Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Dünya yaranandan bəri tarix haqqında yazanlar çox olsa da, tarix yaradan və tarixin axışını dəyişənlərin sayı çox azdır. Çünki tarixi yaratmaq Tanrı tərəfindən seçilən insanlara həvalə edilir. O da belə insanlardan idi. Tanrının Azərbaycan xalqına bəxşi idi Ulu Öndər. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, müdrikliyinin şahidi olurlar. XX əsr müstəqillik tariximizin yaddaşında Heydər Əliyev fenomeni özünəməxsus yer tutmuşdur. Hələ 90-cı illərin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan xalqını qarşıda çətin və məşəqqətli illər gözləyirdi. Bir tərəfdən keçmiş SSRİ-nin varisi Rusiya kimi nəhəng qonşumuz, digər tərəfdən separatçı Ermənistan, daxildən isə dövləti parçalamağı qarşılarına məqsəd qoymuş bir çox ölkələrin siyasətinə xidmət edən qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar.
1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini itirmək təhlükəsi yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bütün çətinliklərə baxmayaraq, O, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.
Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi. O bunu bacaracaqdı, Azərbaycan xalqı buna inanırdı. Çünki hələ sovetlər dönəmində Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilmişdi.
1993-2003-cü illərdə dahi rəhbər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.
Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan bütün bu hədəflərə yetişib.
Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm tədbirlər – dövlət müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndər Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. Onun rəhbərliyi ilə 1995-ci ilin noyabrında müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya aktının qəbulundan sonra ölkədə genişmiqyaslı islahatların aparılmasına başlanıldı, bütün sahələrdə inkişaf dalğasının yaranmasına təkan verildi. Azərbaycan dünya xəritəsində batmış bir ölkədən dünyanın enerji xəritəsini dəyişə biləcək bir ölkəyə çevrildi.
2003-cü ildən ötən dövr Ümummilli Lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və Onun dövlətçilik konsepsiyası əmin əllərdədir.
Turan MƏMMƏDLİ
Digər xəbərlər