NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti dünya reytinqində irəliləyib

...

Naxçıvan Dövlət Universiteti “UI GreenMetric 2025” reytinqində yüksəliş edib və yaşıl inkişaf strategiyası beynəlxalq səviyyədə tanınıb.

Dekabrın 8-də dünyanın ali təhsil müəssisələrini ekoloji dayanıqlılıq, “yaşıl enerji” istifadəsi, kampus idarəçiliyi və innovativ ekoloji həllərə görə qiymətləndirən “UI GreenMetric World University Rankings 2025”in nəticələri açıqlanıb. Bu il Naxçıvan Dövlət Universiteti üçün xüsusi əhəmiyyət daşıyan uğurlu irəliləyiş qeydə alınıb. Universitet 6435 bal toplayaraq ölkəmizdəki 19 ali təhsil müəssisəsi arasında 6-cı, dünyanın 1745 ali təhsil müəssisəsinin sıralamasında isə 628-ci yerdə qərarlaşıb. Əldə olunan bu nəticə Naxçıvan Dövlət Universitetinin son illər həyata keçirdiyi ekoloji idarəetmə strategiyasının, yaşıl kampus təşəbbüslərinin və dayanıqlı inkişaf istiqamətində ardıcıl addımlarının beynəlxalq səviyyədə tanınması deməkdir.

Regionun elm və innovasiya mərkəzlərindən olan Naxçıvan Dövlət Universiteti 1967-ci ildən bu günə Azərbaycanın ən dinamik inkişaf edən ali təhsil müəssisələrindən biri kimi tanınır. 10 fakültə, onlarla kafedra, müasir elmi-tədqiqat laboratoriyaları, elektron kitabxana, beynəlxalq standartlara uyğun tələbə kampusu, startap inkubasiya zonaları və rəqəmsal infrastruktur universitetin təhsil və elm mühitini formalaşdıran əsas üstünlüklərdəndir.

Naxçıvan Dövlət Universitetinin genişlənməkdə olan beynəlxalq əlaqələri, 100-dən çox universitetlə qurulan səmərəli əməkdaşlıq, ikili diplom layihələri və iştirak etdiyi beynəlxalq konfranslar ali təhsil ocağının qlobal tədris sisteminə inteqrasiyasını gücləndirir. Əcnəbi tələbələr üçün yaradılan çoxmillətli kampus atmosferi isə universitetin beynəlxalq səviyyəsini artırır.

“Yaşıl kampus” strategiyası: enerji, ekoloji mədəniyyət və davamlılıq bu gün Naxçıvan Dövlət Universitetinin əsas hədəflərindəndir. Belə ki, hazırda ali təhsil ocağı “UI GreenMetric” reytinqində irəliləyib. Bunun əsas səbəblərindən biri genişmiqyaslı yaşıl təşəbbüslərinin sistemli şəkildə həyata keçirilməsidir. Universitet ərazisində günəş enerjisi panellərindən istifadə, su və enerji sərfiyyatının optimallaşdırılması, tullantıların çeşidlənməsi, ekoloji təmiz nəqliyyat tətbiqi və xüsusilə də yaşıllıq zolaqlarının genişləndirilməsi kimi layihələrin icrası təqdirəlayiqdir. Tələbə təşkilatları tərəfindən mütəmadi təşkil olunan ekoloji maarifləndirmə tədbirləri, ağacəkmə aksiyaları, ekoturlar və ekoloji tədqiqat layihələri yaşıl mədəniyyətin universitetdə geniş yayılmasına xidmət edir.

Universitetdə innovasiya və tədqiqat mühiti getdikcə daha da güclənir. Belə ki, elm sahəsində tərəqqiyə nail olmaq niyyəti və gələcəyə yönəlmiş baxış, biotexnologiya, aqrar elmlər, informasiya texnologiyaları və enerji sahələrində fəaliyyət göstərən müasir laboratoriyalar tələbə və gənc tədqiqatçılar üçün geniş imkanlar yaradır. Startapların dəstəkləndiyi mühit bu təhsil müəssisəsini regionda rəqəmsal və texnoloji inkişafın mərkəzlərindən birinə çevirir.

Naxçıvan Dövlət Universitetinin “UI GreenMetric 2025” reytinqində əldə etdiyi uğurlar onun tədris, elm, ekoloji idarəetmə və innovasiyaların tətbiqi sahələrində irəli sürdüyü strateji yanaşmanın real göstəricisidir. “Yaşıl kampus” konsepsiyasına sadiqlik, rəqəmsal inkişaf, beynəlxalq əməkdaşlıq və müasir infrastruktur Naxçıvan Dövlət Universitetinin həm ölkə daxilində, həm də regionda nümunəvi ali təhsil ocağı kimi tanınmasına şərait yaradıb.

Naxçıvan Dövlət Universitetinin əldə etdiyi bütün bu uğurlar, gələcəkdə həyata keçiriləcək yaşıl layihələr, elmi təşəbbüslər və beynəlxalq əməkdaşlıqlar üçün yeni perspektivlər açır. Qarşıdakı illərdə universitetin qazandığı nailiyyətlərin artırılması və dayanıqlı inkişaf sahəsindəki lider mövqeyinin daha da möhkəmləndirilməsi əsas məqsədlərdəndir.

Beləliklə, Naxçıvan Dövlət Universitetinin “UI GreenMetric 2025” reytinqində irəliləməsi yalnız statistik göstərici deyil, həm də təhsil, elm və məsuliyyətin vəhdətinə əsaslanan uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Yaşıl düşüncə tərzini institusional mədəniyyətə çevirən bu universitet gələcək nəsillər üçün daha sağlam, dayanıqlı, xüsusilə də innovativ təhsil mühitinin formalaşmasına töhfə vermiş olur. Naxçıvan Dövlət Universiteti bu yanaşma ilə regional çərçivəni aşaraq qlobal miqyasda yaşıl universitet modelinin uğurlu nümunələrindən biri qismindəki mövqeyini möhkəmləndirməkdə davam edir.

 

                                              Aidə İBRAHİMOVA

          Naxçıvan Dövlət Universitetinin Media

və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Nəşr edilib : 18.12.2025 10:00