƏDOV

Naxçıvan şəhəri, 08 avqust 2025-ci il
 

Nəşr edilib : 08.08.2025 17:34