Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Salam, Vətən övladı. İcazə ver, ilk olaraq özümü sənə tanıdım. Mən sənin doğma yurdunun torpağından boylanan bir qardaşınam. Bəlkə, səninlə söhbətimiz daha çox olacaq, bəlkə, səninlə yenidən görüşdük, nə bilmək olar, bəlkə də, oxuduğun bu cümlələrdən sonra bir daha qarşılaşmadıq... Bəlkə də, sən bu yazını səhər çağı oxuyursan, gün üfüqdən yenicə boy atanda. Bilirsən, mən də həmin axşam günəşi görmək ümidi ilə yola çıxmışdım. Mən dediyim, mən və silahdaşlarım... Düzünə qalsa, həmin gecə hava olduqca soyuq idi. Əllərimi silahın lüləsinə, silahın qundağını isə torpağa bərk-bərk sıxıb, həyəcandan soyuq havada tərləyən dostlarıma baxırdım... Kimisi qızının, həyat yoldaşının, ailəsinin fotosunu sinəsinin üstündəki döş cibində gəzdirir, arabir isə uzun-uzun gözlərini zilləyib sakitcə fotoya baxırdı. Mən evli deyiləm, mənə hərbçilərin deyimi ilə desək taborun “gənc əsgəri” deyirdilər. Ona görə də, məni gözləri kimi qoruyub “Vətənlə birgə sən də əmanətsən” deyirdilər. Bəzən isə mənə cəsarətli olmağı və düşmənin gözünün içinə dimdik baxmalı olduğumuzu deyirdilər. Deyirdilər ki, qoy onlar utansın və bizim önümüzdə başların yerə diksinlər. Doğrusu buraya gələndə təkcə Vətən üçün gəlmişdim. Sonradan gördüm ki, evli olan silah dostlarıma iki əmanət birlikdə tapşırılıb: biri Vətən, biri isə həmin sinələrində gəzdirdikləri foto...
Həmin gecə kənarda sakitcə dayanıb, arabir soyuqdan qurumuş dodaqlarımı dilimlə isladıb, dişlərimlə çeynəyirdim. Artıq on altı gün idi ki, döyüş başlayıb. Ürəyimdə isə həmin həyəcan ilk günkü kimi hələ də döyünür, “Niyə hələ də, gözlərin yol çəkirdi?”, deyə soruşsanız, düzünə qalsa verəcək cavabım yoxdur. Biz artıq Füzuli, Cəbrayıl, Ağdərə və Xocavəndin bir neçə kəndini, eyni ilə Murovdağı düşmən caynağından azad etmişik... Xudafərin isə hələ də bizi gözləyir, düşmənin leş nəfəsinin içərisində. Arzum oranı görməkdir. Hər dəfə anamla zəngləşəndə tək bir fikir onu narahat edirdi, hər kəlmə başı, “Üşümürsən?” – deyə soruşur; mən isə “Yox, onsuz bütün gün yataqxanada yatırıq, yeməklərimiz də əladır”, – deyib bir təhər inandırırdım. Hətta bir dəfə bu cümləni quranda, havadakı çən ağzımızdan çıxan buxara qarışmışdı. Hava o cür, vahiməli və səssiz idi. Eyni ilə bugünkü kimi.
Silahımı iki ayağımın arasında sıxışdırıb, nəfəsimlə arabir əllərimi isitməyim hələ də yadımdadır... İsinmək üçün qaladığımız ocaq yavaş-yavaş sönürdü. Biz növbə ilə yatır, yerdə qalanlarımız isə ətrafa nəzarət edirdi. Səhərin açılmağını və ətrafın işıqlanmağını səbirsizliklə gözləyirdim. Heyif ki, ətraf gözlədiyimizdən tez işıqlandı... Bəli, bayaqdan arzuladığım işıq zülmət gecənin düz ortasında idi... Bir göz qırpımında biz mühasirəyə alınmışdıq. Əl qumbaraları, mərmilər havada uçuşurdu... Saniyələr içində ixtiyarsız vəziyyətdə avtomatımı götürmüş formada, bir ağacın arxasında tapdım özümü. Nə həmin axşamdan, nə də o soyuqdan bir əlamət qalmamışdı. Gördüyüm sonuncu işıqda zülmət qaranlığın ortasında, qumbaranın yanımda açılması ilə oldu...
Sanma ki, mən bu gün xoşbəxt deyiləm, yox. Mən hər dəfəsində sizin kimi vətənpərvər qardaş və bacılarımı gördükcə artıq həmin soyuq günləri unuduram. Şəhadətə qovuşanda digər taborun igid qəhrəmanları arzumu gerçəkləşdirdilər. Artıq Xudafərin azaddır. Kənardan dayanıb həmin anı izləyəndə, həminki həyəcan o günkü axşam kimi idi. Bu dəfə isə göz yaşlarım, yol çəkməkdən və soyuqdan deyil, sevincdən yaşarırdı. Vətən bayrağının Şuşada, Xankəndidə, Cəbrayılda, Kəlbəcərdə, bir sözlə bütöv Qarabağ torpağında dalğalanmasıdır həmin göz yaşları.
İndi isə buradayam, dostlarımın bəziləri yenə yanımdadır. Ara bir məzar daşlarının üstünü oxuyanda dostlarımla müharibədə olarkən yaşadığımız xatirələrim yadıma düşür. Ey Vətən övladı, məndən ötrü məyus olma. Doğrusu, əllərimi artıq nəfəsimlə deyil, sizin məzar daşına zillənən baxışlarınızla və bu məktuba hər baxdığınızda isidirəm. Siz məni ömür boyu bəlkə də tanımayacaqsınız, mən də kim olduğumu deməsəm, daha yaxşıdır, amma siz məni hər gün görəcəksiniz, inanırsınız, hər gün. Hər gülə, çiçəyə, yola, yaşadığınız kəndə, dalğalanan o nazlı üçrəngli bayrağa, ayaq basdığın Vətən torpağında səninlə olacağam. Mən təkcə bu yurdun deyil, sənin də əsgərinəm. Bu daşın üzərində də yazdığı kimi, naməlum baxışlarla süzdüyün “Naməlum əsgər”in...
Rafiq TƏHMƏZ
Digər xəbərlər