Yekaterinburqda tələbələr Qarabağın bərpası barədə...
15:06 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Ulu Öndər Heydər Əliyev yeganə dünyaşöhrətli siyasi xadimdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə – 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə böyük qətiyyətlə mübarizə apararaq möhtəşəm siyasi uğurlara imza atmış, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmişdir. Dahi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyəti tənəzzül içərisində olan Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, kənd təsərrüfatı sahələri sürətlə inkişaf etdirilmişdir. Həmçinin həmin dövrdə ölkəmizin gələcəyi üçün milli kadrların yetişdirilməsinə başlanılmış, milli özünüdərkin əsası qoyulmuşdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, milli hərbi kadrların formalaşdırılması da diqqət mərkəzində saxlanılmış, uzaqgörən dövlət xadiminin dəmir qətiyyəti sayəsində Azərbaycanın bugünkü hərbi uğurlarının təməli sayılan ilk ibtidai hərbi məktəb yaradılmışdır.”
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.
Deputat qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömrünün 3 ili Naxçıvanla bağlı olmuşdur. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində böyük addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublika işğal təhlükəsindən qorunmuşdur. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xalqımızın milli tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyev bu dövrü belə qiymətləndirmişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclü, siyasi cəhətdən tam müstəqil dövlətə çevrilmişdir. Regional və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, həm də 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu tamamilə məhv edən Azərbaycan Silahlı Qüvvələri düşməni kapitulyasiya aktını imzalamağa məcbur edərək tarixi ədalətin bərpasına nail olmuşdur. Həyata keçirdiyi əməliyyatlarla bütün dünya ölkələrini heyran edən Azərbaycan regionda yeni reallıqlar yaradaraq 30 ilə yaxındır blokadaya salınan Naxçıvan Muxtar Respublikasının da Ana Vətənlə kommunikasiya əlaqələrinin bərpasının yolunu açmışdır.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünəxas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Görkəmli siyasi xadimin bu müqəddəs arzuları artıq reallığa çevrilib. Prezident İlham Əliyev ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirib. “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!..”
“2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən Prezident İlham Əliyevin həm də bu məqamı xüsusi vurğulaması, bir oğul olaraq ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan xoşbəxtliyinin parlaq təcəssümü idi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə bayrağımız əzəmətlə dalğalanır. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasi yolunun bəhrələridir. Bu yol bizə inkişaf və sabitliyi, ən əsası isə işğalçı düşmən üzərində qələbəni qazandırdı. Bu yol bizə gələcəkdə daha xoşbəxt günlər bəxş edəcək. Çünki dahi Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan Respublikası var olduqca Ulu Öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır!”- deyə deputat Şəhla Əhmədova bildirib.
Digər xəbərlər