NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin tələbəsi Prezident təqaüdünə layiq görülüb

...

Gənclərin təhsil sahəsində qazandığı uğurlar hər zaman dövlətin diqqət mərkəzində olub. Bu uğurlar içərisində fərqlənən, əzmi və biliyi ilə seçilənlər isə Prezident təqaüdünə layiq görülməklə həm şəxsi zəhmətinin, həm də təhsilə olan sevginin qarşılığını alır. Belə gənclərdən biri də Cəmilə Babayevadır. O, 688.9 balla Naxçıvan Dövlət Universitetinə qəbul olaraq Kompüter mühəndisliyi ixtisasını seçib və bu nəticəsi ilə Prezident təqaüdünə layiq görülüb.

Bu xəbər Cəmilə üçün həm qürur, həm də böyük məsuliyyət olub. Gənc tələbə deyir ki, bu uğur onun üçün illərlə çəkdiyi zəhmətin, inamın və mübarizənin qarşılığıdır. “Əslində, xəbərim yox idi, evə gələrkən dostumun mənə təbrik mesajı yazdığını gördüm. Çox qəribə hisslər keçirdim, həm sevindim, həm də qürurlandım. Xəyal etdiyim günləri xatırladım və özümə dedim ki, bəli, artıq gerçəkdir”, – deyə o, təəssüratlarını bölüşür.

Cəmilə Babayeva bildirir ki, əldə etdiyi nəticənin arxasında illərlə çəkilən zəhmət, gecə-gündüz oxumaq və ən əsası, məqsədindən əl çəkməmək dayanır. Onun sözlərinə görə, uğurun əsas açarı insanın özünə inamı və istəyi ilə bağlıdır: “Əsas faktor olaraq istək, inam, mübarizə və əl çəkməmək deyə bilərəm. Hər bir insanın içində bir istək, bir hədəf olmalıdır. Mən də öz hədəfimi erkən müəyyən etmişdim və onun üçün mübarizə apardım”.

Kompüter mühəndisliyi kimi çətin, eyni zamanda gələcəyə yönəlik bir ixtisas seçməsi də təsadüfi deyil. O, gələcəkdə texnologiya sahəsində yeniliklərə imza atmaq, ölkədə İT sahəsinin inkişafına töhfə vermək istəyir. Bu ixtisası seçməsində həm maraq, həm də gələcəyə baxış tərzi əsas rol oynayıb. Cəmilə hesab edir ki, XXI əsrdə texnologiyadan anlayışlı olmaq təkcə müasirlik göstəricisi yox, həm də inkişafın əsas şərtidir.

Prezident təqaüdünə layiq görülmək, şübhəsiz ki, hər bir gənc üçün həm sevinc, həm də məsuliyyət hissi yaradır. Cəmilə də bu hissi dərin şəkildə yaşayır: “Təbii ki, bu təqaüd həm böyük bir sevinc, həm də məsuliyyətdir. Çünki artıq səndən daha çox şey gözlənilir. Bu həm də dövlətin sənə olan etimadıdır. Mən çalışacağam ki, bu etimadı doğruldum”. Onun sözlərinə görə, bu cür mükafatlar gəncləri daha da ruhlandırır, onları daha çox öyrənməyə, yeniliklərə açıq olmağa həvəsləndirir. “Gənclər bilməlidirlər ki, əgər, həqiqətən, çalışsalar, nəticə mütləq olacaq. Hər bir zəhmət gec-tez bəhrəsini verir”, – deyə Cəmilə qeyd edir.

Uğurun arxasında yalnız fərdi əzmkarlıq yox, həm də ailə və müəllim dəstəyi dayanır. Cəmilə bildirir ki, bu yolda ailəsinin və müəllimlərinin rolu əvəzsiz olub: “Ailəm mənə hər zaman inanıb. Mən yorulanda, ümidimi itirəndə onlar mənə güc veriblər. Müəllimlərim isə mənim üçün həm də motivasiya qaynağı olublar. Onların dəstəyi olmasaydı, bu nəticəyə çatmaq çətin olardı”.

Cəmilə Babayeva kimi gənclər Azərbaycan gəncliyinin bugünkü səviyyəsini və potensialını göstərir. Onların uğurları gələcək nəsillər üçün ilham mənbəyidir. Bu kimi gənclər təhsilə, elmə və texnologiyaya marağın artmasına, ölkənin intellektual inkişafına böyük töhfə verir. Onların uğuru gənclər arasında yarış mühiti yaradır, eyni zamanda dövlətin təhsilə verdiyi dəyərin bariz göstəricisinə çevrilir.

Cəmilə artıq universitet həyatına qədəm qoyub və yeni mərhələnin başlanmasından həyəcan duyur. O, təhsildə fərqlənməklə yanaşı, beynəlxalq layihələrdə iştirak etmək, startap ideyalarını reallaşdırmaq niyyətindədir. “Gələcəkdə öz sahəmdə ixtisaslaşmaq, ölkə üçün faydalı layihələr həyata keçirmək istəyirəm. Hər bir gənc bilməlidir ki, Azərbaycan üçün bilikli, bacarıqlı olmaq ən böyük töhfədir”, – deyə Cəmilə əlavə edir.

Bu gün Prezident təqaüdünə layiq görülən Cəmilə Babayeva kimi gənclər cəmiyyətin inkişafı üçün əsas təkanverici qüvvələrdən sayılır. Onların qazandığı uğurlar bir daha göstərir ki, gəncliyə inanmaq və onları dəstəkləmək ölkənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir.

            Elnurə CƏFƏROVA

Nəşr edilib : 06.10.2025 18:01