Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvanın musiqi ilə nəfəs alan küçələrində, pianonun sehrli sədaları arasında iki istedadlı qız böyüyür: Parla və Suna. Onlar uşaq yaşlarından musiqiyə könül verib, pianonun ağ və qara dillərində öz hekayələrini danışmağı öyrəniblər. Həm səhnədə, həm də məktəbdə bir-birinin ən yaxın sirdaşı olan bu iki dost birlikdə artıq bir neçə uğura imza atıb. Biz də onların musiqi dolu dünyasına bir az da yaxın olmaq, ifa etdikləri notların arxasındakı duyğuları hiss etmək üçün bu yaşı balaca, amma böyük ürəkli piano ifaçıları ilə həmsöhbət olduq.
– Salam, əvvəlcə istərdim sizi daha yaxından tanıyaq, sonra isə musiqi həyatınız necə başladı ondan danışaq.
Suna: Mən Suna Qədimova, 13 yaşım var. Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbində 6-cı sinifdə oxuyuram. Musiqini çox sevirəm, səhnəyə çıxmaq mənim üçün həm maraqlı, həm də çox xoş hissdir. 2021-ci ildə III, 2023-cü ildə isə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə II yer qazanmışam. Həmçinin “Naxçıvan İstedadları” festivalında diplom almışam.
Parla: Mən Parla Bageri, əslən Təbrizli, doğma-böyümə Naxçıvanlıyam. Hazırda Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbində son, yəni 7-ci sinifdə oxuyuram. Musiqiyə sevgim uşaqlıqdan var. 2023-cü ildə Naxçıvanda keçirilən musiqi müsabiqəsində 3-cü yeri tutdum, 2024-cü ildə isə festivalda çıxış etdim. Bu mənim üçün çox dəyərli təcrübə idi.
– Bəs sizi birləşdirən nə oldu? Necə tanış oldunuz?
Suna: Əslində, bizi birləşdirən musiqi oldu. 5 il əvvəl eyni müəllimin, Vüsalə Qədimovanın sinfində tanış olduq. O bizim üçün, sadəcə, müəllim deyil, həm də ilham qaynağıdır. Bizə musiqinin sirrini, səhnədə özünə inamı o öyrədib. Elə o gündən dostluğumuz başladı. Dostluğumuzun sirri bir-birimizə qarşı hörmət və anlayışlı olmağımızdır. Biz bir-birimizi həm dost, həm də rəqib kimi görürük, bu da bizi irəli aparır.
Parla: Bəli, biz sanki bir-birimizi çoxdan tanıyırmışıq kimi dost olduq. Bizi təkcə dərslər deyil, həm də eyni məqsəd, musiqiyə olan sevgi bağladı. Suna düz deyir. Hər uğurumuzun arxasında müəllimimizin əməyi var. Bizimlə həm ciddi, həm də mehribandır. Onun sayəsində bir çox nailiyyətlər qazandıq. Suna ilə dostluğumuz isə musiqi sahəsində də bir-birimizi motivasiya edir Hər dəfə səhnəyə çıxanda bilirik ki, dostum məni izləyir, bu çox gözəl hissdir.
– Parla və Suna üçün musiqi nə ifadə edir?
Suna: Mənim üçün musiqi həm rahatlıq, həm də özümü ifadə etmək yoludur. Pianoda ifa edərkən bütün hisslərimi musiqiyə tökürəm. Gələcəkdə dünyaşöhrətli peşəkar pianoçu olmaq istəyirəm.
Parla: Musiqi mənim üçün həyat tərzidir. Hər notda bir xatirə, hər səhnədə bir arzu var. Səhnəyə çıxanda sanki dünyada təkcə mən və pianom qalırıq. Mən də gələcəkdə musiqi sahəsində təhsilini davam edib, səhnədə daha böyük uğurlar qazanmaq arzusundayam.
P.S. Suna və Parla təkcə gənc istedadlar deyil, həm də bir-birini dəstəkləyən, uğur yolunda əl-ələ addımlayan iki yaxın dostdur. Onların dostluğu musiqinin səsi ilə yaranıb, notlarla möhkəmlənib, səhnə işıqları altında parlayır. Onların musiqi sahəsində öz yaşıdlarından fərqlənmələri həm üzlərdə təbəssüm yaradır, həm də dostluq yolunun gözlə görünən nümunəvi simalarına çevirir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər