NAXÇIVAN :

09 May 2025, Cümə

Milli dövlətçilik və milli dəyərlər

...

Ulu Öndər Heydər Əliyev milli dəyərlərin qorunub saxlanılmasını

əsas vəzifə kimi irəli sürürdü

Milli dəyərlərimizin qorunması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin elan edilməsindən sonra milli dəyərlərimiz, adət-ənənələrimiz keçmişin qalığı kimi qiymətləndirilərək yasaq olunmuşdu. Milli dəyərlərimiz haqqında düşünənlər, milli ruhu və dəyərləri qoruyub saxlamaq istəyən ziyalılar xalq düşməni adı altında məhv edilmişdir. Doğma dilimiz olan Azərbaycan dili 1978-ci ilə kimi dövlət dili statusu almamışdır. Tariximizi təhrif edərək xalqımızı öz soykökündən ayırmağa çalışmışlar.

1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsi ilə bu sahədə böyük tarixi dönüş baş vermişdir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişik­liklər başlanmışdır. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən Ulu Öndər Heydər Əliyev 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur.

Ümummilli Liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, Ulu Öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Ümumiyyətlə, xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur.

Ulu Öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. Xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin təbliği, tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi şəxsiyyətin milli dəyərlərə sədaqətinin göstəricisidir. Milli bayramımız olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi də milli dəyərlərimizin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasındadır.

Müstəqillik illərində də milli dəyərlərimizə münasibətdə görkəmli dövlət xadimi Heydər Əliyevin mövqeyi aydın, tələbi qəti idi: “Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.  

Ümummilli Lider  Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi  tövsiyə edirdi: Bizim hamımızın bir vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

Milli ideologiyamızın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq xətti bir tərəfdən Azərbaycanda vahid milli dövlətçiliyin  formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürürdü. Ulu Öndər üçün ana dili Azərbaycançılıq ideologiyasının başlanğıc məqamı, təməl prinsipi ən böyük milli dəyər idi. Məhz bu baxımdan dahi şəxsiyyət qeyd edirdi  ki, xalqa milli dəyərləri aşılamaq üçün, ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır: “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir”.

Xalqımızın böyük oğlu milli ideologiyamızı həm də bəşəri dəyərlər üzərində formalaşdırmağı vacib amil sayırdı. Çünki bunsuz dünyaya inteqrasiya etmək, dünyada nüfuz qazanmaq olmaz: “Ümumbəşəri dəyərlər, birinci növbədə, bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz dünyəvi dövlət quruculuğu prosesi aparırıq”. Ancaq böyük Öndər onu da dönə-dönə qeyd edirdi ki, ümumbəşəri dəyərlərlə milli dəyərlərimiz vəhdətdə inkişaf etməli, formalaşmalıdır. Bu sintez milli ideologiyamızın bu günü və gələcəyidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və deyirdi ki, bunları qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Ulu Öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.­

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərir. Hər bir məsələdə Ulu Öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi por­tretinin əsas cizgilərini təcəssüm etdirir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu yolda Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır.

Bu gün Ulu Öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır.

Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyən, dünya miqyasında sayılıb-seçilən bir ölkəyə çevrilib. Bu dönüşün arxasında dayanan əsas sima, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan, yalnız regional çərçivədə deyil, qlobal miqyasda nüfuzlu, qalib bir ölkə kimi dünyaya səs salıb. Bu nailiyyətlərin təməlində isə müdrik siyasətin və dəmir iradənin sahibi olan Ulu Öndər Heydər Əliyevin əvəzsiz irsi dayanır. Prezident İlham Əliyevin dediyi kimi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən İlham Əliyev, Ulu öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 08.05.2025 18:00