NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında ilk dəfə feromon tələlərdən istifadə olunur

...

“Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi muxtar respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə davamlı olaraq monitorinqlər həyata keçirir”. Bu sözləri “Şərq qapısı” na verdiyi müsahibədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Zəkəriyyə Gözəlov bildirib. O həmçinin qeyd edib: “Bu istiqamətdə tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Milli Monitorinq Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə monitorinqlərin aparılması üçün 10 adda (Şaftalı meyvəyeyəni (Carposina niponensis), Şərq meyvəyeyəni (Grapholita molesta), Qəhvəyi mərmər bağacığı (Halyomorpha halys), Qərb çiçək tripsi (Frankliniella occidentalis) və s.) karantin tətbiq olunan zərərvericilərə qarşı feromon tələlər göndərilmişdir”. Müsahibimiz onu da diqqətimizə çatdırdı ki, muxtar respublikada ilk dəfə olaraq zərərvericilərə qarşı mübarizə tədbirlərində feromon tələlərdən istifadə olunur. Feromon tələlər zərərvericilərin mövcudluğunun müəyyənləşdirilməsində və onlarla mübarizədə istifadə olunan ekoloji cəhətdən təmiz və effektiv üsullardan biridir.

Sektor müdiri onu da bildirdi ki: “Hazırda asmış olduğumuz feromon tələ təhlükəli karantin zərərvericilərindən olan Qəhvəyi mərmər bağacığının mövcudluğunu müəyyən etməkdən ötrüdür”. Müsahibimiz onu da nəzərimizə çatdırdı ki, qəhvəyi mərmər bağacığı təhlükəli karantin zərərvericilərindən hesab edilir. Polifaq zərərvericidir, 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.

“AQTA tərəfindən aparılmış monitorinqlər zamanı Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi ərazilərində müşahidə edilmişdir. Zərərvericiyə, həmçinin Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir”, – deyə əlavə edərək bildirdi ki: “Zərərvericinin təhlükəli olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Sərəncam imzalanmış və Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə aidiyyəti qurumlar tərəfindən Regional Əlaqələndirmə Mərkəzləri yaradılmışdır. Fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə Regional Əlaqələndirmə Mərkəzləri mütəmadi tədbirlər həyata keçirir”.

Hazırda aparılan monitorinq tədbirlərinə paralel olaraq agentlik (NQTA) tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən göyərti sahələrində və 38  istixanada monitorinqlər həyata keçirildiyi vurğulanıb. Monitorinqlər zamanı istixanalarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verildiyi, aqrokimyəvi maddələr və pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq və düzgün riayət etmələri  izah olunduğu qeyd edildi. Eyni zamanda sektor müdiri onu da qeyd etdi ki, karantin tətbiq edilən zərərvericilərin aşkarlanması istiqamətində monitorinqlər Şahbuz, Culfa və Ordubad rayonlarında artıq yekunlaşıb, muxtar respublikanın digər rayonlarında da bu cür monitorinqlər həyata keçiriləcəkdir.

Cavanşir BAĞIRLI

 

Nəşr edilib : 06.05.2025 12:28