NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Mənəviyyatımızın cəfakeşi

...

Cəlil Məmmədquluzadə qələmində xalqın qəlb döyüntüsünü, dilində isə haqqın çağırışını daşıyan müdrik bir ruhun təcəssümüdür. Onun doğulduğu gün elə bil, tarix öz səhifələrinə bir nur parçası əlavə etdi. Ona görə də fevralın 10-u yalnız bir insanın doğum günü deyil, haqqın, ədalətin və bəşəriyyətin əbədi oyanış günüdür. Mirzə Cəlil Azərbaycan ədəbiyyatının qəlbində nurlu bir çıraq, cəhalətin zülmətində işıq saçan bir əql övladı idi. O təkcə qələmin deyil, həm də ruhun inqilabçısı, sönməz idealların daşıyıcısı olaraq bəşəriyyətin düşüncə sərhədlərini genişləndirdi.

Mirzə Cəlil zamanın sərt küləklərinə meydan oxuyan bir fırtına kimi gəlmişdi bu dünyaya. Cəhalətin zülmətinə qarşı qaldırdığı bayraq yalnız öz xalqının deyil, bütün insanlığın vicdanı idi. O, qələmini yalnız kağıza deyil, bəşəriyyətin düşüncəsinə sancırdı – sevgi və ümid, cəhalətə, geriliyə qarşı nifrət toxumlarını orada yetişdirmək üçün.

Mirzə Cəlilin qələmindəki mürəkkəb zülm və nadanlığın qanı idi. O hər cümləsində haqqı, ədaləti və azadlığı səsləndirirdi. Onun satirası gülüşün göz yaşları ilə qarışdığı, lakin hər zaman insan ruhunu oyatmağa qadir olan bir möcüzə idi.

Həyatı boyunca cəhalət zənciri ilə döyüşən Cəlil həm də qaranlığın qoynunda parlayan bir ulduz idi. Onun mübarizəsi bir fədainin son nəfəsinədək vuruşmasıydı – əzəmətli, fədakar və əbədi.

Naşirin olduğu “Molla Nəsrəddin”dəki hər bir karikatura, hər bir felyeton, zamanın daş yaddaşına həkk olunmuş ölümsüz bir fəryad idi. Mirzə Cəlil yalnız qələm ustası deyil, həm də xalqının ağrılarını öz ürəyində daşıyan bir əzabkeş idi.

O, qadın azadlığının müdafiəçisi, cahilliyin qatı düşməni, elmin və maarifin sönməz çırağı idi. Onun üçün insan milləti ilə deyil, düşüncəsi və vicdanı ilə dəyərləndirilirdi.

Mirzə Cəlil avamlığın qandallarını qırmaq üçün mübarizə aparırdı.

“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olur gedir, amma söz qalır”.

Cəlil Məmmədquluzadə öz dövründə həm əsərləri, həm də jurnalist fəaliyyəti ilə cəmiyyətin problemlərini üzə çıxarıb, insanların düşüncələrinə təsir edib. “Molla Nəsrəddin jurnalında qələmə aldığı satirik yazılar xalqın maariflənməsi və ədalətsizliklərə qarşı mübarizə aparması yolunda mühüm rol oynayıb. Maddi sərvəti olmasa da, əsərləri onu əbədiləşdirib. Bu yanaşma göstərir ki, insanın dəyəri malik olduğu maddi sərvətlərdə deyil, özündən sonra qalan mənəvi izdədir. Mirzə Cəlil məhz söz vasitəsilə bu gün də insanların düşüncəsinə təsir etməyə davam edir.

Dahi söz ustası sözə güvənirdi, çünki bilirdi ki, söz bəşəriyyəti dəyişməkdə ən güclü vasitədir. “Molla Nəsrəddin” jurnalını yaratmaqla o, xalqın ruhunda da əbədi olaraq bir inqilab başlatdı. Mirzə Cəlil digərlərindən fərqli olaraq ədalətsizlikləri gözləri ilə görən və bunları fəryad etməkdən çəkinməyən bir vicdan oğlu idi. Onun mübarizəsi, əslində, insanın öz daxilindəki cahilliklə savaşı idi. O hər bir insanın azad düşüncəli olmasını arzulayırdı və bilirdi ki, xalq yalnız maariflənməklə öz həqiqətinə çata bilər.

Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i, düşüncələrin sərhədini aşaraq əbədi bahar gətirən bir küləyə çevrildi. Hər bir satirik yazısı xalqın ruhunu silkələyən və onu təzədən həyatın anlamını dərk etməyə çağıran bir fəryad oldu.

“Molla Nəsrəddin”in səhifələrində Cəlilin səsi sanki küləklə daşlaşmış səhraya sərin bir yağış kimi enirdi. O, məzlum xalqın dərdlərini pıçıldayan, zalımın üzünə həqiqəti hayqıran bir haqqa fəryad idi. Onun satirası yalnız tənqid deyil, həm də məhəbbət idi – xalqına olan dərin sevgisinin ifadəsi.

Mən bir dəli aşiqəm, ey pək nəfəsim,

Sənsiz könül aləmim olsun qəfəsim”.

Mirzə Ələkbər Sabirin bu sözləri yalnız şəxsi bir həsrət kimi deyil, həm də xalqına olan məhəbbət və azadlıq arzusu kimi şərh edilə bilər. Burada “könül aləmim olsun qəfəsim” ifadəsi, əslində, Cəlilin yaradıcılığında da qabarıq görünən, cəmiyyətin cahillik və gerilikdən doğan mənəvi əsarətinə işarə edir.

Əgər Sabir bu qəfəsdə ruhunun qurtuluşunu sevgidə və həsrətdə görürdüsə, Cəlil bu qəfəsin açarını xalqın maariflənməsində və oyanışında tapmağa çalışırdı. Sabirin “aşiq”liyi yalnız fərdi deyil, həm də ictimai sevgiyə xalqına qarşı dərin məəbbətə çevrilmişdi. Cəlil də qələmini bu sevgi ilə silahlandırıb, azadlıq və tərəqqi uğrunda mübarizəyə həsr etmişdir.

Onun bütün ömrü boyu qarşısında dayandığı ən böyük divar cəhalət divarı idi. Bu divar nə qədər möhkəm olsa da, onun qələmi bu divarı deşməkdə davam edirdi. Məktəblərin açılmasına, qadınların təhsil almasına, köhnə adət-ənənələrin çürüməsinə dəstək verərək o, zamanının qəliblərini darmadağın etdi.

Ədibin yazdığı hekayələrdə insan taleyi həyatın kədərli simfoniyası kimi səslənir. “Danabaş kəndinin əhvalatları” onun xalqın ruhunu təsvir etmək üçün seçdiyi güzgü idi. Oradakı personajlar sanki cəmiyyətin qanayan yaraları idi.

O inanırdı ki, bəşəriyyət ancaq humanizmlə tərəqqi edə bilər. Zəmanəsinin fanatizmi ilə üzləşsə də, o, həqiqətdən dönmədi, çünki həqiqət onun üçün ilahi bir amal idi.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri bir ailənin qırılan telləri ilə millətin yaralanan ruhunu yan-yana qoyur. Ata evində bir yerə toplanan, amma ürəkləri ayrı düşən üç qardaş – üç fərqli yol, üç fərqli həqiqət axtarışıdır. Rus mədəniyyətinin sərt buzları, Şərqin köhnə qəlibləri və türkçülüyün qaynar çağırışı arasında qalan bu qardaşlar, əslində, bir xalqın tarixi keçidlərdəki parçalanmışlığını göstərir.

Kərbəlayı Səlimin əlində tutduğu “kitab” nə müqəddəs bir mətn, nə də adi bir yazıdır – o, birliyin simvoludur. Amma oğullar kitabı anlamır, kitab isə onların yollarını birləşdirə bilmir. Bu mənzərə bizə nə deyir? Cəlil Məmmədquluzadə sanki pıçıldayır: kitabı oxumamaq onu itirməkdir, amma hərənin öz kitabını yazmaq istəyi daha böyük fəlakətdir.

Bu gün bu əsəri oxuyanda sual yaranır: “Bəs bizim “Anamızın kitabı” hardadır? Bizi birləşdirən dəyərlər, adət-ənənələr, dilimiz, kimliyimiz, mənəviyyatımız – bunlar hələ də evimizdə öz yerindədir, yoxsa hərəmiz başqa bir tərəfə çəkilmişik? Dünənki ata evini bugünkü virtual dünyalar, fərqli ideologiyalar əvəz edir. Əsərdəki ata – Kərbəlayı Səlimin sükutu bu gün də eşidilir: biz öz dəyərlərimizi anlamağa nə vaxt başlayacağıq?”

“Anamın kitabı” yalnız keçmişin səsini deyil, həm də gələcəyin xəbərdarlığını gətirir. Cəlil Məmmədquluzadənin o dönəmdə qələmə aldığı bu əsər də sanki hər dövr üçün yenidən doğulur. Çünki hər dövrdə itirilən bir kitab, hər zaman yolunu tapa bilməyən bir xalq var. Beləliklə, bu əsər sadəcə tarix deyil, həm də əbədiyyətin səsidir.

Bu gün isə Azərbaycan gənclərinin xaricdə təhsil alaraq qlobal dünyaya inteqrasiya etməsi, amma öz milli köklərini qoruyub saxlamağa çalışması Cəlilin fikirlərinin uzaqgörənliyini göstərir.

Əsərdə müəllif öz oxucularına deyir ki, xalqın inkişafı maariflənmədən keçir. Bu gün də dövlətimiz xaricdə təhsil proqramları ilə gənclərimizin elmə yiyələnməsi üçün şərait yaradır. Bununla bərabər, milli-mənəvi dəyərlərimizin qorunmasının da başlıca vəzifələrdən biri sayır. O dövrdə Mirzə Cəlilin təsvir etdiyi ziddiyyətlər, bəzən bizim də qarşımıza çıxır: gənclərimiz qlobal dünyadan öyrənərkən öz milli kimliyini necə qorumalıdır?

Bugünkü irəliləyişlər, xüsusilə xaricdə təhsilalma imkanları Cəlil Məmmədquluzadənin maarifçilik ideyalarının müasir dövrdə öz yerini tapdığını göstərir. Lakin burada bir vacib məqam da var: təkcə xaricdə təhsil almaq inkişafın göstəricisi deyil. Əsas məsələ, ədibin dediyi kimi, alınan biliklərin milli dəyərlərimizin qorunmasına xidmət etməsidir. Əgər o biliklər bizi öz köklərimizdən uzaqlaşdırarsa, belə bilik kimə lazımdır? Əsərdəki qardaşların hər biri özünəməxsus biliyə sahib olsa da, onlar bir ocaqda birləşə bilmirlər, çünki dəyərlərdən uzaq düşüblər.

Əsərdə ata evinin qapısı həm keçmişlə gələcək, həm də milli birliyin açarı kimi görünür. Ata ocağına aparan bu qapı açıqdır, lakin o qapıdan girənlər birlikdə ola bilmir. Bugünkü dövrümüzdə xaricdə təhsil almaq həmin qapıdan keçmək, yeni imkanlar dünyasına addım atmaq kimidir. Lakin əsərdəki kimi, yalnızca qapını keçmək kifayət etmir – o qapının arxasında birləşmək, dəyərləri yaşatmaq lazımdır. Müasir dünyada bu qapını həm maariflənmə, həm də milli dəyərlərimizi qoruyaraq tərəqqi yolu kimi təsəvvür edə bilərik. Dövlətimizin xaricdə təhsilə verdiyi dəstək də sanki həmin qapının yenidən möhkəmlənməsinə xidmət edir. Amma əsərdəki sual bu gün də aktualdır: qapıdan keçəndən sonra bir evin içini unutmayacağıq ki?

Bu gün Azərbaycan dövlətinin gənclər üçün yaratdığı şərait Mirzə Cəlilin maarifçilik idealının real həyatda tətbiqidir. Dövlətimiz xaricdə təhsil alan gənclər vasitəsilə həm beynəlxalq biliklərə yiyələnməyi, həm də milli dəyərlərin bu biliklər vasitəsilə daha geniş dünyaya tanıdılmasını təmin etməyə çalışır. Gənclərimiz xaricdən qayıdıb ata ocağını (mədəniyyətini, mənəviyyatını və milli dəyərlərini) unutmamalıdırlar. Onun sükutu və sualları bu gün də aktualdır: xaricdə qazandıqlarımızı öz millətimizin tərəqqisinə çevirməyə hazırıqmı?

Beləliklə, “Anamın kitabı” əsərindəki uzaqgörənlik, bu gün xaricdə təhsilin əhəmiyyəti və milli kimliyin qorunması kimi məsələlərlə birbaşa əlaqəlidir. Dünənki ata ocağı ilə bugünkü qlobal imkanlar arasında balans yaratmaq – Cəlilin ideyalarının əsl həyata keçididir.

Ədibin həyatı yalnız özünün deyil, bütöv bir xalqın tarixini dəyişdirərək bu gün də yanan məşəl kimi bizi maarifə, irfana, insanlığa çağırır.

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən” ifadəsi insanın özündən sonra qoyduğu mənəvi mirasın əhəmiyyətini ortaya gətirir. Cəlil Məmmədquluzadənin ideyaları, maarifçi fəaliyyəti ölümsüzdür, çünki insanlar günümüzdə də onun fikirlərindən faydalanır. Bu ifadə həm də insanın özünü tanımağa, əməllərinin cəmiyyət üçün dəyərli olmasına və mənəviyyatla bağlı iz buraxmağa sövq edir.  Mirzə Cəlilin əsərləri buna ən gözəl nümunədir.

Bu gün Cəlil Məmmədquluzadə təkcə ədəbiyyatımızda deyil, bütün Azərbaycan xalqının ruhunda əbədi yaşayır. Bu nurlu şəxsiyyətin doğum günü onun maarif işığında yol göstərən ruhunun əzəmətini anlamaq üçün bir fürsətdir. Onun hər bir cəfası sanki zamana yazılmış üsyankarlıq himnidir. Bu səbəbdən də Mirzə Cəlilin ruhu bu gün də tariximizin və ədəbiyyatımızın qəlbində çırpınır. Onun adı, həyatın özü qədər əbədi, düşüncələr qədər azad, həqiqət qədər müqəddəsdir.

Fərasət BABAZADƏ

NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi, tədqiqatçı

Nəşr edilib : 10.02.2025 12:06