İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərovun “Mədinənin bəlalı məhəbbəti” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova Hüseyn Əsgərovun həyat və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Hüseyn müəllim ömrünün mühüm bir hissəsini jurnalistikaya həsr edib. O həm jurnalist kimi, həm də ədəbi sahədəki fəaliyyəti ilə tanınır. Onun bir sıra tərcümələri, həmçinin 8 kitabı işıq üzü görüb. Təqdim edilən bu kitab isə müəllifin hələlik sonuncu nəşridir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigar bildirib ki, Hüseyn Əsgərovun bədii yaradıcılığı oxucular tərəfindən daim rəğbətlə qarşılanıb. O qeyd edib ki, müəllifin bu illər ərzində çap olunan kitabları həm ədəbi ictimaiyyət, həm də oxucu kütləsi üçün dəyərli mənbədir. Xüsusilə satirik mövzulara müraciəti, cəmiyyətin sosial problemlərinə incə yumor və bədii ustalıqla yanaşması onun şəxsi yaradıcılığının çoxşaxəli olduğunu bir daha sübut edir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov bildirib ki, Hüseyn Əsgərovun yaradıcılığı həmişə ictimai fikrə, milli dəyərlərə və insan taleyinə həssas yanaşması ilə seçilir. Onun “Mədinənin bəlalı məhəbbəti” kitabı klassik ənənələrdən qaynaqlanan, lakin müasir düşüncə ilə zənginləşən bir əsərdir. Yazıçının bütün əsərləri sadə dilli və dərin düşündürücüdür. Xüsusilə müəllifin publisistik əsərləri oxucuya fərqli bir ovqat bəxş edir. Azərbaycan jurnalistikasında bu cür orijinal yanaşmaya nadir rast gəlinir və Hüseyn Əsgərovun yaradıcılıq cəsarətini bir daha göstərir.
"Mədinənin bəlalı məhəbbəti" kitabı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov qeyd edib ki, müəlifin publisistikası milli ədəbiyyatımızın inkişafında özünəməxsus yer tutur. Yazıçının görünməyən, lakin duyulan, oxucunu düşündürən və təsirləndirən cəhətləri “Mədinənin bəlalı məhəbbəti” kitabının süjet xəttində də öz aydın əksini tapır.
Muxtar Məmmədov deyib ki, Hüseyn Əsgərovun yaradıcılığında Mirzə Cəlilin ədəbi nəfəsi duyulur. Onun istənilən əsərini oxuduqda bu üslub aydın seçilir. Sonda o, ürəkdən təbriklərini çatdıraraq arzu edib ki, müəllifin belə dəyərli əsərləri davamlı olsun.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov qeyd edib ki, Hüseyn Əsgərov ədəbiyyat adamları arasında satiraya və yumora müraciət edən, cəmiyyətin problemini cəsarətlə qələmə alan özünəməxsus üslubla yanaşaraq dövrün problemlərini ortaya qoyur. Bu gün təqdimatı keçirilən kitabın tərbiyəvi əhəmiyyəti böyükdür. Burada cəmiyyəti narahat edən mövzulara toxunulur, oxucunu düşünməyə vadar edən məqamlar ön plana çəkilir. Bu əsərləri oxuyan hər kəs həm mənəvi zənginlik qazanır, həm də həyat barədə yeni nəticələr çıxarır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Turqay Orucov çıxışında müəlifin yaradıcılığında Naxçıvan mövzusu haqqında danışıb.
Sonda kitab haqqında müəllifin qələm yoldaşları öz təəssüratlarını bölüşüblər. Daha sonra müəllif apardığı araşdırmalar və tədqiqatlardan söz açaraq tədbirin təşkilinə görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonda müəllif kitabını tədbir iştirakçılarına hədiyyə edib.
Digər xəbərlər