Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması...
21:17 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri arasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Dahi şəxsiyyət Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb, sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Xüsusilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı, şəhidlərimizin qisası alındı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Prezident 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısı İlham Əliyevin dediyi : “İkinci Qarabağ müharibəsi 2020-ci ilin noyabrında dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.
Xocalının azad edilməsindən sonra şəhərin yenidən qurulması dövlət səviyyəsində prioritet elan olunub. Bərpa prosesi mərhələli və kompleks şəkildə həyata keçirilir. Şəhərin müasir şəhərsalma standartlarına uyğun qurulması üçün yeni Baş plan hazırlanıb. Keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı üçün fərdi evlər və çoxmənzilli binalar inşa edilir. Xocalının bərpası bu bölgənin sosial-iqtisadi həyatının dirçəldilməsi deməkdir. Əsas hədəf sakinlərin təhlükəsiz, rahat şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək və Xocalını inkişaf edən müasir məkana çevirməkdir. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız Laçında, Şuşada, Xocalıda, Xankəndidə dalğalanır.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Dövlətimizin başçısının da söylədiyi kimi, “Biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Ülkər BAYRAMOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər