NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Müstəqillik və suverenlik xalqımızın ən dəyərli nailiyyətidir

...

“Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”.

Heydər ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri

 

Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən müqəddəs arzusudur. Çünki milli dövlətçilik milli özümüdərkin və milli kimliyin ifadəsidir. Ulu Öndər Heydər Əliyev  həmişə tövsiyə edirdi: “Dilinizi itirməyin, milliyyətinizi qoruyun”. Əgər bunlar varsa, deməli Vətən də var. Vətən isə millətin yer üzərindəki ünvanıdır.

Xalqın ən ali hüququ isə suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ümummilli Liderimiz deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, rəşadətli əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz isə xalqımızın milli və əvəzsiz sərvətidir.

Hüquq ədəbiyyatlarında qeyd olunur ki, suverenlik fransız dilindən tərcümədə “Ali hakimiyyət” deməkdir. Hüquqi mənada suverenlik termini ilk dəfə XVI yüzillikdə mütəfəkkir Jan Boden tərəfindən işlədilmişdir. Suverenlik bilavasitə dövlətin hüquqları, o cümlədən suveren hüquqları sistemində təzahür edir. Dövlətin tam ixtiyarlı olması həqiqi dövlət hakimiyyətinin həyata keçirilməsini və beləliklə, dövlətin suverenliyini təmin edir. Dövlətlərarası əlaqələr suveren dövlətlər arasındakı ünsiyyətdir. Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Suveren dövlət, beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.

Dövlət mürəkkəb və çoxfunksiyalı bir orqanizm olmaqla ölkəni xaricdə təmsil edir, eyni zamanda milli maraqların və milli təhlükəsizliyin təminatçısı rolunu oynayır. Dövlətin əsas əlaməti onun suverenliyi ilə bağlıdır. Suverenliyin əsasını isə ölkə ərazisinin vahidliyi, sərhədlərinin toxunulmazlığı və dövlətin daxili işlərinə müdaxilənin yolverilməzliyi təşkil edir. Dövlət daxili və xarici suverenliyə malikdir. Dövlət suverenliyi də müəyyən hüquqlara malikdir ki, bu, vətəndaşların hüquq və azadlıqlarının qorunması öhdəliyi ilə müəyyən olunur.

Ümummilli Liderimiz deyirdi: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etmiş, oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı həmin Bəyannamənin hüquqi cəhətdən möhkəmləndirilməsi, daha doğrusu, müstəqilliyin hüquqi bazasının yaradılması istiqamətində mühüm konstitusion-hüquqi sənəd olmuşdur.

1991-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına ünvanladığı teleqramında dövlət müstəqilliyini böyük milli sərvət kimi dəyərləndirmiş və bütün Azərbaycan xalqını təbrik etmişdir. Ulu Öndər bildirirdi: “Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir”.

Bəli, xalqımız XX əsrin son onilliyində ikinci dəfə öz müstəqilliyini “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı ilə bərpa etməyə nail oldu. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməsinə baxmayaraq, Konstitusiya Aktında Azərbaycan Respublikası vətəndaşlarının real hüquq və vəzifələri, dövlətimizin məram və məqsədləri özünü tam əks etdirmirdi. Belə bir vəziyyətdə ölkədə Konstitusiya boşluğu açıq-aydın görünürdü. Bu tarixi zərurət nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli Qərarı ilə Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı. Ulu Öndər yeni, milli Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

1993-cü ildə yenidən ali siyasi rəhbərliyə qayıdan görkəmli dövlət xadimi öz müdrik siyasəti, eyni zamanda tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu.

Azərbaycan xalqı qanunyaradıcı prosesin bilavasitə subyekti qismində iştirak edərək 1995-ci il 12 noyabr  tarixli Azərbaycan Respublikası Konstitusiyasını qəbul etməklə, respublika idarəetmə formasını seçmişdir. Qeyd olunan prinsiplərin konstitusion norma kimi təsbit edilməsi  Konstitusiya çərçivəsində Azərbaycan Respublikasının demokratik quruluşuna verilən ən mühüm təminatlardan biridir.

Ölkə Konstitusiyasına əsasən suveren hüquq, bütövlükdə, Azərbaycan xalqına məxsusdur. Xalqın suverenliyi isə  sərbəst və müstəqil surətdə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etməkdə ifadə olunur. Yəni, Azərbaycan xalqı kənardan heç bir təsir olmadan, azad şəkildə öz müqəddaratını həll etmişdir. Xalqın suverenliyi ümumxalq səsverməsi (referendum) və seçkilər yolu ilə həyata keçirilir. Çünki, referendum və seçkilər xalq hakimiyyətinin birbaşa təzahürüdür. Demokratiyanın ən mühüm forması xalqın yaradıcı fəallığına geniş perspektivlər açan ümumxalq səsverməsidir. Bəli, “Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən eyni mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə öz ifadəsini tapmalıdır”. Bu müddəalar isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarından biridir.

Azərbaycan Respublikası Konstitusiyasının preambulasında qeyd olunan “Azərbaycan xalqı... suveren hüququndan istifadə edərək təntənəli surətdə... niyyətlərini  bəyan edir” müddəasına gəlincə, Azərbaycan xalqının sərbəst və müstəqil öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək hüququnu həyata keçirərək böyük iftixarla gələcək üçün yaxın və uzaq perspektivlərdə Azərbaycan naminə reallaşdırmaq istədiyi konkret niyyətləri əks etdirir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq. Bu müddəa isə ölkəmizin beynəlxalq hüququn müstəqil subyekti kimi dünya dövlətləri birliyində daimi olaraq öz yerini saxlaması və daha da möhkəmləndirilməsi, eləcə də  Azərbaycan xalqının öz ərazisinin müstəsna hüquqlu sahibi olmasının ifadəsidir.

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik”. Bəli, Ulu Öndərin bu müddəaları ölkə Konstitusiyasına da yansımışdır. Belə ki, Konstitusiyamızda nəzərdə tutulan xalqın suverenliyi prinsipinə əsasən sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Məlumdur ki, mənfur qonşumuz olan Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə yolu ilə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Qərbi Azərbaycanda və işğal olunmuş torpaqlarımızda soydaşlarımıza qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə törədilmiş cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran, təbii resurslarımız talan edilmiş və XX yüzilliyin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Düşmənin yeni işğalçılıq siyasəti və növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan Respublikası öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuş, 2023-cü il sentyabrın 19-da işğal altındakı ərazilərimizdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmış və 23 saat davam edən bu əməliyyat həmin il sentyabrın 20-də başa çatmış və rəşadətli Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin edildiyi və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Bundan əlavə, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

“Konstitusiya və Suverenlik İli” ölkəmizin tərəqqisi naminə daha geniş üfüqlər açacaqdır. Suverenliyin əbədi olsun, Azərbaycan!

Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası  Prokurorluğunun şöbə rəisi,

baş ədliyyə müşaviriProkurorluğun fəxri işçisi

 

Nəşr edilib : 14.03.2025 22:04