NAXÇIVAN :

08 Iyun 2025, Bazar

Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəhdətinin yeni inkişaf mərhələsi

...

Yeni təhsil strategiyasında təhsilin idarə edilməsinin innovativ modeli, yəni çevik təhsil standartlarına və elmi-nəzəri tərəqqiyə əsaslanan idarəetmə, strateji planlaşdırma, mərkəzlə regionlar, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında geniş əməkdaşlığa, yeni informasiya texnologiyalarının tətbiqinə və elm ilə təhsilin inteqrasiyasına vəsilə olmuşdur.  Son dövrlər alim və tədqiqatçıların təhsil sahəsində aparıcı fəaliyyəti, şəxsiyyətin dünyagörüşünün, yaradıcılıq qabiliyyətinin formalaşmasında və təhsilin inkişafında böyük əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universitetinin əməkdaşları, tələbələr, elmi tədqiqat institutlarının akademik heyəti, elmi işçiləri arasında elmi mübadilə, əlaqələrin yeni forması və bu sahədə əldə olunan nailiyyətlər bunun baris nümunəsidir. Bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi elmi yaradıcılığa maraqlı yeniyetmələrin yenilikçi təhsil proqramlarını mənimsəməklə elmi dünyagörüşlərinin artmasına, onların gələcək peşə istiqamətlərinin düzgün seçmələrinə və innovatif yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək etməklə bərabər elmin praktikaya tətbiqində yeni məhsulların alınmasına, elmi tədqiqatların modernləşdirilməsi üçün əlverişli mühitin yaradılmasının təmininə nail olmaqdır.

XXI əsr gənc nəslin yüksək təhsil səviyyəsini tələb edən  yeni potensiala əsaslanır. Bilik müsabiqələrində, sərgi və olimpiadalarda iştirak etmək tələbələrdə təkcə metodik bacarıqlar deyil, həm də proqnozlaşdırma, özünü ifadə etmək, perspektivləri görmək bacarığını formalaşdırmağa kömək edir. Təsadüfi deyil ki, əsrimiz YUNESKO tərəfindən “Elm və təhsil” əsri adlandırılmışdır. Çünki cəmiyyətin inkişafı ilk növbədə elm və təhsilin tərəqqisindən asılıdır. İnkişaf etmiş hər bir dövlət elm, təhsil, intellektual kapital sahələrindəki xidmətləri ilə seçilir. Yeniyetmə və gənclərə yüksək düşüncə tərzini, həyatda baş verən hər bir hadisəni müstəqil şəkildə dərk etmək və qiymətləndirmək bacarığını hələ erkən yaşlarından aşılamaq lazımdır. Bu yolda gənclər təkcə əvvəlki nəsillərin çox zəngin prinsip və ənənələrinin qanuni varisləri deyil, həm də noosfer məkanında yeni məkan və məntiqi təfəkkürə sahib olurlar. Təhsil hər bir xalqın milli dirçəlişini təmin edən ən zəruri vasitədir. Müasir şəraitdə elm və təhsil bir-birindən ayrı inkişaf edə bilməz. Onların birlikdə gələcəyə yönəlmiş inteqrasiya layihələri və proqramların ardıcıl həyata keçirilməsini nəzərdə tutan fəaliyyət kompleksi lazımdır. Ən yaxşı mütəxəssislər tədris prosesinin elmi-tədqiqat və təcrübi-konstruktor işləri ilə sıx əlaqəsinin təmin olunduğu yerdə hazırlanır. Fundamental elmi nailiyyətlər, yeni texnologiyalar və orijinal innovativ layihələr, bir qayda olaraq, alimlərin və elmi işçilərin təcrübəsinin gənc mütəxəssislərlə harmonik əməkdaşlığı ilə təsdiqlənir.

Təhsil elmin əsası, elm isə öz növbəsində təhsilin istiqamətverici qüvvəsidir. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda elm və təhsil son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncam ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında elm və təhsilin inteqrasiyası və davamlı inkişafı istiqamətində atılan mühüm addımdır.

 Naxçıvan Dövlət Universitetinin strukturuna daxil olan professor-müəllim heyətinin elmi müəssisələrin elmi potensialı ilə birgə fəaliyyəti tələbələrin bilik səviyyəsinin yüksəldilməsinə kömək edəcək, elmi təfəkkürün inkişafına  müsbət təsir göstərəcəkdir. İnnovativ təcrübələrə əsaslanan tədrisin təşkili keyfiyyətlə yanaşı, tələbələrin ixtisas seçiminə və gələcək fəaliyyətlərində düzgün qərarların qəbul olunmasına, elmi-tədqiqat işinə və yeni informasiya texnologiyalarına maraqlarının artmasına yardım edəcəkdir.

Təbii Ehtiyatlar və Bioresuslar institutları, həmçinin Batabat Astrofizika Rəsədxanası  ilə Naxçıvan Dövlət Universiteti arasında yeni əməkdaşlıq platforması olan bu məqsədyönlü islahat elm və təhsilin inteqrasiyası sahəsində innovativ yanaşmalar əsasında praktik təhsil fəaliyyətlərinin inkişafına əlverişli şərait yaradacaqdır. Hazırda həyatın bütün sahələrində olduğu kimi, kompüter texnologiyalarının və internetin formalaşması ilə təhsildə də köklü dəyişikliklər baş verir. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin 98 faizi genişzolaqlı, 90 faizi isə simsiz internetlə təmin edilmişdir. Məhz bunun sayəsində təhsil müəssisələrində elektron təhsilin təşkilinin reallaşdırılması muzeylərlə muxtar respublikanın digər əlaqədar müəssisələri və təhsil müəssisələri arasında interaktiv əlaqələr yaratmışdır. Hazırda muxtar respublika üzrə 236 elm və təhsil müəssisəsi, 17 muzey interaktiv təhsil sisteminə qoşulub. Hər üç elmi tədqiqat müəssisəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti ilə əvvəllər də elmi təcrübi layihələrin birgə həyata keçirilməsində yaxından iştirak etmişlər.

Aprel ayında Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın və Naxçıvan Dövlət Universitetinin kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudovun rəhbərliyi ilə III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova “Kimyəvi elementlərin kəşf tarixi” və “A-dan Z-yə kimya” nominasiyaları üzrə “Erudit” onlayn Beynəlxalq kimya müsabiqəsində iştirak etmiş, müsabiqənin qızıl medalına və 1-ci dərəcəli diplomuna layiq görülmüşlər. Fizzə Məmmədova və Şəmil Mahmudovun həmmüəllifliyi ilə hər iki tələbə Rusiya Ail Attestasiya Komissiyasının tanıdığı impakt faktorlu “Nauka i mir” jurnalında “Naxçıvan Muxtar Respublikasının ekosisteminə yeraltı suların təsiri” məqaləsi dərc olunmuş, müəlliflər sertifikat almışlar.

Bioresurslar İnstitutunun canlı təbiət muzeyi olan Botanika bağı gülçülük, meyvəçilik, nadir bitkilərin toplusu, nadir üzüm sortlarının genofondu ilə yanaşı, dekorativ bitkilər, tropik və subtropik bitkilər, dərman bitkiləri və digər bitkilər nümunələrinin əyani öyrənilməsi üçün tələbə və şagirdlərin praktiki vərdişlər əldə etməsi üçün ideal məkandır. İnstitutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Teyyub Paşayev və Namiq Abbasov tələbələrə nümunəvi dərslər keçməklə, yeniyetmələrdə vizual və praktiki biliklərin əldə edilməsinə köməklik göstərirlər.

Elm və təhsilin vəhdəti çərçivəsində yeni islahatların və proqramların davamlı həyata keçirilməsi gənclərin və yeniyetmələrin intellektual səviyyəsinin yüksəldilməsində, elmin istehsalata tətbiqində uğurlu nəticələr əldə etmək baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərəcək elmi tədqiqat müəssisələrinin əməkdaşları bundan sonra da muxtar respublikada elm, təhsil və yeni texnologiyaların inteqrasiyası istiqamətində kompleks tədbirlərin icrasında fəaliyyətlərini davam etdirəcək, gənclərin intellektual və yaradıcı potensialının inkişafında, nəzəriyyənin praktikaya tətbiqində, elmi işlərin səmərəliliyinin artırılması istiqamətində yeni innovativ layihələrin həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

Fizzə MƏMMƏDOVA

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

 Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə

 fəlsəfə doktoru, dosent

Nəşr edilib : 07.06.2025 16:00