Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Onunla Vətən müharibəsi qəhrəmanlarının şərəfinə, onların döyüş yoluna həsr edilmiş tədbirdə tanış oluram. O, Vətən müharibəsində canla-başla xidmət edib, ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstərən, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmətdə olmuş Nəriman Fərəclidir.
“Cəsur döyüşçü” , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Culfa rayon sakini, müharibə iştirakçısı Nəriman Fərəcli şəhid qardaşlarının, döyüş yoldaşlarının qəhrəmanlığından, mübarizliyindən danışdıqca mən də qeyd edirəm.
“Ordumuzun döyüş əzmi yüksək səviyyədə idi. Azərbaycan əsgəri mərd, dözümlü, qorxmaz, cəsur və vətənpərvərlik hissi ilə döyüşürdü. Bütün əsgərlərin gözündə sevinc, içində fərəh, dilində “Qarabağ Azərbaycandır!” şüarı var idi. Hamı sevinirdi ki, nəhayət, həsrətində olduğumuz əks-hücum başladı. Allahın izni ilə şəhidlərimizin qisasını alacaq, alnımızdakı qara ləkəni siləcək, Qarabağımızı əsl sahiblərinə qovuşduracağıq. Bu müharibənin başqa nəticəsi ola bilməzdi. Dövlət, ordu və xalq olaraq hər kəs zəfərə köklənmişdi və elə zəfər də bizimlə oldu”.
Qəhrəmanımız elə ürəklə danışır ki, təsirlənməmək, qürurlanmamaq mümkün deyil. O, xalqımızın müharibə dövründə nümayiş etdirdiyi birlik və bərabərlikdən, həmrəylikdən, kiçikdən-böyüyə hər kəsin bir amal uğrunda səfərbər olub mübarizə aparmasından söz açır… Dediyi hər fikri, hər sözü sanki ruhən yaşayır: “Ali Baş Komandanımızın mahir sərkərdəliyi ilə qəlbimizdə qurulan Azərbaycan eşqi idi bizə haqq yolunu göstərən. Bunun nəticəsi idi ki, bayraq sevgisi, torpaq məhəbbəti ilə silahlanan igidlərimiz Qarabağ savaşından alnıaçıq, üzüağ çıxdılar. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə ərənimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə həkk etdirdilər. Çətindir həmin günlərə qayıtmaq, hər anı yada salmaq. Amma bu gün söylədiklərimiz bizdən sonrakı nəsillər üçün bir örnək, qürur olacaq. Gələcək Poladlar, Mübarizlər, Çingizlər, Salatınlar da məhz bu həqiqətləri eşidən, bilən Vətən övladlarının ocağında yetişəcək. Vətənimiz, Azərbaycanımız igid oğullar, qızlar qazanacaq”.
Yadınızdadırsa, əks-hücum əməliyyatı ilə başladı mübarizəyə Azərbaycan Ordusu. Nəticədə, elə bütün dünyanın da bildiyi kimi, Azərbaycan Respublikasının təntənəli zəfəri ilə başa çatdı. Nəriman Fərəclininsöylədiyi kimi: “Vətən müharibəsi Ali Baş Komandanımız cənab İlham Əliyevin 20 il ərzində necə qüdrətli ordu yaratdığını göstərdi. Həmin ordu illərlə Qarabağda möhkəmlənən mənfur düşməni cəmi 44 günə qarşısında diz çökdürdü, kapitulyasiya aktına imza atdırdı. Bu həm də qalib sərkərdə qətiyyətinin təcəssümü, illərlə yürüdülən müstəqil siyasətin təntənəsi idi. İstərdim, fürsətdən istifadə edib sizə uşaqlıq xatirələrimdən də danışım. Mən də orta məktəbdə oxuyanda artıq qərar vermişdim ki, mütləq hərbçi olacağam. 2010-cu ildə hərbi xidmətə yollanmışam, 2014-cü ildə daxili qoşunlarda “Kobra” xüsusi təyinatlı dəstəsində xidmət etmişəm. Müxtəlif illərdə Naxçıvanda, Türkiyədə bir çox təlimlərdə iştirak etdim. Daim hazırlıq keçdik, istənilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün çalışdıq. Müharibə zamanı Murovdağ istiqamətində Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində döyüşmüşəm. İkinci qrup Qarabağ müharibəsi qazisiyəm. Nəhayət ki, arzumuza çatdıq. Torpaqlarımızı işğaldan azad etdik. Bu döyüşlərdə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu gördü. Ali Baş Komandanımız hər kəsi vahid amal ətrafında səfərbər etdi və nəticədə, “dəmir yumruq” əməliyyatı ilə düşmənin başı əzildi. Ali Baş Komandanımızın da söylədiyi kimi, bu, bizim haqq savaşımız idi və biz öz torpaqlarımız uğrunda döyüşürdük. Şükürlər olsun ki, bu mübarizədən Azərbaycan Ordusu qalib çıxdı. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bu söhbətləri dinlədikcə bir daha aydın olur ki, Azərbaycan xalqı bütün ümummilli məsələlərdə birlik nümayiş etdirməyi bacarır. Birliyin, bərabərliyin, mübarizliyin daim olsun, əziz Azərbaycan xalqı. Sən hər zaman qalibsən!
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər